İstəsə, seli də susdurar, əlbət,
Qoluna güc gələr, dizinə taqət.
Yeri də, göyü də yandırar, fəqət,
Bu millət özünü yandıra bilməz!
Zəfər meydanda daim at sürən,
Yolundan düşməni silib-süpürən,
Torpağı od saçan, alov püskürən
Bu millət özünü yandıra bilməz!
Ağlayan gözlərin yaşı dillənər,
Əzabdan qəlblərin başı dillənər.
Şəhid məzarların daşı dillənər,
Bu millət özünü yandıra biməz!
Varlığı həsrətdən oda qalanan,
Taleyi kədərə, dərdə calanan,
Obası dağılan, yurdu talanan
Bu millət özünü yandıra bilməz!
Zaman qısaldıqca söhbət uzanır,
Ayrılıq üzündən möhnət uzanır...
Siyasət uzanır, möhlət uzanır,
Bu millət özünü yandıra bilməz.
Qarşını kəsibdir qalın duman, çən,
Buludlar çəkilmir, getmir göylərdən.
Hər an xilasını gözləyir Vətən,
Bu millət özünü yandıra bilməz!
Zəmanə nə qədər günaha batar,
Fəryadlar yüksəlib fələyə çatar.
Bəlalar böyüyər, xəyanət artar,
Bu millət özünü yandıra bilməz!
Özgədir yadların fikri, niyyəti,
Gərək ki, hər addım atılsın qəti...
Sayılar əbədi məğlubiyyəti,
Bu millət özünü yandıra bilməz!
Zaman mənə bəs etmir
Yaşamaq eşqim artır,
Günlər mənə bəs etmir.
Ötən illərim tamam
Həyatımı əks etmir...
Düşünürəm, bəlkə də,
Sonadək, axıradək
Yaşanmayır anlarım,
Vaxtım yarımçıq qalır.
Zamanın qapıları,
Sanki gecə, gündüz də
Bağlanmır, açıq qalır...
Hər dəqiqəm, saniyəm
Duymasam, hədər gedər.
Fikrimtək, xəyalımtək
Olub dərbədər gedər.
Saatın işlədikcə
Dabanından tər gedər...
Səhərə yetmək üçün ,
Zamanın sərhəddini
Aydın dərk etmək üçün
Sübhəcən balışımtək
Çevirirəm gecəni...
Neçə dəfə rütbəyə
Çatdıraraq əlbəəl,
Neçə dəfə taxtından
Devirirəm gecəni.
Nə qədər cəhd edirəm,
Anlar ana qovuşmur.
Çatmır dalğa dalğaya,
Yol ünvana qovuşmur.
Yaşamaq istəyim çox,
Kifayət etmir fəqət
Mənə ay da, fəsil də.
Ömrümün vaxt ölçüsü
Hər an qalır kəsirdə...
Xocalıya
Göy yarılır, ölüm tutur
Buludların yaxasından.
Dağ ayrılır, çıxır, sanki,
Sıldırımlar arxasından...
Üstünü yer örtə bilmir,
Məzarlara sığmır ölüm.
Artır daim iştahası,
Can istəyir, qan istəyir,
Gözlərini fəqət yenə
Heç yollardan yığmır ölüm.
Gah çapalar daşlar üstə,
Azıb qalar meşələrdə,
Gah çay ilə axar ölüm.
Qayaların köksünədək
Qalxar ölüm...
Hər bucaqda susub yaşar,
Kabus kimi hey dolaşar-
Dərə ölüm, təpə ölüm...
Sərilibdir qar içinə
Bu ağsaçlı, uzunhörük,
Ayaqyalın körpə ölüm...
Bu dünyanı küfr aparır
Ruzigar qovar saatı,
Yetişər qübar saatı.
Vaxt biçir divar saatı.
Hirsini kəfkir aparır...
Sanki zaman fikirləşir.
Bütün cahan fikirləşir.
Hamı yaman fikirləşir,
Hamını fikir aparır.
Qəsb eləyib yurd bağımı,
Yadlar pozub növrağımı.
Araz bölüb torpağımı,
Bir yandan da Kür aparır...
Qəlb yanır min ah içində,
Baş itir tamah içində.
Fırlanır günah içində
Bu dünyanı küfr aparır...
Kitabla başlanır
Sanki hamıdan tez xəbərin olur
Hər təzə kitabın çapından sənin .
Hər yeni əsərlər, yeni nəşrlər
İlk dəfə keçirlər qapından sənin.
Daim gəzdirirsən ürəyin üstə,
Kitabla öyünüb, fərəhlənirsən .
Hissin, fikirlərin səhifələnir,
Sən də kitab kimi vərəqlənirsən.
Ömrünün bəzəyi, naxışlarıdır,
Kitabla yaşanır hər anın sənin.
Adın kitab ilə birgə çəkilir,
Başlanır kitabla ünvanın sənin.
İrəli
Düşsə də arxamca, gedir
Bu yollar məndən irəli.
Xəyala dönüb dolanır,
Dumandan, çəndən irəli...
Xoş günlər hara çəkilib,
Qarşıdan ara çəkilib.
Yellənir, dara çəkilib
Ruhum bədəndən irəli.
Əzablar dərddən tox imiş
Bəlalar həddən çox imiş.
Elə bil, sevinc yox imiş,
Dünyada qəmdən irəli...
Ayrılıq fəryad qoparır,
Canımı alıb aparır.
Dərdlərim bir-bir qabarır
Çıxır sinəmdən irəli...
Sən məni uduzdun
Sinənə çox döyüb girdin meydana,
Ancaq yarışmada asan keçildin.
Bu dəfə yenə də çıxdın qarşıma ,
Nə məni seçdilər,nə sən seçildin.
Qoymadın özgədən gedim irəli,
Sandın ki, rəqibin geri çəkildi.
Sənin səhv gedişin, səhv addımınla
Kiminsə vəzifə yeri çəkildi...
Salındın oyundan-oyuna daim,
Gözlərin seçmədi dumanı, çəni.
Heç kim uduzmadı bizdən savayı,
Sən məni uduzdun, mən də ki, səni...
Söz havası
Küləklər çırpınıb dayanır hazır,
Buludlar karvanı ünvanı azır...
Şimşəklər şeirini göylərə yazır,
İlahi, nə gözəl söz havasıdır.
Çəmən ilmələyir gül naxışları,
Dinir qönçələrin sirr baxışları.
Nəğmə damcılayır yaz yağışları
İlahi, nə gözəl söz havasıdır.
İşıqlar üfüqdə qızıl zeh çəkir,
Üstündən sığalı xəfif meh çəkir.
Səhərin rəsmini yerə şeh çəkir,
İlahi, nə gözəl söz havasıdır...
Çeşmənin suları ballanan vaxtdır
Daim ömrümüzdə edir əks-səda,
Düşür hər qayası, hər daşı yada.
Gözəllik ardınca payi-piyada
Ruhumuz dağlara yollanan vaxtdır.
Ürəklər kövrəlir yaz havasından,
Gözəllər düşməyir naz havasından...
Sözün nəşəsindən, saz havasından
Təbiət məst olub, hallanan vaxtdır.
İldırım çaxdıqca yarılır bağır,
Qalxır dərələrdən çən ağır-ağır.
İndi o yerlərə gur yağış yağır,
Zirvələr buludla şallanan vaxdır.
Çadırlar yan-yana düzülsün gərək,
Ayaqlar gəzməkdən üzülsün gərək...
Qönçə dodaqlara süzülsün gərək,
Çeşmənin suları ballanan vaxtdır.
Səmalar çəkilir neçə rəng ilə,
Çıxır küləklərin səsi təng ilə...
Meşələr bəzənib min ahəng ilə,
Çəmənlər sevgiylə allanan vaxtdır.
Bəlkə də...
Daim düşünürəm, kiməm, nəçiyəm,
Nə vaxtdan başlanır həyatım mənim?
Haçandır düşmüşəm ümid ardınca,
Haçandan yoldadır bəxt atım mənim?
Kimindir görəsən bu boy, bu görkəm,
Surətim özümə tanış görünmür.
Elə bil, heç zaman yaşamamışam,
Bu dünya gözümə tanış görünmür.
Bəlkə zühr etmişəm min illər əvvəl,
Bəlkə də, heç hələ doğulmamışam?
Bəlkə də Adəməm - günahsız, təmiz,
Cənnətdən hələ də qovulmamışam.
Yəhya PAŞAZADƏ