Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfrans keçirilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
525.az xəbər verir ki, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva son illərdə ölkəmizdə məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallarla bağlı məsələlərə, həssas qruplarla işə diqqətin artırıldığını və daha konkret yanaşma müşahidə olunduğunu söyləyib.
BŞTİ-nin müdiri “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfransın əhəmiyyətindən danışıb. M.Vəliyeva qeyd edib ki, konfransın keçirilməsində əsas məqsəd uşaqların müdafiəsi istiqamətində əməkdaşlığı genişləndirmək, aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformasının yaradılmasına nail olmaqdan ibarətdir.
Məktəblərdə həssas qrupa daxil edilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi üçün zəruri işlər görüldüyünü deyən M.Vəliyeva valideynlər üçün maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, valideynlərin məktəb həyatında yaxından iştirakının təmin edildiyini diqqətə çatdırıb. İdarə müdiri xüsusi hal kimi daxil olan məlumatların Bakı üzrə statistik təhlilini də təqdim edib.
Konfransda Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, UNICEF-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin və digər qurumların əməkdaşları çıxış ediblər. Tədbirdə uşaqların müdafiəsinin daha səmərəli təşkili istiqamətində əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və mövzu çərçivəsində suallar cavablandırılıb.
Sevinc Qarayeva