
AMEA Nəsimi adına Dilçilik İnstitutunun fəaliyyətində yazıçı və şairlərin dilinə həsr olunmuş lüğətlər tərtib etmək artıq bir ənənə şəklini alıb. 2011-ci ildə "Səməd Vurğunun bədii dilinin izahlı lüğəti", 2015-ci ildə "Məhəmməd Füzulinin poetik əsərlərinin izahlı lüğəti", 2019-cu ildə "Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklopedik lüğəti" (I cild) və indi də Tətbiqi dilçilik şöbəsinin məhsulu olan "Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti" istifadəçilərin ixtiyarına verilib.
Bu lüğət 2002-2003-cü illərdə professorlar İsmayıl Məmmədli, Aydın Ələkbərov, mərhum alim Bəhruz Abdullayev, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, aparıcı elmi işçi Nigar Ağayeva tərəfindən tərtib edilib, lakin müəyyən səbəblərdən çap prosesi ləngimişdi. Nəhayət, 2022-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin təşəbbüsü ilə yenidən lüğətdə tamamlanma işləri həyata keçirilib və nəşrə verilib.
"Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti"nin baş redaktoru İsmayıl Məmmədli, məsul redaktoru dosent Xədicə Heydərovadır. Lüğətin çapa hazırlanmasında Füzuli Mustafayev, Fidan Salayeva, Sevinc Səfərova, Aytən Bəylərova, Aytəkin Ələkbərova, Qətibə Quliyeva, Zülfiyyə Quliyeva yaxından iştirak ediblər. Texniki redaktor Bənövşə Behbudova və korrektor Cəmilə Fətiyevanın da nəşrdə əməyi var.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan nasir və dramaturq, teatr tənqidçisi, şair, publisist Cəfər Cabbarlının yaradıcılığı özünün rəngarəngliyi, dərin məzmunu və zəngin dili ilə fərqlənir. Sənətkarın zəngin bədii irsini lüğət şəklində təqdim etmək Azərbaycan dilçiliyi üçün önəmli hadisələrdən biridir.
"Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti"nin tərtibində bir sıra vəzifələr həyata keçirilib: yazıçının dilində işlənən hər bir sözün lüğət məqaləsində qrammatik, etimoloji və üslubi xüsusiyyətləri göstərilib, ardından izahı və həmin sözün işləndiyi cümlələrdən, misralardan illüstrativ materiallar təqdim edilib və sair.
"Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti" görkəmli dramaturqun bütün əsərlərində - pyeslər, lirik və satirik şeirləri, poema və hekayələri, librettoları və tənqidi məqalələrində işlənən sözlərin şərhini əks etdirən izahlı müəllif lüğətidir. Leksikoqrafik əsərin belə bir kateqoriyaya malik olması yazıçının dil və üslubunu qoruma funksiyasını daşıdığını göstərir.
"Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti" Azərbaycan dilçiliyində leksikoqrafiyanın bütün tələblərinə uyğun şəkildə hazırlanmış, lüğətçiliyin kompleks xüsusiyyətlərini, ana dilimizin zəngin söz xəzinəsini özündə ehtiva edən və böyük zəhmət hesabına başa gəlmiş irihəcmli bir lüğətdir. Əsər 849 səhifədən ibarətdir. Ümidvarıq, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin məhsulu olan bu əsər cabbarlısevərlərin və ümumən, təhsil işçilərinin, istifadəçilərin faydalana biləcəyi masaüstü kitaba çevriləcək.
Xədicə HEYDƏROVA
Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi



