“Azərbaycan” İntellektual Oyunlar Klubu və Şabran rayon Gənclər və İdman İdarəsi ilə birgə təsis edilmiş “Azərbaycan-Şabran” İOK-un məktəblilər arasında intellektual oyunlar üzrə yarışı keçirilib.
525.az-ın məlumatına görə, Şabran şəhərində baş tutmuş və rayonun məktəbli liqasının mütəmadi oyunlarının keçirilməsinə həsr olunmuş yarış Breyn-rinq formatında təşkil edilib. Oyun günü rayonu təmsil edən 9 komandanın iştirakı ilə yadda qalıb.
“Azərbaycan” İntellektual Oyunlar Klubunun Aydın Piriyevin sözlərinə görə, Azərbaycan İntellektual Klublar Assosiasiyasının üzvü olan klubun missiyası istedadlı gənclərin intellektual hərəkata cəlb edilməsidir. Regionlarda intellektual hərəkatın inkişafı da klubun prioritet fəaliyyət istiqamətlərindən biridir. Artıq Siyəzəndə intellektual oyunlar klubu təsis edilmiş və bundan sonra digər rayonlarda da klubların yaradılması nəzərdə tutulub.
Sonda Şabran turnirinin qalibləri diplom və hədiyyələrlə təltif edilib və xatirə şəkilləri çəkdirilib.



