"Sovet dönəmində elmi dərəcə və elmi adların verilməsi sistemi mərkəzləşmişdi. Yəni elmi dərəcə və elmi adlar bütün dünyada olduğu kimi, universitetlər tərəfindən deyil, inzibati dövlət qurumu olan Ali Attestasiya Komissiyası tərəfindən verilirdi. Məqsəd yenə də "ideoloji yetkinliyi" təmin etmək idi və bunun üçün də "ali attestasiya" ciddi bir alət idi".
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, bu gün "sovet ideologiya tələbi" olmasa da, ali təhsil sistemi beynəlxalq tələblərə uyğunlaşdırılsa da elmi dərəcə və elmi adların verilməsində sovet sistemi olan "ali attestasiya" tətbiq edilməkdədir.
Ədalət Muradovun sözlərinə görə, sovet dönəminin fərqli xüsusiyyətlərindən biri də ali təhsil sisteminin elmdən "ayrılması" idi. Elm əsasən Elmlər Akademiyasında və tabe olduqları nazirliklərin sahəvi institutlarında inkişaf edirdi. Universitet elminə ümid bəslənilmir, inam göstərilmir və elmi fəaliyyətə ayrıca olaraq maliyyə vəsaiti ayrılmırdı. Bu gün də bu yanaşma tətbiq edilməkdə davam edir: "Elmi dərəcələr sovet dönəmində iki pilləli idi: elmlər namizədi və elmlər doktoru. Müstəqillik illərində "elmlər namizədi" "fəlsəfə doktoru" ilə əvəz edildi. Amma elmi dərəcələr eynilə sovet dönəmində olduğu kimi, ikipilləli olaraq qalmaqdadır".
SEVİNC