Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Türk dövlət və toplumlarından gələn jurnalist, yazar və siyasi icmalçılarla görüşüb.
525.az-ın məlumatına görə, millət vəkili Türk dövlət və toplumlarından gələn jurnalist, yazar və siyasi icmalçılarla görüşüb və onlarla ətraflı fikir mübadiləsi aparıb. Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş yeni nəsil aydınlarını Bakıda görməkdən məmnun olduğunu deyən Qənirə Paşayeva türk xalqları arasında ictimai, ədəbi, mədəni bağların daha da möhkəmlənməsini yüksək dəyərləndirib.
O bildirib ki, ortaq dəyərlərə, gələnəyə və keçmişə sahib olan Türk xalqlar arasında bağların daha da sıxlaşması, aydınların arasında müxtəlif sahələrdə qarşılıqlı fikir mübadiləsinin aparılması olduqca vacib və əhmiyyətlidir.
Millət vəkili Azərbaycana səfərə gəlmiş yazar və ziyalılara Dağlıq Qarabağ problemi və onun tarixi kökləri barədə geniş məlumatlar verdi.
“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə dəstək olmalıyıq”.
Sabahdan onların cəbhə bölgələrə, cəbhəyanə rayonlara ilk öncə Tovuzdan başlayaraq sonra Ağdam, Tərtərdə olacaqlarını vurğulayan Qənirə Paşayeva bildirdi ki, qonaqlar Dağlıq Qarabağ problemi ilə ətraflı tanış olacaq, cəbhəyanı ərazilərdə yaşayan soydaşlarımızın həyatıyla daha yaxından maraqlanıb bu münaqişənin əsl səbəbi və həqiqətləri barədə yazılar yazacaqlar.
“Əminəm ki, siz hər şeydən əvvəl gördüklərinizi, həqiqətləri yazacaq, vətəninizə qayıdandan sonra öz xalqınıza yazılarınızla Dağlıq Qarabağ münaqişəsi barədə daha ətraflı və obyektiv məlumat verəcəksiniz”— deyə millət vəkili Qənirə Paşayeva bildirdi.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı qeyd etdi ki, türksoylu ölkə və toplumlarından qonaq gəlmiş yazarların yazıları rus və ingilis dillərində çap olunaraq ictimaiyyətə təqdim olunacaq.
Qonaqlar görüş zamanı Azərbaycanla, xüsusilə Bakı ilə bağlı öz təəssüratlarını bildirib və türk coğrafiyasında yaşayan xalq və topluluqlar arasında bağların möhkəmlənməsi və digər məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparıblar. Sonda qonaqlar Qənirə Paşayevaya xatirə hədiyyələri təqdim edib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, noyabrın 11-nə kimi davam edən səfər çərçivəsində qonaqlar Azərbaycanın bir sıra bölgələrinə, o cümlədən Tovuz, Tərtər, Ağdam və Qubaya səfər edəcəklər.