
Professor İbrahim Haqqul sözün tam mənasında böyük alim idi. O, ən qədim dövrlərdən bu günə qədər özbək ədəbiyyatını otuzdan çox kitabı və beş yüzə yaxın məqalələrində tədqiq edən istedadlı və çoxşaxəli yaradıcılığı olan bir alim idi.
O, 1949-cu il martın 28-də Buxara vilayətinin Şafirqan rayonunun Talıca qışlağında ziyalı ailəsində anadan olmuşdur. 1966-1970-ci illərdə Buxara Dövlət Pedaqoji İnstitutunda təhsil alan gələcək alim 1970-1972-ci illərdə çalışdığı "Şafirqan həqiqəti" ("Shofirkon hakikati") adlı rayon qəzetində "Dərya kimi həmişə oyaq...", "Qəlbi dərya şair" və "Mövlana Əşrəf" kimi ilk elmi məqalələrini yazmışdır.
1973-cü ildən o, fəaliyyətini indiki Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək dili, Ədəbiyyatı və Folklor İnstitutuna bağladı - sıravi laborantlıqdan şöbə müdiri vəzifəsinə qədər çətin və şərəfli yol keçib. 1975-ci ildə "Özbək klassik ədəbiyyatında rubai" mövzusunda namizədlik, 1995-ci ildə isə "Özbək təsəvvüf poeziyasının təşəkkülü və inkişafı" mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.
"Özbək ədəbiyyatında rubai" adlı monoqrafiyası ilə özünəməxsus elmi yolu, müstəqil fikrə malik alimin elmə qədəm qoyduğunu əməli surətdə sübut edən İbrahim Haqqul ötən illər ərzində istedadının yeni-yeni yönlərini açıb göstərdi. O, klassik söz sənəti, təsəvvüf poeziyası və müasir ədəbi məsələlərlə fəal məşğul olurdu. "Üveysi şeiriyyəti", "Təsəvvüf və poeziya", "Xoca Arif Məhtaban", "Təsəvvüf dərsləri", "Müşahidə işığı", "Əhməd Yasəvi", "Nəvaiyə qayıdış" (1-ci kitab - 2007; 2-ci kitab - 2011; 3-cü kitab - 2016, 4-cü kitab - 2021), "Varislik və mahiyyət", "Yaradıcılıq mühiti", "Həyat, ədəbiyyat və əbədiyyət", "Kamillik özünüdərkdir" və s. bu kimi rəngbərəng kitablarını oxucuların ixtiyarına verdi.
İbrahim Haqqul nəvaişünas alim kimi Nəvaini xalqa yaxınlaşdırmaqla bərabər, xalqına Nəvaini anlatmağa başlamışdır. Öz tədqiqatları ilə Nəvai və zaman arasındakı məsafəni qısaltdı. Xüsusilə, "Nəvaiyə qayıdış" silsiləsindən olan kitablarında nəvaişünaslığın aktual problemlərinə, dahi şairin yaradıcılığının yeni rakursdan öyrənilməsinə, onun əsərlərinin ideya-məzmun qayəsini və bədiiyyətinin sirlərinin açılmasına dair məqalələr, söz səltənəti sultanının həyat və yaradıcılığının öyrənilməsi ilə bağlı ədəbi söhbətlər və böyük söz sənətkarının qəzəl, qitə, rübai, fərdlərinin şərhləri daxildir.
İbrahim Həqqul mətnşünas alim kimi ilk dəfə Əhməd Yəsəvinin "Hikmətlər" divanını (1991) nəşr etdirdi ki, bu da ədəbi-mədəni həyatımızdakı unudulmaz hadisələrdən biri olmuşdur. Bu kitab ilk dəfə 1995-ci ildə İstanbulda çap olundu. Buna qədər o, tələbəsi Seyfiddin Rafiddinlə birlikdə Süleyman Bakirqaninin "Bakirqan kitabı" (1991) və "Meracnamə" (1995) əsərlərini nəşrə hazırlamışdır. Müstəqillik illərində Əbdülhəmid Çolpanın atəşin şeirlərini ilk dəfə "Bahar üçün darıxdım" (1988) rəmzi adı ilə oxuculara təqdim edən də məhz o idi. Əlişir Nəvainin XX cildlik "Əsərlərin tam külliyatı"nın və X cildlik "Seilmiş əsərləri"nin hazırlanmasında da fəal iştirak etmişdir.
İbrahim Haqqul tərcüməçi olaraq türk dilindən əvvəlcə bəktaşilik təriqətinin banisi Hacı Vəli Bəktaşinin (1209-1271) "Məqalət"ini, sonra Əzizə Bəktaşla birgə əməkdaşlıqla "Şeyx-i vəli-teraj" adı ilə tanınan Nəcmiddin Kubranın "Əl-üsul i əl-əş'ara" ("Təsəvvüfün on əsası"), "Fəva'ihu'l-cəmal və fəvatihu'l-cəlal" və "Risale ile'l-ha'imi'l-ha'if min levmeti'l-la'im." risalələrini ön söz, şərhlər və təsəvvüf terminləri lüğəti ilə birgə "Təsəvvüfi həyat" adı ilə nəşr etdirmişdir.
İbrahim Haqqulun tərtibçilik fəaliyyəti də diqqətəlayiqdir. O, Əlişir Nəvainin şahbeytlərini iki cilddə topladı: I cilddə "Xəzainul-məani"dən seçilmiş şahbeytlər, II cilddə isə "Xəmsə" və "Lisanut-teyr"dən seçilmiş şahbeytlər yer alıb.
İbrahim Haqqulun ədəbi-tənqidi məqalələri məsələyə yalnız yeni və özünəməxsus yanaşması, dərin, incə və gözlənilməz müşahidələr zənginliyi ilə deyil, həm də məhəbbətlə yoğrulan, gərgin ritmi ilə oxucunu özünə cəlb edir. Alimin təfəkkür qüdrəti və qəlbinin hərarəti ilə yoğrulan şirin və səmimi, cəlbedici və səlis yazı dili ilə ədəbi prosesdə ədəbiyyatşünaslıq elminin ədəbi cərəyandakı mövqeyini yüksəltmiş, oxucu dairəsini genişləndirmişdir.
Bütün şüurlu həyatını elmi yaradıcılığa həsr etmiş, öz istedad və potensialını özbək ədəbiyyatı və ədəbiyyatşünaslığını daha da təkmilləşdirmək üçün səfərbər etmiş, klassik ədəbiyyat və ədəbiyyatşünaslığın inkişafına böyük töhfələr vermiş, ciddi və tələbkar alim, səbrli və istiqanlı ustad, təkcə çoxsaylı məqalələri və kitabları ilə deyil, həm də yetişdirdiyi perspektivli tələbələri ilə səmimi və mehriban dost olan İbrahim Haqqulun işıqlı xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
Erqaş AÇİLOV, nəvaişünas Azərbaycan dilinə uyğunlaşdıran:
Almaz Ülvi (BİNNƏTOVA) nəvaişünas



