Prezident İlham Əliyev Malayziyanın baş naziri Dato’ Sri Mohd Nacibə başsağlığı məktubu göndərib.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının başsağlığında deyilir:
“Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin Ukrayna ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirib. Baş vermiş bu dəhşətli faciə ilə əlaqədar sizə, həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
İlham Əliyev Niderland Krallığının baş naziri Mark Rütteyə də başsağlığı məktubu göndərib: “Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninizin həlak olması xəbəri məni sarsıdıb.
Baş vermiş bu ağır faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.