Müsahibimiz kino aktyoru, dramaturq, "Ağ-qara" verilişinin aparıcısı Kamran Ağabalayev Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət ixtisasına uyğun olaraq çalışsa da, karyerasını kino sahəsində davam etdirib. Dünyanın 10 ölkəsində filmə çəkilən K.Ağabalayev bir sıra layihələrin iştirakçısıdır. Çəkildiyi "Biləsuvar" filmi beynəlxalq festivalın əsas müsabiqə proqramına daxil edilib. İranda aktyorluq təhsili alan müsahibimiz həm də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan "Şahzadə Xəzərin nağılı", "Heyvanlar-İstintaq davam edir", "Kod adı: Keçəl, Kosa, Bahar qızı" tamaşalarının müəllifidir.
Kamran Ağabalayevlə söhbətimizi oxuculara təqdim edirik.
- "Ərşin səsini eşitmək xoşbəxtliyin Everest zirvəsidir". Kamran Ağabalayev özü o zirvəyə çatıbmı?
- Ərş tamam ayrı bir mövzudur. Ərş Allahın iqamətgahının adıdır. Allah bizə ərşin səsini eşitməyi, ən önəmlisi, Allahın nəzarəti altında olmağı qismət eləsin. Bir boyunbağı olsun ataq boynumuza, amma yüyəni Allahın əlində olsun. Biz o zaman xoşbəxt olarıq. Çünki bəzən özümüz özümüzü idarə edə bilmirik. Ümumiyyətlə, mən özümü o zirvədə hiss eləmirəm və elə bir fikrim də yoxdur. Olduğum yerdən, gördüyüm işdən məmnunam və xoşbəxtəm. Gördüyün işi o zaman xoşbəxtlik halına salırsan ki, sən sanki işə getmirsən. May ayından bu günə qədər 44 işim olub. Tam olmayan üç ayda... Başqaları bəlkə də, bu prosesdən yorular, amma mən zövq alıram. Mən işimə iş kimi yox, xoşbəxtlik mənbəyi kimi yanaşıram.
- Həyatınızda elə bir dövr varmı ki, onu geri dönüb yenidən yaşamaq istəyəsiniz?
-Yox. Bu, həyatdır, yaşanır, bitir, niyə geri qayıdaq? Heç bir halda dünən mənim deyil, o, artıq yaşanıb. Sabah da mənim deyil, yaşanacaq, ya yaşanmayacaq, bəlli deyil. Bu gün, bu an var. Başqa heç bir an yoxdur, mövcud deyil və bu andan zövq almağı bacarırsansa, nə gözəl.
- Amma hərdən ötən günlər üçün darıxıb deyirik ki, kaş o günə qayıda bilsəydim...
- Heç bir "kaş ki..." yoxdur. Səhvlərimlə, günahlarımla, bəlkələrimlə bu həyatı yaşamışam. Bu gün müəyyən bir işə, yeniliyə başlayanda sıfırdan başlamıram. Mənim artıq bəlkələrim, dünənlərim, keçənlərim var. Həyatımda bir təcrübə ilə başlayıram. O bəlkələr, "kaş ki"lər, "belə edərdim"lər sayəsində müəyyən mövzularda daha uğurlu olmağı bacarıram. Bu, bir boks yarışına bənzəyir. Heç də həmişə ayaqüstə qalanlar qələbə qazanmır. Yıxılıb, qalxanlar hər zaman qalib olur və onda qələbənin dadı da fərqli olur. Yüyən kimin əlindədirsə və o yüyəni idarə edənə sənin yəqinliyin varsa, hər şey çox gözəl olacaq. Əsas Allah bizi bəlalarla sınamasın.
- "Bu yerləri, bu göyləri yağış yuyur, gün qurudur". Kamran bəy yağış sizdən nəyi yuyub aparıb ki, ona bu qədər vurğunsuz?
- Heç nəyi. Sadəcə olaraq yağış yağanda daha enerjili oluram, o, mənə xoşbəxtlik gətirir. Yağış mənim üzümdə təbəssüm yaradır. Allahın nemətidir, möcüzəsidir. Kiçik səbəblərdən xoşbəxt olan biriyəm və yağış da məni xoşbəxt edir. Məndən olsa, sevə-sevə ilin 365 gününü yağış yağan ölkələrdə yaşayaram. Çox rahat şəkildə, geri dönüb boylanmadan...
- Kamran Ağabalayev dünyasında "ana" obrazı.
- Hər yerdə demişəm, mən anamın oğluyam və bununla fəxr edirəm. Çox xoşbəxtəm ki, mənə kişiliyi anam öyrədib. Başqa şansım da olmayıb axı. Mən atamı uşaq yaşlarımda itirmişəm. Amma yaxşı ki, anam öyrədib, mən bununla fəxr edirəm. İndinin özünə kimi mənim anamla söhbətlərim davam edir, çünki mən bilirəm ki, hansı situasiyada anam hansı cavabı verərdi. İçimizdədir onsuz da, ola bilər bəzi insanlar bunu daşıya bilməsinlər, amma mən çox rahat şəkildə daşıyıram (Telefonu yandırır və ekranda anası ilə olan şəklini göstərir).
- Atanızdan az danışmağınızın tək səbəbi onu tez itirməyinizdirmi?
- Başqa nə səbəb ola bilər ki?
- Bəlkə, bir incikliyiniz, qırğınlığınız olub?
- İki yaşlı uşağın atadan nə qırğınlığı olsun? Yəni qırğınımız, davamız olmağı üçün imkan olmayıb.
- Ananız atanızdan danışardı sizə? Xatirinizdə necə biri olaraq canlanır?
- Atamdan dostları, bibilərim danışıb. Atamdan mənə qalan yeganə miras "Neftçi" komandasına olan sevgidir. Başqalarına bağ, ev, mülkiyyət qalanda, mənə də "Neftçi" sevgisi qaldı. Mən düşünürəm ki, indi atamdan və yaxud başqalarından danışsam, anam inciyər. Mən daha çox anamdan danışmağa üstünlük verirəm. Çünki həyatımda olan varlıqdan danışmalıyam. Bəlkəni əkiblər bitməyib. Mən bilmirəm atam sağ olsaydı, necə olacaqdı. Mən özüm atayam və çox yaxşı da atayam. Bunu hər iki oğlum təsdiq edə bilər. Yaxşı ata olmağı ola bilər atasızlıqdan öyrənmişəm. Bəlkə də, ata olmağı da anam öyrədib...
- Rol aldığınız hansı obrazın özündə, daxilində Kamran Ağabalayev var?
- Heç birində. Obraza özümüzdən təbii ki, nəsə əlavə edirik. Elə aktyorlar var ki, deyirlər mən bunu yaşadım, bu rola büründüm, daxili ələyimdən keçirtdim. Bunlar hamısı nağıldır.
- Müsahibələrinizin birində "Ayla" filmində rol alacağınızı demisiniz, amma filmdə sizi görmürük. Bunun səbəbi nədir?
- Maddiyyat barəsində anlaşa bilmədim. Ümumiyyətlə, düşünürəm ki, mən artıq ssenari seçə bilirəm. Bəzən olub ki, o qədər səhv ssenarilər seçmişəm, o qədər doğru ssenarilərdən imtina etmişəm ki. Məsələn, "Uroki farsi" filmindən imtina etmişəm. Bu, ən böyük səhvlərimdən biridir.
- Peşmansınız?
- Etdiyim heç nədən peşman deyiləm. Mən etmişəm və arxasındayam. Sadəcə olaraq qismət olmadı. Vadim Perelmanın üç filminə dəvət almışam və üçündə də son anda alınmayıb. Qismətdən artığın yemək olmur. Bu alınmayıb, amma başqası alınıb. Bu situasiyada məni xoşbəxt edən məqam odur ki, Perelmanın çəkdiyi üç filmin üçünə də mən dəvət almışam. Burda yeganə məni xoşbəxt edən məqam budur.
- Bu gün Azərbaycan televiziyası demək olar ki, tam sərbəst fəaliyyətdədir. Müxtəlif mövzulu proqramlar, verilişlər günü-gündən artır. Bu sərbəstlik kinomuzda da özünü göstərir?
- Sərbəstlik və özbaşınalıq fərqli anlayışlardır və mən düşünürəm ki, sərbəst deyillər, özbaşınadırlar. Çünki bu gün insanlar nədənsə azadlığı özbaşınalığa çeviriblər. Düşünürlər ki, azadlıq özbaşınalıqdır, azadlığın heç bir sərhəddi olmur və çox səhv fikirdədilər. Azadlığın da sərhədləri var. Azadlıq sərhədi keçəndə özbaşınalığa çevrilir. Qaldı digər məsələ. Azərbaycan kinosu deyəndə, gərək Azərbaycanın kinosu olsun ki, bir fikir deyək. Bu gün hansı Azərbaycan kinosudan danışa bilərik. Mən xarici bazarı nəzərdə tuturam, daxili bazarı yox. Daxili bazarda bəli, filmlərimiz var. Məsələn, Emil Quliyevin filmləri. Son çəkdiyi filmdə 300 manat pul qazanmışdı. Azərbaycanlının öz soydaşına dəstəyi budur? Bizimkilər "ver yeyim, ört yatım, gözlə canım çıxmasın" fikri ilə yaşayırlar. Filmlərə ya yutub üzərindən, ya da televizorda baxmağa üstünlük verirlər. Emilin və ya digər rejissorlarımızın filmlərinin hansı pərdəsinə getdilər baxdılar? Hamı bəh-bəhlə danışır, yaxşı, bəs baxmaq, dəstək olmaq?
- Kinomuzun uğurlu alınması üçün maliyyə dəstəyinin nə qədər önəmi var? Bu gün kino üçün ayrılan maddi vəsait bu sahənin inkişafına kifayət edirmi?
- Baxın, niyə bizim qələbə ilə bağlı filmimiz yoxdur? Məğlub olan tərəfin "A" kateqoriyalı festivallarda ondan çox filmi var, bəs bizim niyə yoxdur? Düşünürəm ki, kinomuzun adamlarında artıq o inam qalmayıb. Cənab Prezidentin dəstəyi illərlə olub, amma o illərdə hansı işlər ortaya çıxarılıb? Bizdə bilirsiz necə düşünürlər? Məsələn bir filmə 10 milyon manat pul ayırıblarsa, çox güman ki, o pulun 8 milyonu yeyilir və yerdə qalan 2 milyona film çəkilir. Əslində o pulun hamısına film çəkilsə, ondan da artığın qazana bilərlər. Ən azından düşünürəm ki, cavabdeh bir şəxs olmalıdır və həmin adam deməlidir ki, ayrılan bu məğləb hara gedir, hansı filmin çəkilişinə sərf olunur? Yaxşı, 10 milyonluq film çəkilməsin, amma o qədər cavan, mükəmməl rejissorlarımız var ki. Əminəm ki, onlar 100-150 min manat məbləğlə bədii tammetrajlı film çəkə, "A" kateqoriyalı festivallarda bizi təmsil edə bilərlər. Teymurlar var: Teymur Hacıyev, Teymur Qənbərov, daha sonra Elvin Adıgözəlov var. Parisdə münsiflər heyətinin üzvü sayılan T.Hacıyevin bu gün tammetrajlı filmi yoxdur. Polşada ənənəvi festivallardan birinin bütün mükafatlarını qazanan Teymur Qənbərovun tammetrajlı filmi yoxdur. Elvin Adıgözəlovun "A" kateqoriyalı festivallarda necə qarşılandığını görmüşəm. Burda hələ dövlət dəstəyi ilə bir filmi çəkilməyib. Niyəsini isə bilmirik...
- Köhnə Azərbaycan filmləri bu gün də maraqla izlənilir. Bəs bugünkü filmlər də illər sonra belə maraqla izləniləcəkmi?
- Dövrə görə tələbat dəyişir. Bu gün Hikmət Rəhimovun "Apatiya" filmi izlənirsə, deyə bilmərik ki, sabah da izlənəcək. Amma ki dövrün dili var, öz tamaşaçısı, öz zövqü formalaşır. Bizim davamız da bax budur, o zövqü formalaşdırmaqdır.
- Bəs o zövqü formalaşdıra bilirsiniz?
- İmkan versələr, formalaşdırarıq. Demirəm bunu mən edim. Əlixanlar, Talehlər eləsin, amma imkan verin eləsinlər. Çox maraqlıdır ki, bütün bayağı filmlər musiqilər, müğənnilər necəsə meydana çıxa bilirlər. Amma nə yaxşı ki, çıxırlar. Yaxşı bir iş ortaya çıxanda anında seçilir.
- "Alatava" çox uğurlu layihə oldu və bu gün də maraqla izlənir. Bəs həmin serial üçün ayrılan maddi vəsait sona qədər kifayət elədimi?
- Mən bu uğuru daha çox Əlixan Rəcəbova bağlayıram. Pis olsa da, Əlixanın adına bağlayacaqdım. Başımızın üstündə Allah var, gərək düzünü deyəsən. Amma inanmıram ki, maliyyə dəstəyi kifayət qədər olsun. Yəni hər bir halda bunu filmin sahibindən soruşmaq lazımdır.
- "Yol bitirsə, mütləq təzə yol görünür. Nöqtə qoyulmadı, vergül idi". "Alatava 2" gəlir deyəsən?
- "Alatava" uğurlu bir layihədir və davamı olmalıdır. Bu komanda ilə "Qapı" filmini çəkdik. Bədii filmdir, oktyabrın 8-də premyerası olacaq. Məncə, uğurlu layihədir, özümə də maraqlıdır ki, bizi nə gözləyir.
- Rasim Balayevin "Alatava" ilə bağlı söylədiyi tənqidi fikirlərə sizin münasibətiniz necədir?
- Ən azından gərək seriala baxaydı, sonra fikir bildirərdi. Ustad sənətkardır, böyük sənətkardır, amma hər istədiyini deyə bilməz. Haqlı tənqidə qulaq asırıq. Biz Rasim bəydən çox şey öyrənmişik. Amma yenə deyirəm, gərək seriala bir baxaydı. Heç nə olmayan bir vaxtda, əgər bu insanlar ortaya nəsə çıxardırsa, onlara dəstək olmaq lazımdır. Bizimkilər dəstək olmaq əvəzinə dəstək olmamağa çalışır. Axı niyə?
- Dəstək olmayan yəqin ki, daha çox köhnə nəsildir.
- Yeni nəsil də var. Bu, normal haldır əslində. Ortada bir iş var ki, bizdən danışırlar. Danışılmasaq, problem olar. Həm pis, həm yaxşı. Əsas odur danışılır. Daş gəzən ayağa dəyər. Deməli, biz gəzmişik, müəyyən bir məsafə qət etmişik, müəyyən bir iş görmüşük. Buna çalışmışıq, alına da bilər, alınmaya da... Bu dəfə alınmadı, gələn dəfə alınar. Amma ən azından yerində saymaq olmaz.
Ləman İLKİN