
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Qubadlı Şəhəri Günü" adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb. Virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, kitablar, ənənəvi sərgidə isə Qubadlı şəhəri haqqında, eləcə də Milli Kitabxananın fondunda mühafizə olunan Vətən müharibəsini və Böyük Zəfəri əks etdirən kitablar və materiallar nümayiş olunur. Ənənəvi sərgi bir həftə davam edəcək.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları da 25 Oktyabr - Qubadlı Şəhəri Günü ilə əlaqədar silsilə materiallar - virtual kitab sərgisi, videomaterial, internet resursları bazası hazırlayıblar.
Materiallarda Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı rayonunun yaranma tarixi, etnoqrafiyası, iqtisadi-coğrafi mövqeyi, mədəni-dini obyektləri - məscidləri, türbələri, alban mədəniyyət qalıqları, Laləzar, Bərgüşad kimi körpüləri haqqında geniş məlumat verilib. Eləcə də erməni işğalı dövründə ərazilərin məruz qaldığı vandallıq aktları - tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalq-iqtidar-Ordu birliyi nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və Qubadlı rayonunun işğaldan azad olunması haqqında məlumatlar təqdim edilir. Videomaterialda dövlətimizin başçısının xalqa müraciətlə Qubadlının geri alınması xəbərini verməsinə, Qubadlı rayonunda aparılan yenidənqurma işlərinə dair görüntülər də yer alır.
Virtual kitab sərgisində Prezident İlham Əliyevin şəhər günlərinin təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, "Vətən simurqları", "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru", "Qubadlı: Qədim Azərbaycan torpağı, Zəngəzurun qapısı", "Azərbaycan dilinin Qubadlı şivələri", "Dolub-boşalan Qubadlı", "Qubadlı görüşünə gəlmişəm" kimi 20-dən çox kitabın, "İşğal tarixi silinir", "Qubadlı: 30 ilin o başı, bu başı" kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.
Qubadlı Şəhəri Günü ilə əlaqədar kitabxananın rəsmi saytında, həmçinin, elektron resursların bazası yaradılıb. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Qubadlı şəhəri haqqında dərc edilən materiallar toplanılır.
Şahanə MÜŞFİQ



