|
|
|
|
“Bir rəsmin dedikləri” rubrikasının budəfəki qonağı Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi Aynur Seyfullayevadır. Onunla rəssam Tahir Məcidovun müəllifi olduğu “Şuşa - dünən, bu gün, sabah” əsərindən danışmışıq.
Tahir Zakir oğlu Məcidov 1953-cü il 28 avqustda anadan olub. O, 1971-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunun Rəngkarlıq şöbəsinə daxil olub. Texnikumdan başlanan yol T.Məcidovu 1978-ci ildə M.Əliyev adına İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinin Dekorativ-tətbiqi sənət (xalçaçılıq) şöbəsinə gətirib çıxarıb. Buranı bitirdikdən sonra o, təsviri sənətin ecazkar dünyasına üz tutub. Tahir Məcidov Azərbaycanın məşhur xalçaçı rəssamı Lətif Kərimovdan dərs alıb.
Rəssam rəngkarlıq, qrafika və xalçaçılıq növündə bir çox əsərlərə imza atıb. “İbrahim Peyğəmbər”, “Qobustan”, “Yeddi gözəl”, “Ağ şanı, qara şanı” xalçalarının, “Xınalıq”, “R.T.Ərdoğanın portreti”, “Qadın portreti”, “Heydər Əliyevin Məkkə ziyarəti” kimi dəyərli rəngkarlıq əsərlərinin müəllifidir. 1992-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 50-dən çox respublika, ümumittifaq və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssamın əsərləri bir çox muzey və şəxsi kolleksiyalarda saxlanılır.
- Tahir Məcidov yaradıcılığın əsas xüsusiyyətləri bu əsərdə özünü necə göstərir?
- Adından da göründüyü kimi, rəssam Şuşaya həsr etdiyi qrafik əsərləri üçlük formasında təqdim edib. Belə ki, onlardan biri şəhərin qədim mənzərəsinə, digərləri isə bu gününə və gələcəyinə həsr olunub.
Qeyd etmək lazımdır ki, nəzəri baxımdan rəssamın əsərlər üçün seçdiyi iri format kompozisiyaların əhatəli görünməsinə imkan versə də, geniş təsvir səthində akvarel texnikasının təravətini, başqa sözlə desək, axıcılığını sona qədər qorumaq üçün çətinliklər törədə bilər. Bu bədii-texniki proses nə qədər qaçınılmaz olsa da, deməliyik ki, Tahir Məcidov bunun öhdəsindən ustalıqla gəlib. Odur ki, son nəticədə “Şuşa” şərəfli tariximizi yaddaqalan biçimdə gerçəkləşdirməklə yanaşı, həm də akvarel texnikasında bu vaxta qədər işlənən qrafik lövhələr qalereyasına çox layiqli töhfə olub.
- Yəqin, siz də razılaşarsınız ki, süjetin tələbindən dolayı bu əsəri hissə-hissə şərh etmək daha məqsədəuyğundur. Odur ki, başlayaq “Şuşanın qədim görünüşü”ndən.
- “Şuşanın qədim görünüşü”ndə adından da göründüyü kimi, şəhərin çoxlarına məlum olan mənzərəsi və insanları canlandırılıb. Şəhərin qədim mənzərəsi yaz fəslində təsvir olunduğundan bütünlükdə əsərə rəng çalarları hakimdir. Bənzərsiz tikililərin gül açmış-yarpaqlanmış azman ağaclarla vəhdətdə təsviri şəhər mənzərəsinin cəlbediciliyini və ürəkaçanlığını şərtləndirir. Şəhərin alınmazlığının səbəbi olan möhtəşəm qala divarları, qürurdoğucu məşhur Gövhər Ağa məscidi, müxtəlif memarlıq tikililəri, başı buludlara “söykənən”, ifadəli siluetə malik ağacların əhatəsində diqqət çəkən və yaddaqalandırlar.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Əsərin mövzunun açımına yönəli kompozisiyası da çox maraqlıdır. Kompozisiyanın lap aşağı hissəsində - laləli torpaqda ucalan qala divarları önündə şirin-şirin söhbət edən qocaların qarşısındakı mizi bəzəyən səməni bu motivin şəhərin Novruzlu günlərinə təsadüf etdiyini göstərir. Bir qədər yuxarıda musiqiçilərin görüntüyə gətirilməsi də səbəbsiz olmayıb, şəhərin “Qafqazın konservatoriyası” adlandırılmasını xatırladır. Bu görüntü tamaşaçını buraların çox qədimlərdən “musiqi beşiyi” kimi tanımasının səbəbsiz olmadığına inandırır. Əli kitablı Xurşidbanu Natəvanın rəssam tərəfindən üzü şəhərə yönəli, bulaq yaxınlığında təsviri də məqsədli olub, həm də xeyriyyəçiliyi ilə məşhur olan şairənin yeni quruculuq arzuları ilə yaşadığını göstərir.
Kompozisiyaya işğalçı düşmən obrazının daxil edilməsi də məqsədlidir. Ancaq əslində qara niyyət daşıyıcısı rəmzi kimi qəbul olunan bayquşların və qara qarğaların az qala görünməyən qala divarları və tikanlı məftillər üzərindəki təsvirləri elə düşmənin obrazlarıdır.
- Əsərin digər fəsilləri ilkindən hansı xüsusiyyətlərə görə fərqlənir?
- Bir kimsənin gözə dəymədiyi şəhərin mənzərəsində diqqətçəkən yeganə dəyişiklik bu gün “Güllələnmiş heykəllər” kimi tanınan abidələrin şəhəri dövrələyən tikanlı məftillərin qonşuluğunda “üşümələridir”. Qanaətimizcə, rəssamın bədii-estetik baxımından çox uğurlu sayıla biləcək bu əsəri mübariz ruhlu olmaqla, “əsirlikdə” olan qədim şəhərimizin azad olunmasına bədii-mənəvi çağırışdır. Bu mənada əsərin məqsədini, tamaşaçı hisslərinə təsir edə bilmə missiyasını uğurla yerinə yetirdiyini söyləmək olar.
Triptixin üçüncü hissəsi “Şuşa gələcəkdə” adlanır. Burada rəssam bizi hər zaman ruhlandıran sənətkarlar ocağının düşmən tapdağından azad olunmuş bahar ovqatlı mənzərəsi ilə qarşılaşdırır. Üzeyir, Natəvan və Bülbül yurdu yenə də əvvəlki kimi ürəkaçandır... Bərpa olunmuş “güllələnmiş heykəllər” öz ənənəvi məkanındadır. Süjetdə xoş niyyətli rəssam təxəyyülünün məhsulu olan detallar da az deyil. Şəhərdə Bakıdakı Beynəlxalq Muğam Mərkəzinə oxşar tikilinin eləcə də müxtəlif məhəllələrdə göydələnlərin ucaldılması və s. Bu qəbilələrdəndir. Şaquli kompozisiyanın Ulu öndərimiz Heydər Əliyevin tunc heykəli ilə tamamlanması isə yenilənən Şuşanın azad olunması və çiçəklənməsini arzulayan mərhum ölkə başçısının istədiyinin onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə artıq gerçəkləşdirildiyinin ifadəsidir...
- Sizcə, bu əsər bizə nə deyir?
- “Şuşa” triptixi bədii-estetik dəyərləri ilə yanaşı, onu seyr edənlərdə Vətən torpağına sonsuz sevgi düşmənə isə nifrət aşılayan təsirli və uzun müddət yaddaşlardan silinməyəcək sənət nümunəsidir. Belə əsərlərə isə həmişə ehtiyac var. İnanmaq istərdik ki, “Şuşa” triptixi yaxın vaxtlarda muzey ekspozisiyasında yer almaqla, ictimaiyyətin də mənəvi zövq qaynağına çevriləcək.
Aytac SAHƏD