
Biləsuvara gəlişimiz may günlərindən birinə təsadüf etdi. Hava bərk bürkü idi. Doğrusu rayonun mərkəzində gördüyümüz böyük dəyişikliklər diqqətimizi elə cəlb etmişdi ki, bürkü barədə qəti düşünmürdük. Vaxtilə ilan mələyən çöllərdə indi nəhəng tikinti meydançasına çevrilən, müasirləşən, yeniləşən, tərəqqi və yüksəliş yollarında inamla irəliləyən Biləsuvarı görürdük.
Son illərdə burada həqiqətən genişmiqyaslı tikinti-quraşdırma işləri aparılıb. Yeni tikilən obyektlər, geniş və yenidən qurulmuş küçələr, müasir üslubda tikilən yaşayış evləri göstərir ki, biləsuvarlılar yeni günlər yaşayırlar. Artıq keçmiş Biləsuvardan əsər-əlamət qalmayıb. Biləsuvar R.İ.H-nin başçısı Mahir Quliyevin rəhbərliyi altında mədəni-quruculuq işləri uğurla davam etdirilir. Yeni layihələr həyata keçirilir, iş yerləri açılır.
Ötən müddətdə əldə olunmuş uğurlar sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət xətti, çoxşaxəli sosial-iqtisadi inkişaf strategiyası yeni tarixi şəraitə uyğun olaraq inamla, qətiyyətlə davam etdirilib, müstəqil Azərbaycan bütün həyati əhəmiyyətli sahələrdə dinamik tərəqqiyə nail olub.
Respublikamızın bölgələrində olduğu kimi, Biləsuvarda da son illər, eləcə də 2014-cü ilin birinci rübündə əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir.2014-cü ilin birinci rübündə yerli gəlirlər 3.5 milyon manata qarşı 4.2 milyon manat və ya 119.5 faiz yerinə yetirilib. Yerli xərclər 3.5 milyon manata qarşı 3.7 milyon manat və ya 106 faiz icra edilib.
Biləsuvarda sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən birinci rübdə 16 sahibkarlıq subyektinə 207 min manat kredit verilib. Görülmüş işlər nəticəsində 328 yeni iş yerləri açılıb.
2014-cü ilin birinci rübündə rayonda tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülüb, bir sıra mühüm obyektlərin qısa müddətdə və yüksək keyfiyyətlə inşa edilməsi şəhərin simasını əsaslı şəkildə dəyişərək ona xüsusi gözəllik verib.
Hesabat dövründə 1176 şagirdlik Ağalıkənd kənd tam orta məktəbi əsaslı təmiri və 220 şagirdlik Amankənd tam orta məktəbinin yeni binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Hazırda uzunluğu 16,0 km olan Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad və uzunluğu 6,0 km olan Əsgərabad-Muğan avtomobil yollarının, 450 şagird yerlik Aşağı Cürəli kənd tam orta, 640 şagird yerlik Xırmandalı kənd tam orta məktəbləri üçün yeni binaların, şəhərin "Təyyarə meydanı" adlanan yeni yaşayış massivində uşaq bağçasının tikintisi, rayon Toxumçuluq idarəsinin inzibati binasının, şəhərin Heydər Əliyev küçəsinin xəstəxana istiqamətində olan hissəsinin, Səmədabad kəndində Heydər Əliyev parkının tikinti işləri, Mərkəzi rayon Xəstəxanasının əsaslı təmiri davam etdirilir.
Əhalinin təbii qazla təmin edilməsi istiqamətində də son illər nəzərəçarpacaq işlər görülüb. Təkcə 2013-cü il ərzində rayonun 4 kəndi təbii qazla təmin olunmaqla ümumilikdə rayon üzrə 1 şəhər və 18 kənd qazlaşdırılıb. Hazırda şəhərin yeni salınmış yaşayış məntəqələrində küçə qaz xətlərinin çəkilişi işləri aparılır. 2014-cü ildə rayonda qazlaşma işi tam başa çatdırılacaq. Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılıb. Hazırda abonentlərə suyun verilməsi işləri görülür. Kanalizasiya sisteminin tikintisi işləri isə davam etdirilir.
Mərkəzi ATS-də yeni Elektron ATS-in quraşdırılması işi tam başa çatdırılıb, eyni zamanda bütün kəndlərdə ATS-lər elektronlaşdırılıb.
Son illər rayonda kənd təsərrüfatının inkişafında yeni texnologiyanın yaradılmasına üstünlük verilir. Bu sahədə Xırmandalı ərazisində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istixananın və Bəydili kəndi ərazisində soyuducu anbarlarının tikintilərini göstərmək olar.
Bakı əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalara 2014-cü ilin birinci rübündə 250 tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulları göndərilib.
Ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil ocaqlarının müasir tələblər səviyyəsində qurulmasına göstərdiyi yüksək qayğı və diqqətin nəticəsidir ki, son illər rayonda 9 yeni məktəb binası tikilib, 5 məktəb yüksək səviyyədə əsaslı təmir olunub.
Ötən dərs ilində rayon ümumtəhsil məktəblərini 928 şagird bitirib, onlardan 178 nəfəri ali məktəblərə, 89 nəfəri isə respublikamızın orta ixtisas məktəblərinə qəbul olunublar. Məzunlardan 6 nəfəri 600-dən, 32 nəfəri isə 500-dən çox bal toplayıb.
Dövlət siyasətinin əsas istiqamətlərindən olan əhalinin sağlamlığının təmin olunması, onlara yüksək tibbi xidmət göstərilməsi istiqamətində görülən işlər Biləsuvar rayonundan da yan ötməyib.
"Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Prezidentimizin sərəncamı ilə Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması və əsaslı təmiri işlərinə başlanılıb. Hazırda işlər sürətlə davam etdirilir və 2014-cü ildə xəstəxana istifadəyə veriləcək.
Son illərdə rayonun 6 kəndində müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olub.
Rayonda əhalinin asudə vaxtlarının səmərəli təşkilində mədəni-maarif müəssisələrinin üzərinə də mühüm vəzifələr düşür. Mədəniyyət evləri, klub və kitabxanalar əhaliyə xidmət mədəniyyətini yüksəltməyə çalışırlar.
Gənclərə qayğı ölkə Prezidenti cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlərindəndir. Rayonda əhalinin təxminən üçdə bir hissəsini təşkil edən gənc nəsil hərtərəfli qayğı ilə əhatə olunub.
Gənclərin ideya-siyasi, hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi sahəsində müntəzəm olaraq keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr verir. Onlar ölkə Prezidenti ətrafında daim sıx birlik nümayiş etdirirlər. 2014-cü ilin birinci rübündə də biləsuvarlı gənclər bir sıra respublika və rayon əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bir daha təsdiq etdilər ki, bu gün savadlı, intellektual səviyyəli, vətənpərvər gənclər yetişir.
Hesabat dövründə Biləsuvarın gənc idmançıları müxtəlif respublika və zona turnirlərində uğurlu çıxışlar ediblər. Müasir Olimpiya İdman Kompleksindən, 3000 yerlik stadiondan, 150 sadə idman qurğusundan səmərəli istifadə edən idmançılar öz nailiyyətlərini ilbəil möhkəmləndirirlər. Hazırda rayonda 5500 nəfərdən çox gənc idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olur.
Artıq Biləsuvarda yeni qəbul edilmiş "Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılıb. Təbii ki, rayonda bəzi yarımçıq qalan işlər davam etdiriləcək, yeni sosial infrastruktur və iqtisadi məsələlər öz həllini tapacaq. Bu isə o deməkdir ki, yeni tikililər, mədəni quruculuq və abadlıq işləri hesabına rayonun siması daha da dəyişəcək və Biləsuvar cənub regionun yaşıl və gözəl şəhərlərindən birinə çevriləcək.



