|
|
|
|
Çinin ipəyin vətəni olduğu haqda çox yazılıb. O yazıları oxuyanda uzaqdan-uzağa mənə elə gəlirdi ki, bu məmləkət nağıllardakı kimi sirli-sehrlidir və başdan-başa ipəyə bürünüb.
Pekinin tarixi abidələrilə tanış olanda, imperator sarayını gəzəndə, əzəməti ilə insanı heyran edən Böyük Çin səddinə qalxanda məni qəribə hisslər bürüyürdü, sanki bütün bunları yuxuda, bəyaz ipək pərdə arxasından görürdüm və onu da görürdüm ki, ipəyə bürünmüş bu məmləkətin insanları da ipəkqəlblidirlər.
Çinlilər keçmişlərinə, tarixlərinə hörmət və sevgiylə yanaşmağı bacaran xalqdır. Muzeylərdə, tarixi məkanlarda həmişə qələbəlik, canlanma olur. İnsanlar tarixi abidələrə, qədim saraylara, tikililərə müqəddəs ocaq, məbəd təki baxırlar. Muzeylərdən birində ekskursiya aparan qızın qürurla Çini - ipəyin vətəni adlandırması da öz xalqının tarixinə hörmət və məhəbbətdən irəli gəlirdi.
Dünya mədəniyyətinin təşəkkülündə önəmli rol oynamış, silinməz iz qoymuş Böyük ipək yolu üstündə çox ölkələr var. Bu yol ta binayi-qədimdən müxtəlif mədəniyyətləri qovuşdurub, xalqları yaxınlaşdırıb, bu yoldan tacirlər, səyyahlar, tarixçilər keçib gediblər...
Eramızdan əvvəl 200-cü illərdə Çin ipəyinin şöhrəti Böyük ipək yolu vasitəsiylə Qərbi və Şərqi Asiyaya, Avropaya yayılıb. Müxtəlif ölkələrdə bu zərif məhsulun yaranma yollarını mənimsəmiş, istehsal texnologiyasına yiyələnmişlər. Sonralar hətta bəzi Avropa ölkələrində də ipək istehsalıyla məşğul olmağa başlayıblar.
Çinin təbiəti ipəkçilik kimi gəlirli bir sahəni inkişaf etdirməyə imkan verir. Ölkənin cənubunda nəhəng tut plantasiyaları salınıb. Demək olar ki, Tibet və Şanxaydan savayı, əksər vilayətlərdə ipək istehsalı ilə məşğul olurlar. Bu gün ölkədə milyonlarla çinlinin dolanışığı məhz bu sahədəndir.
İpəkçilik yalnız yüngül sənaye sahəsi deyil. Hələ qədim zamanlardan bəri ipək üstündə rəsmlər çəkmək dəb olub və belə rəsmlər evləri, sarayları bəzəyib. Bu sənət Çində indi də yaşayır və deyim ki, çox da dəbdədir. Ölkəyə gələn turistlər də ipək tikmələrə, zərif parçada çəkilmiş rəsmlərə böyük maraq göstərirlər. Gənclər bu qədim sənətin sirlərinə institutlarda, peşə məktəblərində yiyələnirlər.
Pekinin küçələrində uyğurlara tez-tez rast gəlmək olur, bu da dükan-bazarda bizdən ötrü dil problemini aradan qaldırırdı. Uyğur qızı Ayturğanın məni tələbə emalatxanasına dəvət etməsi ürəyimdən oldu. Tanışlıqdan tələbələr də məmnun idilər. Aralarında Azərbaycanı tanıyan az idi. Buna görə çinli gəncləri qınamıram, özümüzü layiqincə tanıda bilməməyimiz bizim suçumuzdur, onların yox.
Emalatxananın bir küncündə tələbə oğlan və qızlar ipək parça üstündə rəsm çəkməklə məşğul idilər. Rəsmlərin mövzusu fərqli olsa da, hər biri gözəl sənət əsəri təsiri bağışlayırdı və onları bir qayə birləşdirirdi - bu, Çin həyat tərzi, Çin mədəniyətidir.
Çinlilər zəhmətkeş, mehriban və açıqqəlbli insanlardır. Onlar hər bir hərəkətlərində, davranışlarında nəzakətli və gülərüzdürlər. Bu, çinli psixologiyası, çinli xarakteridir.
Təzə tanışlarım ölkəmizlə bağlı xeyli suallar verdilər. Biləndə ki, Azərbaycan da İpək yolunun üstündədir, bizdə də ipəkçiliklə məşğul olurlar, maraqları daha da artdı. Dedim ki, hələ eramızdan əvvəl birinci-ikinci əsrlərdə Azərbaycan ipək yolunun üstündə yerləşən qaynar qovşaqlardan olub. Bu yol tarixdə "Strabon yolu" kimi tanınır, ilk dəfə bu haqda böyük yunan coğrafiyaşünası Strabon yazıb. Keçmiş Sovet İttifaqında iri ipək fabriklərindən birinin Azərbaycanda - ölkəmizin dilbər guşələrindən sayılan Şəki şəhərində yerləşdiyindən, məşhur Şəki kəlağayılarından danışdım. Dünya mədəniyyətinin inkişafında əvəzsiz yeri olan Böyük ipək yolunun bərpası sahəsində Respublikamızda çox işlər görüldüyünü dedim. Bütün bunlar çinli gənclərdən ötrü yenilik idi. Onları təəccübləndirən bir də uyğur qızla mənim qohum dillərdə danışmağımız idi. Bir-birindən minlərlə kilometr uzaqda məskunlaşmış iki xalqın türkdilli olduğundan çinli gənclər xəbərsiz idilər.
Onu deyim ki, Sinzyan-Uyğur Muxtar Rayonu ərazisinə görə Çinin ən böyük inzibati bölgəsi sayılır. İyirmi üç milyonluq əhalinin təxminən 45 faizini uyğurlar, 42 faizini çinlilər, qalanlarını isə qazaxlar, qırğızlar, taciklər, özbəklər, monqollar, ruslar və digər millətlər təşkil edir. Ötən əsrin ortalarında Sinzyan-Uyğur Muxtar Rayonunu çinliləşdirmək siyasəti nəticəsində burada çinlilərin sayı xeyli artmışdır. Milli zəmində baş verən münaqişələr, uyğurlarla çinlilər arasındakı qarşıdurmalar zaman-zaman özünü göstərir, insan tələfatıyla nəticələnir. Ölkədə narahat əyalət kimi tanınan bu bölgə Çinin hakimiyyət dairələri üçün başağrısıdır. Tarixdə Şərqi Türküstan kimi tanınan Uyğur dövlətçiliyinin Çin və Orta Asiya iqtisadiyyatına, mədəniyyətinə böyük təsiri olmuşdur. 1759-cu ildə Çin-mancur qoşunlarının müdaxiləsiylə uyğur dövlətçiliyinə son qoyulsa da, bu günün özündə də Şərqi Türküstan dövlətçiliyinin bərpası ideyası baş qaldırmaqda, separatizmə meyillilik özünü açıqca büruzə verməkdədir. Pekin gərginliyin artmasını əngəlləmək üçün uyğurların dini mənsubiyyətinə, mədəniyyətinə həssaslıqla yanaşmağa çalışır. Orta məktəblərdə, ali təhsil ocaqlarında uyğurlar ana dilində təhsil ala bilirlər. Uyğur radio-televiziyası fəaliyyət göstərir, uyğur dilində qəzet və jurnallar çıxır. Hətta orduda müsəlmanlar üçün məxsusən halal yeməklər hazırlanır...
Yeri gəlmişkən, Çin mətbəxi haqqında danışmaq istərdim. Qədim tarixə və zəngin ənənələrə malik Çin mətbəxinin şöhrəti dünyaya yayılıb. Mətbəx məişəti Çin mədəniyyətinin mühüm tərkib hissəsidir. Hələ qədim dövrlərdən bəri mövcud olmuş mətbəx mədəniyyətilə bağlı ənənələri xalq bu gün də yaşadır. Çin mətbəxinin tarixinə nəzər salanda görürük ki, əksər yemək və şirniyyat növləri yüz illərlə, hətta min illərlə bundan əvvəl necə hazırlanıbsa, indinin özündə də elə hazırlanır. Maraqlıdır ki, qədim dövrlərdən üzü bəri Çin mətbəxi xalqın mədəniyyətilə, hətta fəlsəfəsilə sıx bağlı olmuşdur. Mətbəx mədəniyyəti Konfutsi kimi filosof-alimin əsərlərində də öz əksini tapmışdır. Onun klassik əsəri olan "Adətlər kitabı"nda bu barədə çox yazılıb. Konfutsi yazır ki, yemək zamanı şorba və şərab qonaqlardan sağda, əsas yeməklər isə solda olmalıdır. Qida birdəfəyə deyil, az-az, aramla, yaxşı çeynənərək qəbul edilməlidir. Bundan əlavə, şorba və digər yeməkləri qəbul edərkən danışmaq olmaz... Konfutsi kimi mütəffəkkirlər bu barədə yazarkən, yalnız nəzəri biliklərə əsaslanmaqla kifayətlənməmişlər, onlar özləri də yemək hazırlamaqla məşğul olmuş, hətta özlərindən yeni yemək növləri də icad etmişlər. Qədim dövrlərdə çinlilər az yeməklə yanaşı, keyfiyyətli qidalanmaya üstünlük vermişlər. "Pis ərzaq yoxdur, pis aşpaz var" - deyimi və yaxud "Hərəkət edən, tərpənən hər şey yeyilə bilər" fikri bu gün də öz mahiyyətini itirməyib. Doğrudur, bazarlarda, restoranlarda ilan və müxtəlif həşəratlardan yemək hazırlanmasına tamaşa etmək ürəyimdən olmasa da, qədim dövrlərdən bu günədək gəlib çıxmış o hikmətli deyimləri qulaq ardına da vurmaq istəmirim. Hələ qədim dövrlərdə sarayda İmperatordan tutmuş ən sadə insana kimi hər kəs yemək ritualında mövcud qaydalara əməl etməyə borcluymuş. Süfrə arxasında vəzifəsindən, titulundan asılı olmayaraq hamı eyni səviyyədə, bir gözdə tutulub. Çinlilər arasında elə adama rast gəlməzsən ki, yemək bişirməyi bacarmasın və hər kəs də bu işi candərdi yox, ürəkdən, həvəslə yerinə yetirir. Çin fəlsəfəsinə görə, yemək elə hazırlanmalıdır ki, onun dadı-tamı ilə yanaşı, müalicəvi təsiri də olsun. Odur ki, kulinariyada otlardan, bitkilərdən və müxtəlif ədviyyatlardan geniş istifadə edilir. Müasir Çin mətbəxində donuz əti ilə yanaşı, quş ətinə və dəniz məhsullarına, paxlalı bitkilərə daha çox üstünlük verilir.
Eramızdan əvvəl qitələri, ölkələri birləşdirən Böyük İpək yolu vasitəsiylə Çin mətbəxinin şöhrəti çox-çox uzaqlara yayılmışdı. Bu mətbəxdən alınan bəzi nümunələr isə müxtəlif xalqların milli yeməkləri kimi qəbul olunmaqdadır. Bununla bağlı maraqlı bir hadisəni xatırlayıram.
Qarabağ münaqişəsinin başlandığı vaxtlar idi. Yaponiyalı telejurnalist Deqava Azərbaycana gəlmişdi. O zaman informasiya blokadasında olan Azərbaycanın haqq səsini dünyaya yaymaqda yapon jurnalistinin hazırladığı proqramların əhəmiyyəti böyük idi. Cəbrayıl bölgəsindən təzəcə qayıtmışdıq. Bakıda qonağı şəhərin mərkəzindəki "Bahar" restoranına dəvət etdim. Bu restoran milli yeməklərin çeşidiylə seçilirdi. Xidmətçi qızın təklif elədiyi yeməklərin sırasında gürzə də vardı. Yaponiyalı qonaq "gürzə" sözünü eşitcək, mən böyük məmnuniyyətlə gürzə sifariş verərdim dedi. Doğrusu, Azərbaycana ilk dəfə gələn qonağın bu yeməyi tanıdığına təəccübləndim. Dedi ki, gürzə Yaponiyada çox sevilən xörəklərdəndir, yapon mətbəxinə Çindən keçib. Yemək gələnədək qonaq gürzənin necə hazırlandığını təsvir etdi, eynən bizdəki təkiydi. Elə bilirəm, Azərbaycan-Çin yeməkləri arasında bənzərliyi yalnız gürzədə deyil, bir çox digər xörək növlərində də tapmaq olar. Hər halda, bunu araşdırmaq maraqlı olardı.
Çin mətbəxi milli ənənələrə sadiq qalmaqla yanaşı, zaman keçdikcə daha da zənginləşmiş, şöhrəti dünyaya yayılmışdı. Bu ölkədə müxtəlif millətlərin mədəniyyəti qovuşur. Məskunlaşdıqları ərazidən, coğrafi məkandan asılı olaraq Çin mətbəxinin özündə belə fərqli cəhətlər çoxdur. Ölkədə mətbəx məişəti, əsasən dörd məktəbə bölünür: Şandun, Suçuan, Quandun və Xuayyan məktəblərinə və hər məktəbin də fərqli ənənələri, yemək növləri mövcuddur. Çin mətbəxində yeməyin dadıyla yanaşı, onun ətiri, rəngi və hansı qabda süfrəyə gətirilməsi də çox önəmlidir. Süfrə arxasında oturmaq insanın qida qəbul etməsindən daha çox, ritualı xatırladır.
Pekin Televiziyasının əməkdaşları məni paytaxtın ən məşhur restoranlarından birinə dəvət etdilər. Bu restoran ördək ətindən hazırlanan yeməkləriylə məşhurdu. İlk baxışdan mənə elə gəldi ki, restorana deyil, muzeyə gəlmişəm. Bizi foyedə bələdçi qız qarşıladı, öncə bu yeməkxananın tarixi haqqında məlumat verdi, dedi ki, 19-cu əsrin ortalarından fəaliyyət göstərir və bugünkü xidmət o vaxtlardakından zərrə qədər də fərqlənmir. Sonra biz şüşə arxasından mətbəxə baxdıq. Odunla qızdırılan iri kürədə qarmaqdan asılmış ördəklərin necə qızardığını gözlərimizlə gördük. Müştərilərin bəyəndiyi ördəklər nömrələnir, stola da məhz həmin ördək əti gətirilir. Bələdçi qızın dediyinə görə, gün ərzində 300-ə qədər ördək bişirilir, bayram günləri isə bu rəqəm 800-ə qədər yüksəlir.
Pekinin mərkəzində yerləşən bu restorana düşmək o qədər də asan deyil. Bu, hər şeydən əvvəl, müştəri çoxluğu ilə bağlıdır, ikinci bir tərəfdən isə qiymətlərin bahalığı da özlüyündə çox şey deyir.
Restorandakı müştərilərin əksəriyyəti əcnəbilər idi. Nazik bambuq çubuqlarıyla yemək müşkül olsa da, çəngəl-bıçağa əl vuran yox idi, bir anlığa da olsa, hər kəs özünü çinli yerində görmək istəyir, yerli rituallara uyğunlaşmağa çalışırdı.
Qonşu stolda çinli ailəsi oturmuşdu. Üç-dörd yaşındakı oğlanı valideynləri yedirmirdi, o, bambuq çubuqlarını barmaqları arasında inamla tutumuşdu. Adama elə gəlir ki, Çində körpələrin əmzikdən sonra tanıdığı bambuq çubuqlarıdı. Ümumiyyətlə, Çində yemək mədəniyyətinə çox ciddi və sayğı ilə yanaşılır, bunu uşaqlara kiçik yaşlarından aşılayırlar.
Pekin televiziyasında olarkən studiyaların birində uşaq verilişi çəkilirdi. Maraqlandığımı görüb məni proqramla yaxından tanış etdilər. Dedilər ki, televiziyada uşaq proqramlarına böyük önəm verilir. Bu verilişlər, sadəcə, əyləncə xarakteri daşımır, uşaqların dünyagörüşünün genişlənməsinə, onların estetik zövqlərinin inkişafına, elmə, biliyə yiyələnmələrinə xidmət edir. İnsanın cəmiyyətdə formalaşması uşaq çağlarından başlayır, bugünkü çinli uşaq sabah ökəsinin layiqli vətəndaşı olmalıdır... Eşitdiklərimin real mənzərəsini elə oradaca gördüm. Çəkilişə gəlmiş əlliyə qədər uşağa fasilədə Televiziyanın hesabına yemək verildi. Yemək fərdi plastik paketlərdə qablaşdırılmış ördək əti, düyü, meyvə və sərinləşdirici içkidən ibarət idi. İbtidai sinif şagirdlərinin elə foyedəcə ayaqüstü yemək yediklərinə diqqət yetirdim, onlar çox sərbəst idilər. Yeməkdən sonra xadimələrin gəlib yır-yığış aparmalarına ehtiyac yox idi, yerə bir düyü dənəsi də düşməmişdi.
Çində kino ekranını obrazlı olaraq belə adlandırırlar - Həyata açılan pəncərə. Ölkədə kino ən çox sevilən sənət növlərindəndir və bir çox ölkələrdən fərqli, bu sənətə maraq nəinki azalır, əksinə, getdikcə daha da artır. Pekin kinoteatrları tamaşaçı sarıdan korluq çəkmir. Bilet kassalarının qarşısındakı qələbəlik, doğrusu, məni bir qədər təəccübləndirdi. İstər-istəməz ötən illəri xatırladım: vaxtıyla Bakının "Nizami", "Azərbaycan", "Araz" və digər kinoteatrlarındakı uzun növbələr gözümün qabağına gəldi. İndi bunlar adama yuxu kimi görünür. Çin Xalq Respublikasında isə kinoya münasibət bu gün də bambaşqadır, kino hər bir çinlinin məişətində, mənəvi dünyasında önəmli yer tutmaqda, yaşamaqdadır. Televiziya kanallarının çoxluğuna baxmayaraq, çinlilər filmləri mavi ekrandan seyr etməklə yanaşı, kinoteatrları da unutmurlar. Filmi kino zalında seyr etməyin həzzi başqadır.
Çin kinematoqrafçıları dünyanın müxtəlif qitələrində, ölkələrində keçirilən beynəlxalq sənət şənliklərinin, festivalların iştirakçılarıdır. Bu fəallıq 70-ci illərin sonunda, mədəni inqilabdan sonra başlamışdı. Sənət adamlarının əl-qolunu bağlayan Çin mədəni inqilabı, incəsənətin bütün sahələrində olduğu kimi, kinematoqrafiyanın inkişafı yolunda da böyük maneə idi. Odur ki, inqilabdan sonra sərbəstlik qazanan kino uzun illər düşdüyü çətinliklərdən, köhnə stereotiplərdən yaxa qurtarmağı ən ümdə və başlıca vəzifə kimi görürdü. Tamaşaçı çoxdan arzusunda olduğu realist səpkili, həyati filmlərin sorağında idi.
Mədəni inqilabdan sonra yaradılan Pekin Kino İnstitutu ölkədə kinematoqrafiyanın inkişafına təkan verdi. Çjan İmou, Çen Kayqe, Xuan Szyansin kimi istedadlı sənətkarlar məhz bu təhsil ocağının yetirmələridir. Onların ekranlaşdırdığı filmlər Çin kinosunu təkcə ölkə içində deyil, xaricdə də layiqincə tanıdır.
Kinematoqrafçıları haqlı olaraq dövrün salnaməçiləri adlandırırlar. Ölkənin ictimai-siyasi həyatında baş verənlər kinokameranın da obyektivindən yayınmır. Əslində, yaxşılı-pisli, acılı-şirinli nə baş verirsə, bu, tarixdir.
Pekinin məşhur Tyananmen meydanını gəzəndə məni qəribə hisslər bürüyürdü, sanki nəvaxtsa burada olmuşdum. Əslində, dünyanın ən böyük meydanı sayılan Tyananmen mənə filmlərdən tanış idi. Bu meydan nələrin şahidi olmayıb? Elə o üzdən də Tyananmen ədəbiyyatdan tutmuş ta kinoyadək çox əsərin, necə deyərlər, personajına çevrilib. Açığını deyim ki, hakimiyyət orqanları Tyananmen mövzusunda çəkilən filmlərə bir qədər qısqanclıqla yanaşırlar, Pekinin tarixinə belə bir səhifə yazıldığının xəcalətini çəkirlər və bilirlər ki, 1989-cu ildə yüzlərlə günahsız insanın ölümünə şahidlik etmiş Tyananmen meydanındakı qan ləkəsi əbədiyyən silinməyəcək.
Mədəni inqilabdan sonra sənətə gələn kinematoqrafçıları beşinci nəsil adlandırırlar. Onu da deyim ki, ən böyük ağırlıq, çətinlik də məhz bu nəslin boynuna düşmüşdü. Sənət və sənət adamlarından ötrü buxova çevrilmiş mədəni inqilab kinoya da durğunluq gətirmişdi. Beşinci nəsil adlandırılan gənclər sənəti bu durğunluqdan qurtarmağın, uzun illər susan Çin kinosunun dilini açmağın öhdəsindən gələ bildilər. Gənc rejissorların yaradıcılığındakı ideya, mövzu rəngarəngliyi, polifoniklik, müasir insanın həyatdakı yeri və mövqeyi yeni kinonun önəm verdiyi tərəflərdir.
Çin filmləri bu gün Asiya, Avropa ölkələrilə yanaşı, Amerika prokatında da maraq doğurur. Çin dünya bazarına yüngül sənaye məhsullarıyla, elektron cihazlarla birlikdə kino məhsullarını da ixrac edir.
Kinonun həm də ideoloji təbliğat vasitəsi olduğu danılmazdır. Çinlilər öz milli kinolarını tanıtmaqda maraqlı olduqları kimi, dünya kinosunu da tanımaqda, öyrənməkdə maraqlıdırlar. Azərbaycanı, bizim milli mədəniyyətimizi 1945-ci ildə ekranlara çıxan "Arşın mal alan" filmiylə də tanıyıblar. "Arşın mal alan" müxtəlif şəhərlərdə, Pekinin nüfuzlu kinoteatrlarında göstərilib. Film ölkə başçısı Mao Szedunun o qədər xoşuna gəlib ki, "Arşın mal alan"nın Çin variantının çəkilməsinə göstəriş verib. Düşünürəm, əgər o vaxtlar Sovet İttifaqıyla münasibətlərdə soyuqluq yaranmasaydı, "Arşın mal alan"dan düz 10 il sonra lentə alınmış "O olmasın, bu olsun" da Pekində göstərilər və Mao Szedun bəlkə bu filmin də Çin variantının çəkilməsini istərdi.
Bu gün müstəqil Azərbaycanla Çin Xalq Respublikası arasında dostluq əlaqələri, qarşılıqlı münasibətlər getdikcə genişlənməkdə, möhkəmlənməkdədir. Bu cür əlaqələr uzaq-uzaq məsafələri qısaldır, ölkələri, xalqları yaxınlaşdırır. Binayi-qədimdən dəvə karvanlarının taptayaraq yaşatdığı İpək Yolu heç vaxt indiki kimi gedişli-gəlişli olmayıb.
Pekinli tələbələrlə söhbətimi unutmuram. "Böyük ipək yolu Çindən başlayıb, bəs onun sonu hardadır?" - mən soruşanda, belə bir cavab eşitdim: "O yolun sonu yoxdur..."