|
|
|
|
Tibb jurnalı tərəfindən dərc edilən bir araşdırma, gündə 5 saat və ya daha az yatmağın xroniki xəstəlik riskini artırdığını ortaya qoyub.
525.az xəbər verir ki, fərdlərin yuxu vərdişləri ilə bağlı araşdırmanın nəticələri PLOS tibbi jurnalında dərc edilib. İngiltərədə aparılan araşdırmada 50 yaşında və xroniki xəstəlikləri olmayan 8000 dövlət işçisinin yuxu rejimi 25 il ərzində izlənilib.
Tədqiqat zamanı ekspertlər iştirakçılardan hər 4-5 ildən bir nə qədər yuxuya getdiklərini bildirmələrini istəyiblər. Araşdırmanın nəticələrinə görə, gündə 5 saat və ya daha az yatanların xroniki xəstəliklərə tutulma riskinin ən az 7 saat yatanlara nisbətən 30 faiz daha çox olduğu ortaya çıxıb.
Araşdırmaya görə, gündə 5 saatdan az yatanların 70 yaşa qədər xroniki xəstəliklərə tutulma riski 40 faizdir. Araşdırma zamanı görülən xroniki xəstəliklər arasında şəkərli diabet, xərçəng, koroner ürək xəstəliyi, insult, ürək çatışmazlığı, xroniki obstruktiv ağciyər xəstəliyi, xroniki böyrək xəstəliyi, qaraciyər xəstəlikləri, depressiya, demans, ruhi xəstəliklər, Parkinson və artrit olduğu bildirilib.
Malik Atilay