
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlinin "Ustad dərsləri" kitabı "Mücrü" nəşriyyatında çapdan çıxıb. "Ulduz" jurnalı ilə "525-ci qəzet"in birgə layihəsi olan, bir il müddətində jurnalın və qəzetin səhifələrində paralel dərc edilən ustad dərsləri haqqında müəllif kitabın ön sözündə yazır: "Ustad dərsləri" "Ulduz"la "525-ci qəzet"in birgə layihəsi olsa da, ideya müəllifi "Ulduz" jurnalının daima yenilik axtaran baş redaktoru Qulu Ağsəsdir. Mən böyük həvəslə Mədəniyyət və İncəsənət Universitetində dram və ssenari yaradıcılığından uzun illər dərs deyən təcrübəli müəllim və dramaturq kimi işə başladım. Beləliklə, 2021-ci ilin avqustundan başlayaraq dərslərimiz jurnalın hər sayında və paralel olaraq "525"də dərc olundu.
Otuz ildən artıq bir dövrdə əsərləri müxtəlif teatrların repertuarından düşməyən, iyirmi illik pedaqoji təcrübəsi olan yazıçı-dramaturq kimi deməyə sözüm çox olsa da, mən 10 dərslə kifayətləndim.
Əslində, məqsədim kiməsə, nəyisə öyrətmək deyildi, sadəcə, şəxsi təcrübəmdən çıxış edərək bildiklərimi, müxtəlif teatrlar və rejissorlarla işbirliyindən qazandğım praktikanı gənc həmkarlarımla bölüşmək idi.
Hər yeni pyesi yazanda ilk olaraq onun strukturunu müəyyən edir, planını qururam. "Ustad dərsləri" pyes olmasa da, onun da mövzu planını hazırladım, şərti başlıqları müəyyənləşdirdim".
"Ustad dərsləri" dramaturgiya, teatr, ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olan hər kəs üçün faydalı nəşrdir.



