Prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imalayıb.
525.az-ın prezidentin rəsmi saytına əsasən verdiyi məlumata görə, sərəncama əsasən Təhsil Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:
Sumqayıt şəhər, Abşeron, Xızı və Qubadlı rayon təhsil şöbələrinin bazasında Sumqayıt Regional Təhsil İdarəsi; Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon təhsil şöbələrinin bazasında Xaçmaz Regional Təhsil İdarəsi; İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin bazasında İsmayıllı Regional Təhsil İdarəsi; Şəki şəhər, Oğuz və Qəbələ rayon təhsil şöbələrinin bazasında Oğuz Regional Təhsil İdarəsi; Balakən, Zaqatala və Qax rayon təhsil şöbələrinin bazasında Balakən Regional Təhsil İdarəsi; Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin bazasında Ağstafa Regional Təhsil İdarəsi; Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin bazasında Şəmkir Regional Təhsil İdarəsi; Gəncə və Naftalan şəhər, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Xocalı rayon təhsil şöbələrinin bazasında Gəncə Regional Təhsil İdarəsi; Yevlax və Mingəçevir şəhər, Ağdaş və Bərdə rayon təhsil şöbələrinin bazasında Yevlax Regional Təhsil İdarəsi; Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi; Ucar, Zərdab, Kürdəmir və Göyçay rayon təhsil şöbələrinin bazasında Ucar Regional Təhsil İdarəsi; Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbələrinin bazasında Sabirabad Regional Təhsil İdarəsi; Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayon təhsil şöbələrinin bazasında Salyan Regional Təhsil İdarəsi; Masallı, Yardımlı və Cəlilabad rayon təhsil şöbələrinin bazasında Masallı Regional Təhsil İdarəsi; Lənkəran şəhər, Astara və Lerik rayon təhsil şöbələrinin bazasında Astara Regional Təhsil İdarəsi.
Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə aşağıdakı məsələləri həll etmək tapşırlıb: 3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin; 3.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Bu sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minir. Qeyd edək ki, bununla Azərbaycanda təhsil şöbələri ləğv olunur.