|
|
|
|
– Gövhər xanım, son illərin ən çox müzakirə edilən, dəfələrlə gündəmə gətirilən mövzularından biri də hicab, çadra məsələsidir. Müəyyən qisim ali və orta-ixtisas məktəblərində, dövlət idarə və müəssisələrində hicab geyinməyin mümkünlüyünə tərəfdar çıxsalar da, müəyyən qisim “din bunun yolverilməz olduğunu söyləyir. Siz bu haqda nə deyərdiniz?
– Hicab mövzusu tarixən mübahisəli, müəyyən dövrlərdə isə hətta, qalmaqallı məsələ olub. Hazırda islam ölkələrində, ruhanilər, ilahiyyatçılar və fikir adamları arasında bu məsələyə radikal baxışlarla yanaşı, liberal yanaşmalar da mövcuddur. Ən əvvəl onu demək lazımdır ki, qadınların örtünməsi faktına islamdan çox-çox öncə müxtəlif dinlərdə və ölkələrdə rast gəlinir, yəni bu, islamın gətirdiyi və onun inhisarında olan bir məsələ deyil. Məşhur tarixçi və filosof Uilyam Dürant “Sivilizasiya tarixi” adlı çoxcildlik kitabında yəhudilikdə hicabın tətbiq olunduğunu və “Talmud”da bunun qanun şəklinə salındığını göstərərək, yazır ki, əgər hər hansı bir yəhudi qadın bu qanunu pozmaq fikrinə düşsəydi, məsələn, başına bir şey örtmədən camaatın arasına çıxsaydı, kişilərlə söhbət edib ucadan danışsaydı və onun səsini qonşular eşitsəydi, onda o qadını başlıq vermədən boşayardılar. “Tövrat”da, daha konkret desək, “Yaradılış kitabında” İbrahim peyğəmbərin zamanında hicaba riayət olunduğuna dair aydın işarələr var. Dürant həmçinin qədim İranda Dariyuşun zamanından etibarən xüsusən varlı təbəqədən olan qadınlar arasında ciddi hicab qaydalarının hökm sürdüyünü göstərir. Qeyd etmək lazımdır ki, İran ərazisində qadının geyiminə və münasibətlərinə qoyulan məhdudiyyətlər Sasanilər dönəmində daha da sərtləşib və daha geniş sosial təbəqələri əhatə edib. Tarixi qaynaqlar islamdan öncə Hindistanda və Bizansda da hicabın müxtəlif formalarının mövcud olduğunu göstərməkdədir. Beləliklə, qadınların bədənini, başını və üzünü örtməsi bəşər cəmiyyətinin inkişafının müəyyən mərhələsində meydana gələn mədəni-ictimai hadisədir və onun tətbiqi din amili ilə bağlı olmaya da bilər. Tədqiqatçılar bu problemi çeşidli yönlərdən açıqlayaraq, hicabın tətbiqini müxtəlif səbəblərlə izah ediblər. Həmin səbəblər bu şəkildə qruplaşdırılır: Guşənişinlik və tərkidünyalığa meyl (fəlsəfi səbəb); Təhlükəsizlik və sosial ədalətin olmaması (ictimai səbəb); Kişinin ailədə hökmranlığı və qadını öz mənafeləri üçün istismar etməsi (iqtisadi səbəb); Kişinin qısqanclıq hissi və eqoizmi (əxlaqi səbəb); Qadın orqanizmində hər ay təkrarlanan fizioloji prosesin onun yaradılışca kişi ilə müqayisədə nöqsanlı olması barədə təsəvvürlər və həmin proses dövründə onunla ünsiyyətdən çəkinilməsi (psixoloji səbəb) Müsəlman müəllifləri islami hicabın qeyd olunan səbəblərin heç biri ilə əlaqədar olmadığını, tam fərqli və əlahiddə xarakter daşıdığını, ilahi hikmətin təzahürü kimi meydana çıxdığını sübut etməyə çalışsalar da, onun əvvəlki mədəniyyətlərin (xüsusən İran və Bizansın) təsirinə məruz qaldığını etiraf edirlər.
Təsadüfi deyil ki, bir çox müəlliflər hicri tarixin birinci əsrində hicaba o qədər də önəm verilmədiyini, qadın və kişilərin bir-birilə görüşdüyünü, küçədə birgə getdiyini, məsciddə birlikdə namaz qıldığını yazıb, yalnız xəlifə II Vəlidin dövründə hicabın qanun şəklində tətbiq olunduğunu vurğulayıblar.
Ümumiyyətlə, islamın yayıldığı geniş regionda hicaba baxış müxtəlif olub, yerli adət-ənənələrin təsiri ilə onun çeşidli formaları meydana gəlib. Başqa tipli faktlar da olub: islamı 10-cu əsrdə qəbul etmiş Volqaboyu tatarlarda hicaba bütövlükdə riayət olunmayıb. Hicabın tətbiqi Yaxın və Orta Şərqdə, Mərkəzi Asiyada daha sərt şəkildə həyata keçirilib və burada təzyiq, məcburiyyət və zorakılıq faktoru az rol oynamayıb.
Ötən əsrin 20-ci illəri Orta Şərqdə qadın azadlığı və bu kontekstdə hicabsızlıq uğrunda mübarizənin ən qızğın çağları olub. Türkiyədə Mustafa Kamal Atatürk, Əfqanıstanda Əmanulla xan, İranda Rza şah bu mübarizənin önündə gedirdilər. Maraqlıdır ki, həm Əmanulla xan, həm də Rza şah bu işə öz ailə üzvlərindən başlamaqla, cəmiyyətə bir növ nümunə göstəriblər. Digər düşündürücü məqam ondan ibarətdir ki, həmin dövrdə sovet Azərbaycanında da qadınların çadradan xilas olması uğrunda analoji mübarizə gedirdi – bu, onu göstərir ki, həmin mübarizə siyasi sistemlərdən və dövlət quruluşlarından asılı deyildi, obyektiv tarixi inkişafın özünün məntiqi ilə diktə olunurdu.
1928-ci ildə İran parlamenti hicabın qadağan edilməsi barədə qanun qəbul etdi. Bu, İran qadınlarının ictimai həyata sürətli inteqrasiyasına təkan verdi. Sonralar, ötən əsrin 40-cı illərində Məhəmmədrza Pəhləvi din xadimlərinin təzyiqi ilə həmin qanunu ləğv etdi. Bir neçə onillik ərzində ölkədə hicabı qadağan, yaxud məcburi edən hüquqi baza olmadı. Məsələ bir də 1979-cu il inqilabından sonra gündəmə gəldi. Radikal dini dairələr hicabın məcburi şəkildə tətbiq olunmasına dair çağırışlar səsləndirməyə başladılar. Həmin dövrdə (1979-cu ilin martında) rəsmi “Ettelaat” qəzetində ayətullah Mahmud Taleqani ilə hicabla bağlı geniş müsahibə dərc olundu. “Hicab məsələsində məcburiyyət yoxdur” başlığı ilə manşetə çıxarılan həmin müsahibə dövlət idarələrində hicabın məcburi tətbiqinə dair hökmə etiraz idi. Lakin mütərəqqi düşüncəli ruhanilərin səsi tezliklə boğuldu və radikal dairələrin mövqeyi üstün gəldi. Bu gün məhz həmin radikal dairələr Azərbaycanda guya hicab probleminin mövcudluğu barədə hay-küy qoparırlar. Qəribə burasıdır ki, hicab az qala islami kimliyin təməli, müsəlmanlığın ən mühüm göstəricisi kimi qələmə verilir, onun “əldən getməsi” imanın, namus və qeyrətin süqutu kimi təqdim olunur.
–Sizcə, doğrudanmı belədir? Bəs müqəddəs kitabımız “Qurani-Kərim” bu barədə nə deyir?
– Qeyd etmək lazımdır ki, “hicab” sözü Quranda bugünkü mənasında deyil, müxtəlif kontekstlərdə əsasən “pərdə” mənasında işlənir. Yalnız, bir yerdə – “Əhzab” surəsinin 53-cü ayəsində bu söz qadınlarla, daha dəqiq desək, peyğəmbərin zövcələri ilə əlaqədar işlənib. (“Peyğəmbərin zövcələrindən bir şey istədiyiniz zaman pərdə arxasından istəyin”). İslami ədəbiyyatda “hicab ayəsi” dedikdə məhz bu ayə nəzərdə tutulur.
“Hicab” sözünün indiki, yəni qadın örtüyü mənası ilə bağlı isə Quranda iki ayə var. Bunlar “Nur” surəsinin 31-ci və “Əhzab” surəsinin 59-cu ayələridir. Daha öncə nazil olmuş birinci ayədə deyilir: “Mömin qadınlara de: Gözlərini naməhrəmə baxmaqdan çevirsinlər, ayıb yerlərini örtülü saxlasınlar, öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər, baş örtüklərini yaxalarına çəksinlər... Öz ayaqlarını yerə elə vurmasınlar ki, gizlətdikləri zinətlər bəlli olsun...”. Burada baş örtüyü mənasında “xumar” (daha doğrusu, onun cəm şəkli “xumur”) işlədilib. Həmin örpəyin konkret şəraitlə və ərəb mühiti ilə bağlı olduğunu “Kəşşaf”a istinadən Mütəhhəri də qeyd edir...“Əhzab” surəsinin 59-cu ayəsi daha konkret sosial şəraitlə və ictimai amillərlə bağlıdır. Həmin ayədə deyilir: “Ey peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin arvadlarına de ki, örpəklərini gözlərinə yaxınlaşdırsınlar. Bu onların tanınmaları və əziyyətə məruz qalmamalı üçün daha münasibdir”.Yəni, demək istəyirəm ki, bütün bunlar məsələnin konkret tarixi şərait və sosial strukturla sıx bağlı olduğunu aydın göstərməkdədir. Əlbəttə, mən heç də hicabın islamda vacib olmadığı təsəvvürü yaratmaq fikrində deyiləm. Bura qədər dediklərimlə sadəcə, iki məsələni qabartmaq istəyirəm. Birincisi, hicab məsələsi nə qədər vacib sayılsa da, islamın təməl prinsipləri və ilkin şərtləri sırasında yer almır. İkincisi, Quran və hədislərdə azyaşlı qızların hicaba riayət etməsi, örtünməsi kimi göstəriş yoxdur. Əksinə, bir çox hədislərdə, əski osmanlıca da işlənən ifadə ilə desək, qızların “çarşaba girməsi” üçün yetkinlik yaşına çatmasının vacibliyi vurğulanır.
– Bəs onda bəzi qrupların hicabın orta məktəblərə girməsi üzərində təkid etməsi nə dərəcədə düzgündür?
– Əlbəttə, düzgün deyil və ümumiyyətlə, bu yöndə cavabını gözləyən çoxsaylı suallar ortadadır. Məsələn, həddi-buluğa çatmamış bir qızın ailə üzvlərinin, qohumlarının tapşırığı, təzyiqi əsasında örtünməsi dinin tələblərinə uyğundurmu? Axı o uşaq dinin mahiyyətini, Quranın hikmətini nə zaman anlayıb dərk etdi ki, indi də hicaba riayət etsin?
İstənilən halda hicab məsələsinə tarixi-ictimai şərait nəzərə alınmaqla yanaşılmalıdır. Köhnə çağlarda – qadınların əsasən evdə oturduğu, uzağı həyətyanı sahəsində çalışdığı vaxtlarda bu məsələ nisbətən rahat həllini tapır, sosial-psixoloji konfliktlərə meydan açmırdı. İndi isə qadınlar total şəkildə ictimai həyata cəlb olunub. Azərbaycanda ictimai həyat dünyəvi prinsiplərlə tənzimlənir. Kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, hicabla mübarizə qadın azadlığının, bütövlükdə modernləşmənin tərkib hissəsi kimi, çağdaş şərtlərlə ayaqlaşmaq istəyinin təzahürü kimi baş tutub. Bu, tarixdir, tarixin gedişatıdır. Tarixin təkərini isə geri qaytarmaq mümkün deyil.
K.HƏMZƏOĞLU