Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində 8 Noyabr - Zəfər gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
525.az xəbər verir ki, iştirakçılar və qonaqlar Zəfər günü münasibətilə hazırlanmış sərgiyə də baxıblar. AMEA Gəncə Bölməsinin böyük konfrans salonunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev konfransı giriş sözü ilə açaraq, iştirakçıları və qonaqları salamlayıb, bu tədbiri millətimiz üçün çox qürurlu və əziz bir tarixi an olan Zəfər gününün şərəfli mahiyyətinin daha dərindən anlanılması üçün vacib elmi toplantı kimi xarakterizə edib.
Akademik F.Əliyev Zəfər gününü Azərbaycan Respublikasinin Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli dövlət və ordu quruculuğu strategiyasının təntənəsi kimi dəyərləndirərək vurğulayıb ki, onun rəhbərliyi altında, millətimizin həmrəyliyi və Azərbaycan əsgərinin misilsiz igidliyi sayəsində Vətən torpaqlarımızın bütövlüyü tam bərqərar olub.
Konfransda AMEA və Elm və Təsil Nazirliyinin institutlarında çalışan tədqiqatçılar “Azərbaycan tarixinə şəhidlərin qanı ilə yazılmış Zəfər Günü”, “İlahi və dünyəvi ədalətin təntənəsi - Qarabağ zəfəri”, “Şuşa zəfəri tarixi qələbəmizin qürur səhifəsidir”, “Müzəffər Ali Baş Komandanın qələbə əzmi gənclər üçün örnəkdir”, “Qarabağ zəfərindən Zəngəzura gedən yol”, “Azərbaycanın qələbəsinin beynəlxalq geosiyasi təhlükəsizliyin təminatı proseslərində rolu”, “Qarabağ zəfərinin müasir elmi ədəbiyyatlarda əks olunması” mövzuları üzrə məruzələrlə çıxış ediblər.
Toplantıda həmçinin AMEA Gəncə Bölməsinin torpaqlarımızın bütövlüyü naminə birinci və ikinci Qarabağ müharibələrində döyüşmüş əməkdaşları mükafatlarılıblar.
Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov Zəfər Gününə həsr edilən bu tədbirin yüksək səviyyədə keçirildiyini bildirib. O, həmçinin Gəncədə çalışan alim və ziyalıların şəhərin ictimai həyatında da daim fəal mövqe tutuduqlarını qeyd edib.
Görüşün yekununda AMEA Gəncə Bölməsinin, eləcə də Gəncə Ziyalılar Cəmiyyətinin sədri akademik Fuad Əliyev iştirakçılara məzmunlu çıxışlar üçün təşəkkür edib, müasir Azərbaycan Tarixinin ən şərəfli anı olan Zəfər Günü münasibətilə şəhər ziyalıları adından bir daha xalqımıza təbriklərini çatdırıb.
Zakir Muradov, Gəncə