
14-15 iyul tarixlərində Şuşada keçirilən "Vaqif Poeziya Günləri"ndə bir sıra görkəmli söz adamları, habelə, gənc yazarlar, Vətən müharibəsində iştirak etmiş qələm sahibləri və incəsənətin digər sahələrini əhatə edən şəxslər iştirak etmişdilər. İstər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı internet portallarında bəzi narazılıqların şahidi olduq. "Məni niyə Şuşaya aparmayıblar?" kimi gileylər səsləndirildi. Lakin bəzi fikirlər etik sərhədləri aşdığından həmin insanlara qarşı ikrah hissi yaranmağa başladı.

Bu kimi narazılıqları nəzərə alaraq "Yeni Müsavat" (musavat.com) qəzetinin əməkdaşı Xalidə Gərayın hazırladığı material diqqət çəkdi. Materialda bir sıra şairlərin narazılıqları ilə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin, şair Baba Vəziroğlunun obyektiv fikirləri də yer alıb.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, Əməkdar elm xadimi Şahbaz Muradov bu mövzu ilə bağlı fikirlərini "525-ci qəzet"lə bölüşüb.
Xalq yazıçısı Anarla mənim heç bir şəxsi tanışlığım yoxdur. Amma həyat yoldaşı Zemfira xanımla AMEA-da birlikdə çalışırıq, uzun müddətdir onu tanıyıram. Təqribən, Anar müəllimlə yaşıdam. Cavan vaxtımdan Rəsul Rza, Nigar Rəfibəyli başda olmaqla, həmin ailəyə xüsusi rəğbət bəsləmişəm. Çox təəssüf ki, bəzi insanlar bizim sanballı şəxsiyyətlərimiz barədə ağızlarına gələni danışırlar. Mən çox təəssüflənirəm ki, həmin insanlar dəyərli ziyalılarımızı gözdən salmağa çalışırlar. Ancaq dərk eləmirlər ki, həmin o lazımsız söhbətlər edən adamlar özləri qat-qat kiçilirlər. Xalq yazıçısı Anar ölkəmizin vizit kartıdır, ağsaqqalımızdır. Yadınıza salın, hansı xalqlar ki, öz şəxsiyyətlərini alçatdılar, onlar çox pis vəziyyətə düşdülər. Öz ziyalısına xəyanət edən insan bütün xalqa xəyanət etmiş olur. Bir vətəndaş kimi deyilən mənfi fikirlər mənə də təsir edir. Axı Anar nə yazıbsa, yaxşı yazıb, könülləri fəth edib. Ona görə də onu mənfur yollarla gözdən salmaq olmaz. Anar müəllim bu gün AYB-də əyləşibsə, bu, böyük bir şərəfdir. Nə qədər ömrü varsa, bu şərəflə də orada əyləşməlidi. Nə qədər Anar müəllim ordadırsa, AYB-nin nüfuzu yüksək olacaq. Yel qayadan nə aparar? O mənasız danışanlar özlərini hörmətdən salırlar. Eşitsələr, məni də tənqid edəcəklər, eləsinlər...
Anar müəllimin ailəsi də ziyalı, yaradıcı ailədir. Zemfira xanım Üzeyir bəy haqqında qiymətli əsər ərsəyə gətirib. Anar müəllim heç nə yazmasaydı, təkcə "Üzeyir ömrü" filminin ssenarisini yazsaydı, kifayət edərdi. Həmin film Azərbaycana əbədi başıucalıq gətirəcək. Belə insanları biz müdafiə eləməliyik.
"Musavat.com" saytındakı materialla tanış olandan sonra bu sözləri ictimaiyyətlə bölüşmək ürəyimdən keçdi. Rəşad Məcidə haqlı mövqeyinə görə minnətdarlığımı bildirirəm. Onun bu barədə açıqlamasını alqışladım. Rəşad Məcid Anar müəllimin Şuşaya bağlılığını, Şuşa naminə elədiklərini yerində vurğulayıb. Belə ayıq-sayıq yanaşmaya daim ehtiyacımız var. Və bu baxımdan Rəşad müəllimin həmin açıqlaması məni çox şad etdi.
Hörmətlə,
Şahbaz MURADOV AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi



