Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün dünyada yeni siyasi vəziyyət yaratdığı kimi, postsovet məkanında da siyasi prosesləri qızışdırıb. Bu prosesin bəzi postsovet respublikalarında siyasi böhrana səbəb olacağı ehtimal edilir. Ermənistanda isə artıq cəmiyyətin iki hissəyə bölündüyünü söyləmək mümkündür. Martın 19-da İrəvanda keçirilən Rusiyaya dəstək aksiyasına, müxalifətin iddiasına görə, 20 min erməni qoşulub. Rəsmi qurumlar aksiya iştirakçılarının sayının 11-12 min civarında olduğunu iddia etsə də, hətta bu statistika erməni cəmiyyətindəki parçalanmanı aydın göstərmək üçün yetərlidir. Ermənistan istisna olmaqla heç bir postsovet respublikasında Rusiyanın Ukraynadakı əməliyyatlarına belə böyük dəstək aksiyası müşahidə olunmayıb. Ermənistanda isə, rəsmi qurumların məlumatına görə, 11-12 min, aksiyanın təşkilatçılarının iddiasına görə isə 20 min nəfər Rusiyaya dəstək aksiyasında iştirak edib. Erməni təhlilçilər cəmiyyətdə yaranmış vəziyyətin narahatlıq doğurduğunu qeyd edirlər. Ermənistan bəlkə də, yeganə postsovet respublikasıdır ki, Rusiya mövzusuna görə cəmiyyət iki yerə bölünüb. Bir tərəfdə Rusiyaya hər cür dəstək vermək tərəfdarları, digər tərəfdə Moskvanın tənqidçiləri yer alıb.
Nikol Paşinyanın başçılıq etdiyi hökumət Rusiyadan məsafə saxlamağa çalışır. BMT Baş Assambleyasının Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyünün dayandırılması ilə bağlı səsvermədə Ermənistan bitərəf qalıb. Bu isə Rusiya ilə eyni hərbi-siyasi ittifaqda və iqtisadi birlikdə təmsil olunan bir ölkənin müttəfiqindən məsafə saxlamaq cəhdi kimi dəyərləndirilir.
Nikol Paşinyanın Belçikanın paytaxtı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü də İrəvanın Bakı ilə münasibətləri Moskvanın iştirakı və vasitəçiliyi olmadan həll etməkdə maraqlı olması kimi dəyərləndirilir. Belə görünür ki, Nikol Paşinyan bütün dünyada təcrid olunan, hərbi cinayətkar adlandırılan Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyində maraqlı deyil. Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi Birliyində Rusiya ilə birlikdə təmsil olunmaq Ermənistanın Moskvanın təsir dairəsində olan ölkə imicini yaradıb. Bundan əlavə, Ermənistan dünyadakı çox azsaylı ölkələrdən biridir ki, ərazisində Rusiya hərbi bazası var. Ermənistanın dövlət sərhədlərinə Rusiya sərhədçiləri nəzarət edir. Bütün bunlar Ermənistanın hətta Rusiyanın forpostu olması haqqında fikirlər də doğurub. Rusiyanın bütün dünyadan təcrid olunduğu, beynəlxalq təşkilatlardan çıxarıldığı bir zamanda Ermənistan Moskva ilə müttəfiqliyinin təhlükəli olacağından narahatdır. Ona görə də İrəvanda Rusiyaya dəstək aksiyası erməni liderlərini ciddi narahat edib. Çünki bu, bütün dünyada ermənilərin Rusiyanın hərbi cinayətlərini dəstəkləməsi kiimi qəbul oluna bilər. Ermənistanda hesab edirlər ki, son zamanlar Qərbdən rəsmi İrəvana edilən təzyiqlər də bununla bağlıdır.
Belə bir mürəkkəb vəziyyətdə Ermənistan cəmiyyətində parçalanma dərinləşir. Ermənilərin Rusiyaya dəstəyi İrəvanın Qərb tərəfdaşlarında da dərin narahatlıq yaradır. Buna görə son zamanlar Ermənistan mövzusu Qərbin bəzi dairələrinin gündəmindən çıxıb.