|
|
|
|
100 il öncə Bakıda bir xəzri əsib, 100 il öncə Nəbi Babayev dünyaya gəlib. Həmin Nəbi Babayev ki, sonralar Azərbaycanın görkəmli şairi Nəbi Xəzri olacaqdı, 100 il əvvəl əsən xəzrini isminin yanına - ürəklərə həkk edəcəkdi. Xalq şairimizin xatirəsini yad etmək üçün oğlu Arzu Babayevlə həmsöhbət olduq. Söhbətimizi oxuculara təqdim edirik.
- Tamam başqa sahədə çalışmısınız, uzun illər sistem işçisi olmusunuz. Şair ailəsində böyüyüb, sentimental hisslərlə tərbiyə olunub ciddi işdə çalışmaq sizi narahat etmirdi ki?
- Hərəsinin öz yeri var - işin iş yeri, sentimental, poetik duyğuların öz yeri. Şükür Allaha elə bir ailədə böyümüşəm ki, daim poeziya bizi müşayiət edib. Çünki atam təzə şeirlərini mürəkkəbi qurumamış ilk bizə oxuyub. Ümumiyyətlə, şair ailəsində böyümək mənim həyatımı nəcib hisslərə, xoş duyğulara istiqamətləndirib, pis xislətli insan olmaqdan yayındırıb.
- İlk dəfə uşaqlıq ab-havasında ayrılıb Nəbi Xəzrini şair kimi dərk edəndə, populyarlığının fərqinə varanda hansı hissləri keçirmisiz?
- Yazıb-oxumağı öyrənəndən sonra ilk atamın kitablarını mütaliə etmişəm. Ümumiyyətlə, şair ailəsində, sənətkar ailəsində böyümək özü böyük bir xoşbəxtlikdir, insanı xoş məramlara səsləyir. Mən də bunun fərqinə varanda özümü dünyanın ən xoşbəxt insanı hesab etmişəm.
- Nəbi Xəzrini tanıyanlar çox ciddi insan olduğunu deyirlər. Ailəsinə, ələlxüsus, sizə olan sevgisini necə büruzə verirdi?
- Onun xarakterinin iki siması var idi; çox mehriban, nəcib insan və sərt insan. Övladları ilə çox ciddi münasibət qurub və bizi heç vaxt ərköyün böyütməyib. Buna görə, onun ruhu qarşısında hər zaman baş əyirəm. Yayda bağda qalanda bütün həyət işlərini mənə gördürərdi. Adam var, o işlər üçün bağban tutur, amma atam o işlərin hamısını mənə tapşırırdı. Ona görə də, daim ona minnətdaram. O məni ərköyün böyütmədi, zəhmətə qatlaşdırdı. Həmişə mənə deyərdi: "Elə bir istiqamətdə böyüməlisən ki, mən olmasam, həyatdan baş çıxarda biləsən. Nə qədər sağam kölgəm üstündə olacaq, amma istəyərəm ki, sağlığımda da müstəqil şəkildə özünə yol açasan, çətinlikdən çıxa biləsən". Düzdür, elə çətin anlar olub ki, özüm o çətinlikdən çıxa bilmişəm. Amma çıxa bilməyəndə, son anda mənə kömək olub, əlimdən tutub məni o vəziyyətdən çıxardıb.
- Vəfatından sonra çətin anlarınızda atanızı axtarmısız?
- Lap kövrəltdin məni... İndi 62 yaşım var. Amma insanın hər yaşda atasına, anasına ehtiyacı var. Hər yaşda...
- Tanınmış tənqidçi Vaqif Yusifli Nəbi Xəzri ilə bağlı bir yazı yazır və yazıya "Xoşbəxt taleli sənətkar" adını verir. Arzu bəy sizcə, həqiqətənmi Nəbi Xəzri xoşbəxt taleli idi?
- Əlbəttə ki. O sənətkar kimi xoşbəxt idi, amma insan kimi həyatda çox ağrı-acılar görmüşdü. Əvvəla, körpə balalarını itirmişdi. İki yaşlı bacımı və dörd yaşında qardaşımı. Bu özü ata üçün ən böyük dərddir. Yaşının ahıl vaxtında isə öz həyat yoldaşını, mənim anamı itirdi. Bu, həyatda ona ən böyük zərbə oldu. "Qadınsız ev" şeirini yazdı.
Çiyinlərdə yerin-göyün qəmidir,
Ah çəkirsən asimana yetişir.
Qadınsız ev -
tufandakı gəmidir,
O nə batır, nə limana yetişir.
Həyatda nə qədər ağrı-acı çəkməsinə baxmayaraq, sənətkar kimi, şair kimi xoşbəxt insan olub. Çünki onun əsərləri, yaradıcılığı sovet dönəmində də, müstəqillik dövründə də layiqincə qiymətləndirilib. 1968-ci ildə "İki Xəzər" poemasına görə ilk mükafatını aldı. 1973-cü ildə "Dəniz zirvədən başlayır" kitabına görə SSR Dövlət mükafatına layiq görüldü. Bu xəbəri ilk olaraq Ulu öndər Heydər Əliyev ona zəng edib demişdi. İndiki kimi yadımdadır, mənim onda 11 yaşım var idi. Atam telefonu götürüb tez keçdi otağına. Dostu Şükür Xanlarov da bizdə idi. Bir az keçəndən sonra gülümsəyərək otaqdan çıxdı və bizi təbrik elədi. 1982-ci ildə isə "İnam" poemasına görə Heydər Əliyev ona Azərbaycanın Dövlət mükafatı verdi. 1974-cü ildə Əməkdar incəsənət xadimi fəxri adını və "Qırmızı Əmək bayrağı" ordenini aldı. 1984-cü ildə Xalq şairi adını, 1985-ci ildə "Lenin" ordeni, 1995-ci ildə "Şöhrət" ordeni aldı. 2004-cü ildə isə 80 illik yubileyi ilə bağlı Prezident İlham Əliyev tərəfindən "İstiqlal" ordeni ilə mükafatlandırıldı. Qısası, sənətkarlığı daim qiymətləndirilib deyə Nəbi Xəzri xoşbəxt sənətkardır.
- Bu ilin dekabrında şairin 100 illik yubileyidir. Bununla bağlı dövlət səviyyəsində tədbir keçirilməsi planlaşdırılırmı?
- Atamın 90 illik yubileyi cənab Prezidentin sərəncamı ilə yüksək səviyyədə keçirilmişdi. 100 illik yubiley həmişə olmur. Yəqin ki, bununla bağlı tədbir keçirilər. Prezidentin rəsmi saytına mən özüm də bu tədbirin keçirilməsinə görə müraciət etmişəm.
- Şair 83 illik həyat yolunda bir çox itkilər verib. Övlad acısını da yaşayıb, həyat yoldaşını da vaxtsız itirib. Onu ən çox sarsıdan kimin itkisi oldu?
- Həyat yoldaşının itkisi. Kişi ahıl vaxtında öz ömür-gün yoldaşını itirməyi ilə qanadsız quşa çevrilir. Allah heç bir kişiyə yaşlı vaxtı həyat yoldaşını itirməyi göstərməsin. Qadınlar dözümlü olur, onlar həyat yoldaşlarını itirəndə bu vəziyyətdən çıxa bilirlər. Kişi isə əzab çəkir. Anam dünyasını dəyişəndə atamın sanki psixologiyası, həyata baxışı dəyişdi. Ətrafdan təcrid oldu. Anamın vəfatından sonra hər həftənin şənbə, bazar günü bizdə "valideyn günü" olurdu. Mən öz ailəmlə, bacılarım öz ailəsi ilə yığışıb Xırdalandakı evimizə gedirdik. Amma elə olurdu mən həftə içi də atamın yanına gedirdim. Gedirdim qalırdım, söhbət edirdik. Axır vaxtlar atam kövrək olmuşdu. Məni hər görəndə deyirdi, nə yaxşı gəldin. Yenə deyirəm, atam rahat idi, ona baxanlar var idi. Amma heç kim həyat yoldaşının yerin verə bilməz.
- Müsahibələrinizin birində bildirmisiz ki, Səməd Vurğun rəhmətə gedəndə Nəbi Xəzri dəhşətli dərəcədə hönkürüb. Səməd Vurğuna qarşı olan o sevginin əsas səbəbi nə idi? İki şairin münasibətləri barəsində nələr bilirsiniz?
- Səməd Vurğun Nəbi Xəzriyə sanki mənəvi atalıq eləmişdi. Ümumiyyətlə, gənc şairlərin hamısına mənəvi atalıq edirdi, həvəsləndirirdi, onlara stimul verirdi. 1944-cü ildə atam əsgərlikdən qayıdandan sonra radioda diktor olaraq işləməyə başlayır. Onda şeirləri dövri mətbuatda çap olunur. "Söz" şeiri var idi və mənə görə həmin şeir yaradıcılığının manifesti idi. Bir bu şeiri, bir də "Yaylıq" şeirini oxuyan Səməd Vurğun deyir: "Kimdir bu şeirləri yazan cavan oğlan? Onu tapıb gətirin yanıma". Daha sonra Yazıçılar İttifaqına qəbul olmaq üçün atama zəmanət verir, ona böyük şair olacağını, onda şair damarının olduğunu söyləyir. Bu sözləri dağ boyda şairdən eşitmək fəxr idi. 1951-ci ildə atam tələbə olanda Moskvada dekada keçirilir. Gənc şair kimi atam da orada iştirak edir. Səməd Vurğun atamı görəndə çox sevinir. Hətta tədbirdən sonra atamla şəhəri gəzməyə çıxır. Mağazaların birindən iki eyni çilçıraq alırlar və indi o çilçırağın biri Nəbi Xəzrinin evini işıqlandırır, digəri isə Səməd Vurğunun ev-muzeyini. Mən sevinirəm ki, eyni çıraq həm Nəbi Xəzrinin, həm də Səməd Vurğunun evini işıqlandırır. 1956-cı ildə şair vəfat edəndə atam hönkürərək gəldi və dedi ki, mənəvi atamızı itirdik, qolumuz-qanadımız qırıldı. Anam həmişə bizə deyərdi ki, Nəbini heç vaxt elə ağlayan görməmişdim.
- Nəbi Xəzri Səməd Vurğunun 90 illiyində köhnə dostu Rəsul Həmzətovla nə üçün eyni masa arxasında oturmaqdan imtina etdi?
- Atamla Rəsul Həmzətov tələbə yoldaşı və yaxşı dost olublar. Səməd Vurğun onların dostluğuna böyük qiymət verirdi. Səməd Vurğun özü də Rəsul Həmzətovun xətrin çox istəyirdi. 1988-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun yanında ermənilərlə azərbaycanlılar arasındakı konflikti həll etmək üçün iclas keçirilir. Orada Rəsul Həmzətov da çıxış edir və neytral mövqe tutur. Atam da televizora baxır və deyir: "Mən Rəsuldan Azərbaycan xalqının dostu kimi, qafqazlı kimi başqa cavab gözləyirdim, amma Rəsul gah nala, gah mıxa vurdu, bizi müdafiə etmədi". Küskünlüyünü bildirmək üçün atam ona teleqram yazdı. Rəsul Həmzətov isə buna cavab olaraq qəzetə yazı verdi və orda bir daha qeyd etdi ki, mənim mövqeyim neytraldır və mən istəyirəm ki, iki xalq arasında dostluq olsun. Atam Rəsul Həmzətovun ona beynəlxalq müstəvidə cavab verməsinə, telefon zəngi etməməsinə çox qəzəbləndi. Onlar bir müddət küsülü qaldılar. 1997-ci ildə Səməd Vurğunun 90 illiyi yubileyində Heydər Əliyev Rəsul Həmzətova zəng vurub deyir ki, sizi bu yubileydə görmək istərdik. Rəsul Həmzətov isə ilk öncə Nəbi Xəzrini ziyarət edib, yoldaşının vəfatına görə ona başsağlığı verib gələcəyini qeyd edir. Onlar kövrək şəkildə görüşdülər. Qapını açdım, iki dost bir-birinə baxdı, ağlaşıb qucaqlaşdı. Elə bil ürəklərindəki yük götürüldü və onlar barışdılar. Artıq onlar Səməd Vurğunun yubiley tədbirində barışmışdılar. Ayrı oturmalarının səbəbi küs olmaları deyildi.
- Nəbi Xəzrinin şeirlərinə bəstələnən mahnılar dillər əzbəridir. Şair özü bu mahnılardan hansını daha çox sevirdi?
- Desəm ki, xüsusən daha çox sevdiyi mahnı var idi, düz olmaz. Onun şeirlərinə 125 mahnı bəstələnmişdi: "Azərbaycan", "Odlar yurdu", "Dərələr", "Şuşanın yolları", "Abşeron", "Ağ çiçəyim" və başqaları. Hamısını sevərək dinləyirdi.
- "Çəkin bu torpaqdan qara əlləri! Çəkin Qarabağdan qara əlləri!" - deyən şairin səsi eşidildi. Şair sağ olsaydı, Qarabağın azadlığından sonra ilk haranı görmək istəyərdi? Onun Qarabağla bağlı hansı xüsusi xatirəsini danışa bilərsiz?
- Əlbəttə ki, Nəbi Xəzri sağ olsaydı, ilk Şuşaya gedərdi və o qədər sevinərdi, o qədər ilhamlanardı ki, yeni bir poema yazardı. SSRİ dövründə "Şuşanın yolları" adlı Şuşa haqqında ilk şeirini yazır. Müharibədən sonra isə "Şuşa" və "Şuşa gəlir yuxularıma" adlı şeirlərini yazır və bu iki şeiri sakit oxumaq mümkün deyil. Oxuduqca insan dəhşətə gəlir. Çox istərdim ki, atam indi sağ olaydı və türk dünyasının bu misilsiz qələbəsini görəydi. Onda necə əsərlər yaradardı. Qismət...
- Vəsiyyət edə bilməyən şair yuxularınıza gəlirmi?
- Gəlir, amma nadir hallarda. Danışan görmürəm, sadəcə gülümsəyir. Mən ona tərəf üzümü çevirən kimi mənə baxır və gülümsəyir. Sanki məni görməyinə sevinir. Bilirəm ki, insanın ruhu heç vaxt ölmür, ölən cisimdir. Arzu edirəm və bilirəm ki, atam indi anamla bir yerdədir. Ruhları bizi hifz edir.
- Bu gün atanız sağ olsaydı, sağlığında deyə bilmədiyiniz hansı sözü ona demək istərdiz?
- Çətin sualdır. Çünki ömrünün son beş ilində biz səmimi dost olmuşuq, mən atama ürəyimi açmışam. Mən deyərdim ki, ən yaxın dostum atam olub. Son günlərində onun dili tutuldu. Bəlkə də, deyə bilmədiyi sözlər oldu. Bəlkə də, Nəbi Xəzri deyə bilmədiyi sözlərə görə peşman oldu.
Ləman İLKİN