Yanvarın 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimai Nəzarət Şurasının üzvləri qış imtahan sessiyasının gedişini müşahidə ediblər.
525.az xəbər verir ki, Şura üzvləri texniki və texnoloji ixtisasların tədris olunduğu 3 saylı tədris binasında imtahan prosesinin monitorinqini aparıblar.
UNEC-in prorektoru Gəray Musayev və İmtahan mərkəzinin direktoru, dosent Söhrab İsayev şura üzvlərinə tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin şəffaf və obyektiv qaydada keçirilməsi məqsədilə görülən işlər barədə məlumat verib. Bildirib ki, imtahanlar yazılı və test üsulu ilə keçirilir, hər sessiya dövründə olduğu kimi, bu il də imtahan prosesində tələbələrin müraciətlərinin operativ araşdırılması məqsədilə qərargahlar fəaliyyət göstərir.
Həmçinin imtahanlarla bağlı yarana biləcək məsələlərlə əlaqədar tələbələrin onlayn qaydada apelyasiya komissiyasına müraciət etmələri üçün müvafiq şərait yaradılıb.
UNEC İctimai Nəzarət Şurasının sədri, millət vəkili Etibar Əliyev, Azərbaycan Gənc Alim, Doktorantlar və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva tələbələrin imtahan suallarını elektron qaydada sərbəst cavablandırmalarını, imtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunduğunu müşahidə etdiklərini vurğulayıblar.
Bildirilib ki, UNEC-də imtahan zamanı tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılıb. Onlar da bu şəraitdən yararlanaraq çox sərbəst və rahat şəkildə sualları cavablandırırlar. Tələbələrə, ümumilikdə imtahan prosesinə kənar müdaxilə yoxdur. Yəni imtahanda iştirak edən nəzarətçi və məsul şəxslər yalnız öz vəzifələrini yerinə yetirirlər. İmtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunur, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilir:
Şura üzvləri oxu zallarında tələbələrin imtahana hazırlıq prosesi ilə də tanış olublar.
Millət vəkili Etibar Əliyevin sözlərinə görə, UNEC-də tətbiq olunan imtahan metodu şəffaflığın təmin olunmasına xidmət edir: "Müşahidələr göstərdi ki, UNEC rəhbərliyinin imtahanların şəffaf və ədalətli keçirilməsində marağı çox böyükdür və biz əminliklə söyləyə bilərik ki, bu nümunə universitetdə təhsilin keyfiyyətinə də öz təsirini göstərir. Mən imtahanlarda obyektivlik və şəffaflığın təmin edilməsini yüksək qiymətləndirirəm. UNEC də tələbələrin biliklərini tam nümayiş etdirməsi üçün çox gözəl mühit yaradılıb. Mühit amili əsas kriteriyalardan biridir. İmtahan tələbələrin biliklərinin təsdiqi prosedurudur. Bunu mütləq dəqiq və şəffaf keçirmək lazımdır. Prosesin obyektiv keçirilməsi tələbələrdə ruh yüksəkliyi yaradır. Hesab edirəm ki, bu ali məktəbdəki elmlə təhsilin vəhdəti və obyektiv, şəffaf imtahan sisteminin təşkili iqtisadiyyat üzrə savadlı mütəxəssislərin hazırlanmasına öz töhfəsini verəcəkdir".
Millət vəkili bildirib ki, UNEC-də tələbələrin ixtiyarına verilmiş ənənəvi kitabxana ilə yanaşı, həm də elektron kitabxana özünəməxsusluğu ilə seçilir və tələbələrin mütaliəsi üçün yetərli kitab fonduna malikdir.
Sevinc Qarayeva