
Öz bağçasını gülüstana çevirmək istəyən bağban mütləq ki, bunun üçün zəhmət çəkməlidir. Gülüstan yaratmaq üçün ömrünü o bağa həsr etməlidir. Əks halda, o bağça gülüstana yox, xarabalığa çevrilər. Övlad da belədir, valideyn onu yetişdirdiyi kimi böyüyür. Bəzən valideynlərimizi həyat müəllimlərimiz adlandırırıq. Əlbəttə, bu da əbəs deyil. Həyatın müəyyən məqamlarında onların məsləhətlərinə çox ehtiyac duyuruq.
Deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Onlar gələcəyimizi işıqlandıran varlıqlardı. Bəs biz bu işıqlı varlıqların mənən azad böyüməsi üçün kifayət qədər çalışırıqmı? Onların uğrunda etdiyimiz çabalar bəs edirmi? Onlarla dost ola bilirikmi?
Düşünürəm ki, bütün bu suallara cavab tapmaq üçün ilk növbədə valideyn-övlad münasibətinə nəzər salmalıyıq. Sovetlər dönəmindən valideynlərimizə “miras” qalan belə bir ifadə var: “Biz atamızla birlikdə süfrədə çörək yeməzdik”. Bu ifadəni orta yaşlı nəsildən çox eşitmişik. O zaman içimdə bir sual yaranır. Axı niyə? Ata ilə övlad bağlarını daha da möhkəmləndirən davranışı niyə günah və ya ayıb bilməliyik?
Demək olar ki, müasir dövrdə bu problemi atlatmışıq. Ancaq o sərt qanunların travması valideynlərdə cəsarətsizlik hissi yaradıb. Bununla yanaşı, cəmiyyətimizdə kifayət qədər müasir ailələr də var. Ancaq burada da xaos öz sözünü deyir: bəzən övladın, ata və ana yanında hədsiz sərbəstliyi onun düzgün tərbiyə ala bilməməsinə yol açır. Həmin an valideynlər bu labirintdən çıxış yolu axtarırlar. Valideynin özünə ilk sualı isə belə olur: "Mən harada səhv etdim ki, belə vəziyyət yarandı?"
Övladın valideynə güvənməsi təbii haldır. Ancaq onlar övladlarını zəhmətə öyrəşdirməklə onları şəxsiyyət kimi yetişdirə bilərlər. Biz valideynlər övlada cəmiyyətin bir parçası kimi diqqət etdiyimiz zaman yuxarıda qeyd etdiyim suallara cavab tapmış olacağıq. Uşaqlıq dövrünü böyük insan kimi yaşayanların içində daim bir boşluq olur. Onlar hər hansı bir yüksək məqam sahibi olsalar da, həmişə o “uşağ”ın axtarışında olurlar...
Bəs bu boşluğu necə doldurmalıyıq? Yaxud da boşluq nədən yaranıb? Sualları təxminən eynidir. Təbii ki, labirintə düşmədən bu suala cavab tapmaq çətin olar. Ancaq uşaqlarla düzgün davranış qaydası biz valideynləri bu labirintdən xilas edir.
Hər kəs öz övladını öz həqiqətləri və düzgünləri ilə tərbiyə etməyə çalışır. Biz valideyn olaraq öz düzgünlərimizi ön plana çəkəndə, bəzən ümumi qaydaları unutmuş oluruq. "Uşağa hansı məqamda olmaz demək lazımdır?" sualı həmişə valideynlərə maraqlı olub. Bunun üçün ilkin variantda insanlara zərər verməməyi öyrətmək lazımdır. Çünki uşaq cəmiyyətdə kiməsə maddi və ya mənəvi zərər verirsə, əlbəttə “olmaz” sözünü eşidəcək. Təbii ki, bütün böyük problemlərin mənşəyi xırda boşluqlardır. Yəni böyük problemlərə yol açmamaq üçün xırda boşluqların yaranmasına imkan verməməliyik.
Uşaqlar kitab oxumağın faydalı olduğunu bilmək üçün kitab oxumalıdır, valideyn qoruxsundan yox. İstirahətin və ya əyləncənin qədərini bilməlidir. Onların sözləri təhdiddən deyil, səmimiyyətdən yoğrulmalıdır. Səmimi davranışın tək yolu isə uşaqlara sevgi aşılamaqdır.
Bağçadan başlayan davranış qaydaları cəmiyyətdəki davranışa qədər mükəmməl qaydada formalaşmalıdır. Burada, əlbəttə, müəllimlərin də rolu danılmazdır.
Əntiqə Kərimzadə



