
"Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın gücünü etiraf etmək məcburiyyəti hiss edir".
Bunu Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova "525"ə deyib. Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və regionda daimi sülh və əmin-amanlığa nail olub:
"Azərbaycan 44 günlük Böyük Vətən müharibəsi ərəfəsində həm diplomatik gücünü, həm hərbi sahədə öz sözünü deməyə müvəffəq oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 sentyabr - Anım Günü ilə əlaqədar xalqa etdiyi müraciət isə olduqca önəmli mesajlarla zəngindir. Dünya ictimaiyyəti bir il bundan əvvəl 27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutduğunu, nəticədə günahsız mülki şəxslər və hərbçilərimizin həlak olduğunu bilməlidir. Həmin anda isə nə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bir reaksiya oldu, nə də digər beynəlxalq təşkilatlar obyektiv və tərəfsiz münasibət sərgiləyə bildi. Buna görə də, Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başlamasına dair tarixi qərar qəbul olundu. Nəticə etibarilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu və xalqı tam Qələbə qazandı. Ona görə də, bu gün bütün dünya Azərbaycanı müzəffər xalqa sahib bir ölkə kimi tanıyır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri düşməni torpaqlarımızdan qovdu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi adını tarixə yazdı. Cənab Prezident eyni zamanda, ATƏT-in Minks Qrupunun ata bilmədiyi və status-kvoya xidmət edən məsələni də həll etməyə müvəffəq oldu. Dağlıq Qarabağın status məsələsi də, öz həllini tapdı. Cənab Prezidentin 27 sentyabr şəhidlərin xatirəsini anma günü sıravi əsgərimizlə yürüşə qatılması birmənalı olaraq qarşılanmamalıdır. Belə ki, bu gün əminliklə deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmadı".
PƏRVANƏ



