
İstanbulda 10-cu İpək Yolu Film Festivalında Azərbaycan kino sənəti tarixində özünəməxsus yer tutan, ömrünün 50 ilini kinoya həsr etmiş Azərbaycanın görkəmli kinorejissoru və ssenaristi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti, elmlər doktoru, professor Tofiq İsmayılovun həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin təqdimatı keçirilib.
Türkiyə, Çin, Özbəkistan, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, İtaliya, Gürcüstan, Suriya, Misir, Hindistan, İraq kimi tarixi ipək yolu ölkələrindən gələn kino sənətkarlarının iştirakı ilə Festivalın 10-cu ilinə məxsusi proqram hazırlanmışdır.
Festival çərçivəsində "Azerbaycanın Ziyalı Yıldızı: Prof. Tevfik İsmailov" adlı sənədli film nümayiş olunub. Təqdimat mərasimində filmin yaradıcı heyəti, media mənsubları, festival iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Filmdə sənətkarın dostları və həmkarları tərəfindən rejissor, müəllim, aktyor və yazıçı kimi xatırlanarkən, eyni zamanda dövrünün sərhədlərini aşmağa çalışan bir ziyalı kimi də təqdim olunur.

Azərbaycan kinosunda öz dəst-xəttinə malik olan T.İsmayılov 25 tam, 6 qısa-metrajlı, M.Maqomayev, T.Quliyev, Ə.Dilbazi, G.Həsənova, X.Mirzəzadə kimi şəxsiyyətlərə həsr olunmuş silsilə bədii-sənədli filmlərin, uşaqlar üçün yazılmış nağıl və hekayələrin, eyni zamanda, xüsusilə qeyd olunmalı fundamental və unikal tədqiqat əsəri olan üç cildlik "Türk cümhuriyyətləri sinema tarixi" kitabının müəllifidir.
Filmdə ailə üzvləri ilə yanaşı, Azərbaycan və Türkiyənin bir çox tanınmış simaları ilə reportajlar yer alıb. Bunlardan Anar, E.Quliyev, R.Hüseynov, T.Əfəndiyev, M.Əlizadə, C.Quliyev, O.Mirqasımov, E.Cəfərov, A.Kazımzadə; prof. S.Şəkəroğlu, Ş.Demiröz, Ç.Tunca, İ.Çiftçi, İ.Kabil və R.Aşın kinorejissorun həyat və yaradıcılığından, onun yüksək insan keyfiyyətlərindən, həyata, hətta adi detalları çox dərin baxışlarından söhbət açırlar. Həmçinin, reportajlarda T.İsmayılov sənətinin başlıca estetik xüsusiyyəti olan tarixiliklə müasirliyin bədii-fəlsəfi vəhdəti vurğulanır. Eyni zamanda, onun sənətə, kinoya, ədəbiyyata böyük məhəbbət bəslədiyini, öz xalqına, türk dünyasına, xüsusən gənc nəslə də bir o qədər sevgiylə yanaşdığı qeyd olunur.

On beş ildən artıq Türkiyədə fəaliyyət göstərdiyi zaman Memar Sinan adına Gözəl Sənətlər Universitetinin Sinema TV fakültəsində işlədiyi müddətdə o, istedadlı tələbələr yetişdirmiş, İstanbul Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir vəzifəsində olarkən Türkiyə və Azərbaycan mədəni münasibətlərinin təşkili və intensiv inkişafında əvəzsiz xidmətlər göstərib. O, bu müddət ərzində "Türk dünyası kinofestivalları", "Türk dünyasl teatr günləri", "Türk dünyası opera günləri", "Ç.Aytmatov əsərlərinin kinofestivalı", "Türk dünyası çağdaş ədəbiyyat günləri", "Türk dünyası ulduzları silsiləsi"ndən "Qara Qarayev", "Üzeyir Hacıbəyli", "Rəsul Rza", "Bəxtiyar Vahabzadə", "Anar", "Adil İskəndərov", "Emin Sabitoğlu" günləri və s. tədbirlərə imza atıb.

Film Türk Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin dəstəyi ilə çəkilmişdir. Filmin quruluşçu rejissoru Kamil Engin, quruluşçu operatoru Sait Küçük Şahin, Duran Şahindir. Filmin nümayişindən sonra T.İsmayılovun yaradıcılığına həsr olunmuş konfrans keçirilib.

Sevinc RZAYEVA



