Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq hər il keçirdiyi "Putinlə birbaşa bağlantı" formatı hansısa problemdən xəbər tutmaq və o problemləri yerindəcə həll etmək məqsədi güdürdü. Lakin son illər bu formatın da məqsədi dəyişib və əsasən Putinin dünyaya, Rusiya cəmiyyətinə mesaj ünvanlanması üçün meydançaya çevrilib.
Bu mənada, bir neçə gün əvvəl keçirilən növbəti "Putinlə birbaşa bağlantı" da istisna təşkil etməyib. Putin bəyan edib ki, əgər Böyük Britaniyanın "Defender" döyüş gəmisini Qara dənizdə batırsaydılar, bu, Üçüncü Dünya müharibəsinə səbəb olmazdı, "çünki onlar bu müharibədən qalib çıxmayacaqlarını bilirlər".
Prezident Vladimir Putinin bu bəyanatından sonra rusiyalı hərbçilər də Qara dənizdə baş verənlərlə bağlı açıqlama verməyə başlayıblar. Kontr-admiral Vladimir Zaxarov hesab edir ki, NATO-nun Qara dənizdə təcavüzünün qarşısını almaq üçün Rusiyanın kifayət qədər gücü var. Doğrudur, bir çox ekspertlər Vladimir Zaxarovun bu mövqeyini bölüşmür və hesab edirlər ki, Rusiya Qara dənizdə ən böyük güc deyil. Rusiyanın hərbi qüdrəti haqqında daha yaxşı rəyə malik olanlar isə bildirirlər ki, Rusiyanın Qara dənizdəki sərhədlərini pozanların "ağzını əzmək" lazım gələcək. Rusiyanın Qara dənizdəki sərhədləri dedikdə isə onlar ilhaq edilmiş Krım ətrafındakı ərazi sularını da nəzərdə tuturlar. Halbuki bu ərazilər beynəlxalq hüquqa görə Ukraynaya məxsusdur. Beynəlxalq ictimaiyyət də həmin əraziləri Ukraynanın qanuni ərazisi hesab edir. Lakin Krımı ilhaq etmiş Rusiya indi həmin əraziləri özünün ərazisi sayır və bu əraziyə daxil olan gəmiləri batırmaqla hədələyir.
Rusiyanın təhdidlərinə baxmayaraq, NATO-nun rəhbərliyi geri çəkilmək niyyətində deyil. Şimali Atlantika Alyansının Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bəyan edib ki, NATO Qara dənizin Rusiyaya məxsus olmadığı qənaətindədir və tərəfdaşlarını dəstəkləmək üçün bölgədə qalmaqda davam edəcək. Gürcüstan televiziyasına müsahibəsində Ceyms Appaturay deyib ki, rusların xoşuna gəlməsə də, NATO öz qüvvələrini bölgədə saxlayacaq. Şimali Atlantika Alyansının təmsilçisi bir daha Krımın Ukraynaya məxsus olduğunu bildirib və Rusiyanın iddialarını əsassız adlandırıb.
Böyük Britaniyanın "Defender" döyüş gəmisi ətrafında baş verən hadisədən sonra da NATO-ya məxsus döyüş gəmilərini bölgəni tərk etməməsi və "Sea Breeze 2021" hərbi təlimlərini davam etdirməsi Qara dənizdə gərginliyi daha da artırıb. Rusiyaya məxsus döyüş təyyarələri Niderlanda məxsus “Evertsen” döyüş gəmisinə hücum edərək onu istiqamətini dəyişməyə vadar edib. NATO-da hesab edirlər ki, Rusiya bununla gəmilərin Qara dənizdə azad hərəkətini məhdudlaşdırır və belə əməllər cavabsız qalmamalıdır.
Şimali Atlantika Alyansının Rusiyaya cavabının nədən ibarət olacağı hələlik məlum deyil. Çox böyük ehtimalla, Rusiyaya qarşı yeni qadağalar tətbiq ediləcək. Bu qadağaların əsasən Rusiyanın hərbi-sənaye kompleksinə qarşı yönələcəyini də ehtimal etmək olar.
Bu günə kimi tətbiq olunan qadağalar nəticəsində Rusiya hərbi-sənaye kompleksi ciddi itkilərə məruz qalır. Son illər dünya silah bazarında Rusiyanın payı azalmaqda davam edir. Çünki Qərb Rusiyadan silah alan ölkələri sanksiya tətbiq edəcəyilə hədələyir. Məhz bunun nəticəsində bir neçə ölkə Rusiya ilə silah ticarətinə dair müqaviləsini dondurmağa məcbur olub. Ehtimal olunur ki, Rusiyanın hərbi-sənaye kompleksinə qarşı yeni sanksiya daha geniş olacaq. Bu isə, heç şübəhsiz, Rusiya üçün ağır nəticələr doğuracaq. Ancaq bütün bunlara baxmayaraq, Rusiyanın Qara dənizdə güzəştə getməyəcəyini söyləmək olar. Ən azından, Vladimir Putin hakimiyyətdə olduğu müddətdə Rusiyanın Qara dənizlə bağlı mövqeyində dəyişiklik olmayacaq. Bu isə Qara dənizdə müharibə və yaxud hərbi toqquşma ehtimalın azalmasına imkan verməyəcək.