Ramazan bayramında əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar aprelin 10-dan 14-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
525.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 66 avtobus buraxılıb, 137 əlavə reys təşkil olunub.
Ümumilikdə isə bayram günlərində BBAK-dan 1599 reys həyata keçirilib, 43 min 525 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
"Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. 8745 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb", - deyə AYNA-nın məlumatında qeyd olunub.