
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə balaca tamaşaçılarını sevindirən, onlar üçün xüsusi tamaşa-şənlik hazırlayan Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti bu il də ənənəsinə sadiq qaldı.
Məşhur nağılçı, əsərləri sayəsində uşaqları sirli nağıllar aləminə aparan Hans Xristian Andersenin uzun illərdir öz marağını itirməyən “Qar kraliçası” nağılı əsasında hazırlanan “Qar kraliçasının yeni il sərgüzəştləri” adlı nağıl-tamaşa balaca tamaşaçılara təqdim olundu.
Balacalara klassik tamaşa formasını ən incə detalları ilə təqdim edən musiqilərlə zəngin nağıl-tamaşanın səhnələşdirən və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.
Bayram ərəfəsində balaca balaları sevindirmək, onlarda unudulmaz bayram ovqatı yaratmaq üçün fərqli mövzularda səhnə nümunələri hazırlayan Azərbaycan Dövlət Kukla Teatrının bir saatlıq tamaşası zamanı balacalar həm özlüyündə fərqli məzmun daşıyan nağılın ideyasına səhnənin estetik imkanları ilə vararaq, həm də yeni ilin əvəzsiz personajlarını gördülər. Nağıl-tamaşa balaca tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Qeyd edək ki, sosial-mədəni aksiyaları daim diqqət mərkəzində saxlayan Azərbaycan Dövlət Kukla Teatrı xüsusi bayram proqramına daxil olan "Qar kraliçasının yeni il sərgüzəştləri" tamaşasının bir seansını Vətən müharibəsi şəhidlərinin, qazi və hərçilərinin övladlarına ərməğan etdi.
Balacaların sevinc və maraqla qarşıladıqları nümayişdən sonra onlara teatrın rəhbərliyi tərəfindən bayram hədiyyələri də verildi.
Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyi tamaşaçıların istək və tələblərini nəzərə alaraq bütün maddi çətinliklərə rəğmən, tamaşaların bilet qiymətlərini sabit saxlamağa nail olub. Biletlərin qiymətində də heç bir dəyişiklik yoxdur.
“Qar kraliçasının yeni il sərgüzəştləri” adlı nağıl-tamaşanın biletləri də tamaşanı izləməyə gələnləri tam qane edirdi. Teatrın əsas məqsədi uşaqların mənəvi zövqü və teatr adlı estetik maariflənmə məkanından bəhrələnmələridir.
Xatırladaq ki, dekabrın 26-dan başlayan nümayişlər 2023-cü ilin 8 yanvarınadək hər gün 4 seans olmaqla (saat 12:00, 14:00, 16:00 və 18:00) davam edəcək.



