
Azərbaycan Yazıçılar Birliyində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanan on cildlik "Azərbaycan ədəbiyyatı tarixi" müzakirə edilib. Müzakirəni AYB sədri, Xalq yazıçısı Anar açaraq Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanan on cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin nəşr edilməsini yüksək qiymətləndirdiyini bildirib. Anar XX əsrdə hazırlanmış ədəbiyyat tarixlərinə salınmayan, daha çox türk xalqlarının ortaq mirası hesab edilən Yunus Əmrə, Pir Sultan Abdal kimi şairlərin bu çoxcildlikdə oçerk kimi yer almasını müsbət qiymətləndirib.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli çoxcidlik haqqında məruzə xarakterli çıxış edib. Akademik İsa Həbibbəyli tarixə nəzər salaraq, uzun illər ərzində Azərbaycan ədəbiyyatı tarixinin yazılması istiqamətində görülən işlərlə bağlı məlumat verib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixi ənənəyə, milli və elmi maraqlara əsaslanaraq, 2014-cü ildən həyata keçirilməkdə olan yeni dövrləşdirmə konsepsiyası əsasında hazırlanan on cilddə Azərbaycan ədəbiyyatı tarixinin yazılması və nəşri prosesi ilə bağlı danışıb. İ.Həbibbəyli artıq çap olunmuş yeddi cildlə bağlı sualları cavablandırıb və qeyd edib ki, nəşrə hazırlanan Sovet dövrü və müstəqillik dövrü Azərbaycan ədəbiyyatına aid VII və X cildlərlə bağlı nəzəri məsələlərin müzakirəsinə və bir sıra portret oçerklərin harada verilməsi ilə əlaqəli fikir mübadiləsinə ehtiyac var.

Müzakirədə təxmini son yüz ildə yaranmış ədəbiyyatımızdakı ideoloji istiqamətlər və onların təhlil prinsipləri, dövrlərin adlandırılması və portret oçerklərin müəyyənləşdirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
Xalq yazıçısı Elçin yazıçılarla belə bir müzakirənin təşkilinin yaxşı bir hadisə olduğunu qeyd edib. O, məsələlərə öz münasibətini bildirməklə yanaşı, Azərbaycan ədəbiyyatşünaslığının və folklorşünaslıq elminin də tarixinin yazılmasının zəruri olduğunu bildirib və Ədəbiyyat İnstitutunun belə bir işi yerinə yetirməsinin vacibliyini qeyd edib.
Müzakirələrdə Xalq şairi Nəriman Həsənzadə, AYB-nin sədr müavini Rəşad Məcid, Birliyin katibi Səlim Babullaoğlu, Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, AYB-nin əməkdaşı, filologiya elmləri doktoru Gülxani Pənah, AMEA Rəyasət Heyətinin İnformasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və AYB Mətbuat xidmətinin rəhbəri Xəyal Rza da iştirak ediblər.
Sonda çıxış edən Xalq yazıçısı Anar çoxcildik Azərbaycan ədəbiyyatı tarixinin müzakirəsinin Ədəbiyyat İnstitutundan kənarda ilk dəfə məhz Azərbaycan Yazıçılar Birliyində keçirilməsini yüksək qiymətləndirib. O, Azərbaycan ədəbiyyatı tarixinin yeni dövrləşdirilməsinin və bu konsepsiyaya uyğun olaraq yazılan çoxcildliyin nəşrə hazırlanmasını ədəbiyyatımızın çoxəsrlik tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malik hadisə olduğunu vurğulayıb.



