Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ekoloji Bilik Gününə həsr olunmuş “Yaşıl təhsil” elmi-praktik konfransı keçirilib.
Konfransda ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti, həmçinin Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri, dosent Fuad Hümbətov, eləcə də tələbələr iştirak ediblər.
525.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Universitetin rektoru, professor Cəfər Cəfərov konfransın təşkil edilməsinin əsas məqsədinin cəmiyyətdə ekoloji biliklər və ekoloji mədəniyyətin formalaşması və ekoloji təhsilin əhəmiyyətini təbliğ edərək önə çəkmək olduğunu diqqətə çatdırıb. Rektor, eyni zamanda bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin komitə sərdi, dosent Sadiq Qurbanov “Yaşıl dünya: problemlər, prespektivlər” mövzusunda məruzə ilə çıxış edərək ekologiya problemləri, o cümlədən iqlim dəyişikliyi, təbii ehtiyatların tükənməsi, biomüxtəlifliyin azalması, qida çatışmazlığı və ətraf mühitin çirklənməsinin mühüm sosial-iqtisadi problemlərdən olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, biosferin tarazlığını təmin etmək üçün daim artan ehtiyaclarımızı planetin təbii imkanlarına uyğunlaşdırmaq zərurətinin dərk edilməsi hazırda dünya birliyi səviyyəsində qəbul edilən dayanıqlı inkişaf paradiqmasının formalaşmasına gətirib çıxarıb. Təhsil və mədəniyyət sahəsində ekoloji məsələlərin prioritetini müəyyən edən müasir innovativ inkişafın, siyasətin, iqtisadiyyatın və hüququn əsasında məhz ekoloji tələblərin dayandığı vurğulanıb.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov “Ekoloji maarifləndirmə prioritetlərdən biri kimi” mövzusunda məruzəsində bildirib ki, ekoloji biliklərin daim yenilənməsi müasir dövrün mühüm tələblərindəndir. Ekoloji təhsil həm də gələcək mütəxəssislərin ekoloji tərbiyəsinin mühüm tərkib hissəsidir.
Professor A.Zamanov təbii sərvətlərin tükəndiyi və yararsız hala düşdüyü, iqlim böhranının təhlükəli üzünü göstərdiyi zamanda ekoloji maarifləndirmənin hazırda heç vaxt olmadığından daha aktual olduğunu diqqətə çatdırmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini, Azərbaycanın 2030-cu ilə qədər beş milli prioritetindən birinin “Təmiz ətraf əlaqədar insanların ekoloji maarifləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Konfransda “Ətraf mühit və qanunvericilik” mövzusunda məruzə edən dosent Fuad Hümbətov təbiətdən istifadənin, ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsinin əsas prinsiplərinindən söz açıb, qanunvericilik məsələlərinin prioritetliyindən bəhs edib. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və qanunların ölkədə ekologiya sahəsində ictimai münasibətlərin lazımi səviyyədə tənzimlənməsini təmin etdiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda ADPU-nun Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti Şəbnəm Əsədova “Hər kəs üçün yaşıl dünya” adlı məruzəsində Azərbaycanın müasir ekoloji problemləri, bu problemlərin dayanıqlı həlli yolları, ekoloji tarazlığın qorunması, ekoloji təhsilin fasiləsizliyi və digər məsələlər haqqında məlumat verib.
Konfrans məruzələr ətrafında müzakirələrlə öz işini davam etdirib.
Sevinc Qarayeva