"Dağlıq Qarabağ həqiqətləri ilə bağlı beynəlxalq film festivallarında nümayiş etdirilə biləcək səviyyədə bədii filmlər çəkilməlidir".
525.az-ın məlumatına görə, bu sözləri 2013-cü il büdcə müzakirələri zamanı millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili Dağlıq Qarabağ həqiqətləri, Xocalı Soyqırımı ilə bağlı beynəlxalq səviyyəli bədii filmlərin çəkilməsinin və beynəlxalq film festivallarında nümayiş etdirilməsinin vacibliyini qeyd edib. O, Dağlıq Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan minlərlə insanın ağrı-acısını əks etdirən bədii filmlərin çəkilməsinə böyük ehtiyac olduğunu deyib:
"Müasir dünyada kinonun təsir gücü bütün təbliğat vasitələrindən üstündür. Ermənilər öz yalan və böhtanlarını təbliğ edən filmlər çəkərək beynəlxalq film festivallarında nümayiş etdirməyə nail olurlar. Biz gerçəkləri, həqiqətləri özündə əks etdirən və beynəlxalq film festivallarında nümayiş etdirilə biləcək səviyyədə bədii filmlər hazırlayaraq Qarabağ həqiqətlərinin daha geniş yayılmasına nail ola bilərik. Neçə ildir bu istiqamətdə fikirlər səslənir, amma çox təəssüf ki, bu günə qədər bu məsələ reallaşmayıb. Hazırda 2013-cü ilin büdcə zərfini müzakirə edirik. Hesab edirəm ki, gələn ilin büdcəsində bu cür bədii filmlərin çəkilməsi üçün vəsait nəzərdə tutulmalıdır və bu istiqamətdə aparılan işlər sürətləndirilməlidir".