Şanlı Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinə yollanan qəhrəmanlardan biri də 21 yaşlı Ruhid İslamlı idi.
Ruhid Uğur oğlu İslamlı 1999-cu il aprelin 1-də Lerik rayonunun Çeşman kəndində anadan olub. O, Vətənini, xalqını, dövlətini sevən əsl vətənpərvər insanların əhatəsində böyüyüb. Ruhid hələ kiçik yaşlarından müxtəlif idman növlərinə maraq göstərib. Məşğul olduğu idman növləri üzrə beynəlxalq, regional tədbir və yarışlarda iştirak edərək yüksək nəticələr sərgiləyib. Həmçinin, məktəbdə oxuduğu vaxtlarda intellektual oyunlar, olimpiada və hərbi yarışlarda fəal iştirak edib. O zəkası, səlis nitqi, sosial aktivliyi və ən əsası, Vətənə sevgisi ilə daim yaşıdlarına örnək olub.
Ruhid 2016-cı ildə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbi bitirib. Naxçıvan Muxtar Respublikası Müəllimlər İnstitutunun Təhsildə sosial psixoloji xidmət ixtisasına daxil olub. Niyyəti Vətəninə, xalqına fayda vermək olan Ruhid Tələbə biletini alan gündən özünü daha da püxtələşdirməyə can atıb. Sağlam əqidəsi, yüksək mədəniyyəti, dərin zəkası sayəsində institutda onu tanıyan hər kəsin gözündə ucalıb, ehtiram sahibi olub. Məhz elə buna görə də Ruhid Gənclər Birliyinə sədr seçilib, Azərbaycan Maarifçilər Birliyinin üzvü olub. O, 2020-ci ildə ali təhsilini uğurla başa vurub.
2020-ci ildə Ruhid İslamlı həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr Vətən müharibəsi başlananda o, minlərlə qəhrəman oğul kimi sinəsini Vətənə tuşlanan güllələrə sipər edib. Qanlı müharibədə Talışkənd, Suqovuşan istiqamətində, Murov zirvəsində işğalçılara qarşı döyüşüb. Ruhid torpaq uğrunda son nəfəsə qədər vuruşmağa and içib. Oktyabrın 6-da - müharibənin qızğın vaxtında Goranboyun Gülüstan kəndi yaxınlığında strateji əhəmiyyətə malik yüksəklikdə - Çənlibel postunda qəhrəmancasına şəhid olub.
Ruhid və onun kimi qəhrəman oğulların adı Vətənin qürur tarixinə əbədi həkk oldu. Bu qısa ömründə qəhrəmanlıq payı böyük olan Ruhid İslamlı ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görüldü. Doğma Çeşman kəndində isə onun adına bulaq inşa edildi. Kənd sakinləri buranı özlərinə ən müqəddəs and yeri bilirlər.
Zəfər ORUCOĞLU