Keniyada aclıq təriqətinin lideri 400-dən çox ardıcılının ölümündə təqsirli bilinərək qəsdən adam öldürmə ittihamı ilə mühakimə olunur.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təriqət lideri, özünü pastor elan edən Paul Mackenzi Nthnge və digər şübhəlilər “Şakahola meşə qətliamı” kimi tanınan hadisədə ittiham olunurlar.
"Keniyada heç vaxt belə qəsdən adam öldürmə halları baş verməyib. Onlar Keniya qanununa əsasən ittiham olunacaqlar. Bu, çox nadir adam öldürmə hadisəsidir”, - deyə prokuror Alexander Jami Yamina bildirib.
Mackenzinin cinayəti Keniyada və bütün dünyada şok yaradıb. O, insanları "Hz. İsa ilə görüşmək və cənnətə getmək” vədi ilə aldadaraq aclıqdan ölməyə təhrik edib.
Təriqət rəhbəri keçən ilin aprelində Hind okeanının Malindi şəhərindəki ucqar Şakahola meşəsində bir neçə cəsəd aşkar edildikdən sonra həbs olunub. Aclıq təriqətinin üzvlərinin Şakahola meşəsində 800 hektarlıq bir ərazidə yaşadığı bildirilir.
Xilasedicilər uzun aylar ərzində meşəlik ərazilərdə axtarış aparıblar və kütləvi məzarlıqlardan təxminən 448 cəsəd çıxarıblar. Müayinələr nəticəsində qurbanların əksəriyyətinin aclıqdan öldüyü məlum olub. Amma uşaqlar da daxil olmaqla, digərlərinin boğularaq öldürüldüyü, döyüldüyü, işgəncə gördüyü aşkar edilib. Əvvəlki məhkəmə sənədlərində cəsədlərin bəzilərinin orqanlarının çıxarıldığı bildirilirdi.
Məhkəmə dinləmələri 4 gün davam edəcək və ən azı 420 şahid ifadə verəcək. Bəzi ifadələr qapalı şəkildə olacaq.
Qeyd edək ki, Mackenzi 2003-cü ildə kilsə qurub, lakin 2019-cu ildə onu bağlayaraq, keçən ilin avqustunda dünyanın sonunu gətirəcəyini düşündüyü hadisəyə hazırlaşmaq üçün Şakaholaya köçüb.
Keniya senatının və dövlət tərəfindən maliyyələşdirilən insan haqları təşkilatlarının ayrı-ayrı hesabatlarında deyilir ki, hakimiyyət ölümlərin qarşısını ala bilərdi.
Pərvanə Sultanova