Oktyabrın 30-da Braziliyada keçiriləcək prezident seçkilərinin ikinci turunda mübarizə aparacaq prezident Jair Bolsonaro və keçmiş prezident Luiz İnasio Lula da Silva qatıldıqları debatda bir-birlərini ağır sözlərlə ittiham ediblər.
525.az xəbər verir ki, Braziliyada qeyri-müəyyənliyin hökm sürdüyü seçkilərdə yeni prezidenti seçmək üçün sayılı günlər qalıb. Namizədlər - Bolsonaro və Lula debat proqramında üz-üzə gəliblər. Qarşılıqlı təhqirlərin və ağır ittihamların qeydə alındığı proqramda Lula rəqibi Bolsonaronu Covid-19 epidemiyasına münasibəti və Amazonda meşələrin itirilməsi kimi məsələlərlə ittiham edib, Bolsonaro isə "İşçi Partiyası"nın korrupsiyasını xatırladıb. Bolsonaro rəqibi Lulanı "yalan danışmaqda", Lula isə Bolsonaronu "saxta xəbərlərin kralı" olmaqda günahlandırıb.
Bolsonaronun COVID-19 epidemiyasında müzakirə edilən mövqelərini və epidemiyada ölənləri xatırladan Lula, "Sizin səhlənkarlığınız 680 min insanın ölümünə səbəb oldu ki, onların yarısı xilas ola bilərdi. Önəm vermədiniz və güldünüz", - deyib. Bolsonaro qarşılığında: "Dünyada ilk COVID-19 peyvəndi 2020-ci ilin dekabrında tətbiq olundu. Gələn ilin yanvar ayında - bir ay sonra Braziliyada peyvənd başladı, biz 500 milyon dozadan çox peyvənd aldıq və istəyən hamı peyvənd oldu", - deyə cavab verib.
Məhəmməd Tağıyev