|
|
|
|
Müğənni Din Ridlə görüşüb, söhbət edəndə onun Azərbaycana gəlmək fikri olub-olmadığını soruşmaq istəsəm də, nədənsə tərəddüd elədim. "Sual gecikmiş olmaya?" - düşündüm. Müsahibimin üzündəki ifadə məni fikrimdən daşındırdı. Elə bil filmlərdən, televiziya proqramlarından tanıdığım o şən, çılğın, nəğməkar oğlan deyildi. Çuxura düşmüş gözlərində, baxışlarında bir süstlük duyulurdu, bu, sona yetmiş uzun bir yolun yorğunluğu idi. Özünü şən, xoşqılıq göstərmək istəsə də, bunu bacarmır, artist artistlik edə bilmirdi, çöhrəsindəki xiffət hissi onu ələ verirdi. Uzun illər əvvəl, nağıllarda deyildiyi kimi, işıq gələn səmti tutub deyə-gülə, çalıb-oxuya yola çıxmış bu kolaradalı oğlanı indi qəriblik möhnəti maqnit təki geri dartırdı...
Din Rid daha çox müğənni kimi tanınsa da, müxtəlif ölkələrdə çəkildiyi filmlər ona aktyor şöhrəti də qazandırmışdı və rejissorlar onun kinodakı rollarını yüksək qiymətləndirir, yaradıcılığına inamla yanaşırdılar. Özünəxas davranışı, xarakteri və zahiri görünüşüylə seçilirdi. Din Rid sənət dünyasına vaxtında qədəm qoymuşdu, sənətin ona - çalıb-oxuyan koloradalı kovboya ehtiyacı vardı. Adı dillərdən düşmürdü. Bu sarışın oğlan dövrünün populyar sənətkarlarından sayılırdı. Mübariz ruhlu mahnıları, ifaları və mükəmməl ekran obrazlarıyla ürəklərə yol tapırdı. Müğənni Sovet İttifaqına tez-tez qastrol səfərlərinə gəlirdi, burada onun sənətinə yüksək qiymət verirdilər. Din Ridin özünəməxsus ifa tərzi, məlahətli səsi vardı. Gitarada çalıb-oxuduğu mahnılar ölkələri, qitələri dolaşırdı.
Pərəstişkarları sevərəkdən onu "Oxuyan kovboy" çağırırdılar.
Kolorado ştatında fermer ailəsində anadan olmuş Din Ridin uşaqlıq illəri kovboyluqla keçib. Doğrudur, hələ kiçik yaşlarından musiqiyə həvəs göstərsə də, onun sənətə gəlişi, demək olar ki, təsadüfi olub. Din Rid əlində gitara qəsəbələri, şəhərləri dolaşırdı. Bu şən, nəğməkar oğlan oxuduğu mahnılarla getdiyi yerlərdə xoş qarşılanır, ifasıyla insanların qəlbinə yol tapa bilirdi.
Bir dəfə yolüstü maşına minir, yolboyu çalıb oxumağından qalmır. Amma bilmirdi ki, bu yol onun gələcəyinə uzanan yoldur. Bilmirdi ki, sükan arxasındakı adam tanınmış reklam firmalarından birinin sahibidir. Əgər həmin təsadüfi görüş olmasaydı, reklam firması bu yaraşıqlı oğlanı çəkilişə dəvət etməsəydi, bəlkə də Din Rid milyonlarla adi amerikalı gənclərdən o qədər də seçilməyəcəkdi.
Bir müddət fotomodel kimi çalışır, sonra isə musiqiylə ciddi məşğul olmağa qərar verir. Şimali Amerikadan başlayan sənət yolu bir o qədər də uğurlu olmur, istədiyi populyarlığı qazana bilmir. Elvis Presli, Frenk Sinatra və digər məşhur müğənnilər olan yerdə seçilmək, parlamaq o qədər də asan deyildi. Onun ağlına da gəlməzdi ki, Cənubi Amerikaya səfəri və müxtəlif ölkələrdəki çıxışlarıyla tez bir vaxtda böyük uğur qazanacaq, təkcə Amerika qitəsində yox, dünyada populyar sənətkarlardan biri kimi tanınacaq.
Beləliklə, Latın Amerikası onun ikinci vətəni oldu. Çilidəki konsertləri qalmaqalsız ötüşmürdü, pərəstişkarları "Qırmızı kovboyun" mahnılarından az qalırdılar başlarını itirsinlər. Ona görə də müğəninin hər bir konserti polislərin güclü mühafizəsi altında keçirdi. Latın Amerikası ölkələrində o, çox tez məşhurlaşdı. Din Ridin sosializmə meyilliyi, maksimalist romantikliyi onun solçu mövqeyində, əqidəsində özünü aydın büruzə verirdi. Tezliklə müğənninin romantik mahnılarında belə ictimai motivlər duyulmağa başladı.
Beynəlxalq vəziyyətin gərginləşməsi, yeni müharibə ocaqlarının alovlanması və digər bəşəri problemlər Din Ridin yaradıcılığında da öz əksini tapmaqdaydı. Bir sənətkar kimi o, dünyada baş verənlərə biganə qala bilməzdi. Vyetnam müharibəsinə qarşı olduqca fəal çıxış edirdi. Müğənninin ABŞ-nin Çili səfirliyi qarşısında müğənninin etiraz aksiyasına qoşulması isə böyük səs-küyə səbəb oldu. Din Rid səfirliyin önündə Amerika Birləşmiş Ştatlarının bayrağını yumaqla göstərmək istəyirdi ki, o, vyetnamlıların qanına bulaşmış bayrağı təmizləmək istəyir. Təbii ki, müğənninin bu cür sərt addımı Birləşmiş Ştatların rəsmi dairələrində yaxşı qarşılana bilməzdi.
Din Rid 1965-ci ildə Helsinkidə keçirilən Ümumdünya sülh tərəfdarları konqresində iştirak edir. Sülh uğurunda fəal mübarizə aparması onun populyarlığını daha da artırır. Elə həmin il də ilk dəfə Sovet İttifaqına gələn müğənnini ölkənin məşhur konsert salonları, çoxmilyonlu pərəstişkarları gözləyirdi. Mətbuat, radio və televiziya bu sülhpərvər sənətkarın yaradıcılığına geniş yer ayırırdı.
Qastrollar, konsertlər, saysız-hesabsız görüşlər Oxuyan Kovboyu yormurdu, əksinə, o, bütün bunlardan həzz alır, ruhlanırdı. Din Rid dünyanın müxtəlif ölkələrində konsertlər verməklə yanaşı, sənədli filmlər də çəkirdi.
Çox keçmir ki, onun yaradıcılığındakı siyasi mahiyyət özünü daha açıq büruzə verməyə başlayır, şən və romantik nəğmələr sanki arxa plana keçir. Dünyadakı narahatlıq Din Ridə dinclik vermir, müxtəlif dillərdə ifa etdiyi mahnılarla o, insanları sülhə çağırır, müharibə əleyhinə mübarizəyə səsləyir.
"Qırmızı kovboy" susmaq bilmirdi, ötürdü, oxuyurdu. Qırmızı rəngdə bir yandan romantiklik, bir yandan da mübarizlik çalarları görən müğənni tutduğu yolun doğruluğuna ürəkdən inanırdı. Soyuq müharibə illərində passiv mövqedə dayanmaq fikrində deyildi və əslində o, döyüş meydanına mahnılarla, musiqiylə atılırdı, əlindəki silah isə gitara idi. Din Rid deyirdi ki, müğənnilər, aktyorlar, alimlər, hətta idmançılar belə yaxşı nümunə göstərməklə yanaşı, siyasətdən də kənarda qalmamalıdırlar.
Yetmiş üçüncü ildə Çilidəki hərbi çevriliş Din Ridin kapitalizmə olan münasibətini kökündən dəyişdi. Hərbi xuntanın hakimiyyətə gəlməsi və yaxın dostu, müğənni Viktor Xaranın edamı Din Ridə çox ağır təsir elədi. Onun çəkdiyi "Müğənni" filmi Viktor Xaranın xatirəsinə həsr edilib. Bu filmlə Din Rid göstərmək istəyirdi ki, Viktor Xara kimi humanist ideyalar carçısının səsini batırmaq mümkün deyil. Hərbi çevrilişdən sonra o, Çilidən İtaliyaya köçür, bir müddət orada yaşamalı olur.
70-ci illərdə Din Rid SSRİ-də yolu gözlənilən əziz qonaq idi. O vaxtlar ölkədə əsrin nəhəng tikintilərindən biri - Baykal-Amur Magistralının (BAM) inşaatı gedirdi. BAM dünyaya səs salmışdı, ölkənin tanınmış sənət adamları bu nəhəng dəmiryol tikintisinə əsərlər həsr edirdilər. Bu inşaat yazıçıların əsərlərində, bəstəkarların musiqisində, rəssamların rəsmlərində geniş tərənnüm olunurdu. Bu mövzuda sənədli və bədii filmlər də az çəkilirdi. Təbii ki, mövzu bir müğənni kimi Din Ridin də yaradıcılığından kənarda qala bilməzdi. Sibirə səfər etmək, hər şeyi öz gözlərilə görmək, orada işləyən fədakar insanları şəxsən tanımaq istəyi keçirdi ürəyindən. Tarixdən bəri çox hadisələrə şahidlik etmiş soyuq Sibir, müəmmalarla dolu qorxulu tayqa onu qorxutmurdu. Sibir səfəri müğənninin həyatında ən unudulmaz səhifələrdən idi. Çətin şəraitdə dəmiryol salan, yolboyu kəndlər, şəhərlər quran insanların əzminə heyran qalırdı. Onu hər yerdə sevgiylə qarşılayır, sevgiylə də yola salırdılar. Din Ridin bu səfər haqqında çəkdiyi "Mən sizə xoşbəxtlik arzulayıram" sənədli-musiqili filmi böyük maraq doğurdu. Filmdə müğənninin BAM-da çalışan insanlarla görüşləri, müsahibələr və əlbəttə, musiqi, mahnılar geniş yer alırdı. Film Din Ridə yeni uğurlar qazandırdı.
Müğənninin populyarlığı gün-gündən daha da artırdı.
Bir faktı demək kifayətdir ki, 72-ci ildə "Bolşoy Teatr"da çıxışı zamanı tamaşaçılar onu on beş-iyirmi dəqiqə fasiləsiz alqışlamışdılar. Əlbəttə, dünyanın məşhur teatrlarından sayılan "Bolşoy Teatr"ın səhnəsində çıxış etmək hər sənətkara nəsib olmur. Bu təvazökar oğlanı yalnız iri konsert salonlarında deyil, bəzən küçədə gitara çalıb-oxuyan da görmək olurdu. Din Ridi milyonlara sevdirən bir tərəfdən istedadı, gözəl ifaçılıq bacarığı idisə, digər tərəfdən ona hörmət qazandıran sadəliyi, mehribanlığı idi. O, insanları sevməyi bacarırdı və sevgisini oxuduğu mahnılarda, çəkildiyi filmlərdə yaşadırdı. Musiqisevərlər müğənninin yeni əsərlərinin sorağındaydılar. "Melodiya" firması tərəfindən böyük tirajla buraxılan plastinkalarının satışa çıxması ilə qurtarmağı bir olurdu.
70-ci illərin sonunda Din Rid Almaniya Demokratik Respublikasına köçdü. Onun yaradıcılığı alman musiqisevərlərinə də yaxşı tanış idi. Ölkənin ən məşhur konsert salonları öz qapılarını müğənninin üzünə taybatay açmışdı. Din Rid yeni həyat tərzinə uyğunlaşmalı idi və uyğunlaşma prosesi nə qədər çəkəcəkdi, bu, müğənninin özünə də məlum deyildi. Məlum olan bu idi ki, onu irəlidə gərgin iş, zəhmət gözləyir. Bacardıqca daha çox yazıb-yaratmaq, oxumaq, konsertlər vermək - yeni həyata uyğunlaşmaq yolunu bunda görürdü. Bununla bərabər, şəxsi həyatını qurmaq haqqında da düşünürdü.
Çox seçim etmədi, populyar alman kinoaktrisası Renata Blyumla evləndi. Aktrisa tamaşaçılara "Karl Marksın gənclik illəri", "Ölüm arxivi" filmlərindən tanışdır. Renatanın atası DEFA kinostudiyasının direktoru idi. Bu, Din Ridə kino yaradıcılığı ilə daha da ciddi məşğul olmağa imkan yaradırdı. Dövrünün tanınmış aktyorlarından sayılan Qoyko Mitiçlə "Qan qardaşları" filmindəki oyunu ilə Din Ridin aktyorluq bacarığı bir daha özünü göstərdi, tamaşaçıların böyük rəğbətini qazandı. İndi onu yalnız müğənni kimi yox, həm də ciddi aktyor kimi qəbul edirdilər. Aktyor boy-buxunu, amerikansayaq davranışıyla hinduların həyatından çəkilən filmlərdə çox təbii görünürdü. Usta at çapmağıyla, oxuduğu kovboy mahnılarıyla, oynadığı rolları və yaratdığı obrazlarla tamaşaçı qəlbinə asanlıqla yol tapırdı. Çəkildiyi son ekran əsəri "Oxu, kovboy, oxu" filmi oldu.
Onun kino yaradıcılığından danışarkən bir ekran əsərini - məşhur amerikan aktyoru Yul Brinnerlə birlikdə çəkildiyi "Əlvida Sabata" filmini unutmaq olmaz. Filmdə bu iki aktyor əks qütblərdə dayansa da, öz oyunlarıyla bir-birlərini tamamlayırlar. Yul Brinner Azərbaycan tamaşaçılarına 60-cı illərdə ekranlara çıxmış "Yeddi igid" filmindən tanışdır.
"Əlvida Sabata" filminin uğurundan danışarkən, heç şübhəsiz, Din Ridin məharəti, təbii oyunu xüsusi qeyd edilməlidir. Uşaqlıq çağlarından kovboyluq eləmiş Din üçün at çapmaq, döyüş səhnələrində çəkilmək heç bir çətinlik yaratmırdı, necə deyərlər, bu işin ustasıydı. Onun Belantayn ekran obrazı aktyoru bir daha tamaşaçılara sevdirdi. Hadisələrin dramatizmi, konfliktlər, gərgin döyüş səhnələri filmi maraqlı edir. Aktyor bu ekran əsərində ilk dəfə olaraq mənfi rolla yadda qalır.
Din Rid bu roluyla bir daha öz bacarığını nümayiş etdirə bildi və sübut elədi ki, onun aktyor ampluası daha genişdir. Amma bütün bunlara baxmayaraq, tamaşaçı onu bir daha mənfi rollarda görmür. Bəlkə də ona görə ki, hansısa quldur obrazını yaratmaq xasiyyətcə həlim, mehriban bir insana mənən çox baha başa gəlirdi.
Beləcə, Oxuyan Kovboyun doğulub boya-başa çatdığı Koloradodan uzaqlardakı həyatı yavaş-yavaş öz axarına düşürdü. Yeni həyata bələdliyi artdıqca, narahatçılığı da çoxalırdı elə bil.
Çox keçmir ki, onun yaradıcılığında bir sönüklük, durğunluq nəzərə çarpmağa başlayır. Tamaşaçı şən, gülərüz oğlanın çöhrəsində əvvəlki təbəssümü görmür. O, sanki xəyal qırıqlığına qapılmışdı, nə edəcəyini bilmirdi. Din Ridin ruh düşkünlüyü, heç şübhəsiz, sosialist Almaniyasındakı gizli xəfiyyə orqanlarının da diqqətindən yayına bilməzdi. Xəfiyyələr gözlərini ondan çəkmirdilər. Ondakı ruh düşkünlüyü illərlə mahnılarında tərənnüm etdiyi bir quruluşa inamsızlıqdan yaranmışdı. Həyata romantik və bir qədər də sadəlövh münasibət artıq geridə qalmışdı. Doğrudur, o, ideyasına xilaf çıxmasa da, ancaq indi həyata daha açıq gözlə baxmağı bacarırdı. 1985-ci ildə Amerikaya gedib qayıdandan sonra hiss elədi ki, vətən həsrəti, vətən nisgili ona rahatlıq vermir, güclü bir qüvvə onu doğma yurduna, elinə-obasına dartır. Nəhayət, belə qərara gəlir ki, vətənə dönsün, yaradıcılığını orada davam etdirsin. Çəkəcəyi filmin ideyası da artıq hazır idi və bu filmin ona böyük uğur gətirəcəyinə inanırdı.
O, 1973-cü ildə Vunded-Ni əyalətində Federal Təhqiqat Bürosu əməkdaşları ilə yerli hindular arasında baş vermiş silahlı toqquşmanı ekrana gətirmək istəyirdi. Din Rid Amerikada sol liberalların onu dəstəkləyəcəyinə ürəkdən inanırdı. Əlbəttə, yaradıcılıq planları böyük idi və bu planlar onun həm musiqi, həm də kino yaradıcılığını əhatə edirdi.
"Rossiya" otelinin foyesində onunla söhbət edəndə gələcək işləri, planları barədə də danışırdı. Ancaq nədənsə qayğılı görünürdü. Söhbət zamanı bunu gizlətməyə çalışsa da, alınmırdı, necə varsa, elə də görünürdü, o, sənətdə aktyor idi, həyatda artistlik eləməyi bacarmırdı. Din Ridi milyonlara sevdirən həm də onun səmimiliyi idi.
Ayrılanda gələn görüşlərədək dedim. Rus dilində şirin ləhcəylə sağollaşdı mənimlə. Ancaq bilməzdim ki, bu, mənim Din Ridlə son görüşümdü. Düz bir il sonra - 86-cı ilin yayında - yaradıcılıq eşqi ilə yaşayıb-yaradan bu mehriban insanın faciəli ölümü haqda xəbər yayıldı. Dünyada pərəstişkarları çox idi, onun ölümünə inana bilmirdilər. Həyatı kimi ölümü də müəmmalıydı.
Rəsmi məlumatlara görə, Din Rid Berlin yaxınlığında avtomobil qəzasında həlak olmuşdu. Sudan tapılmış meyitdəki izlər isə müəmma doğururdu. Qeyri-rəsmi məlumatlara görə, onun ölümündə Almaniya Demokratik Respublikası xəfiyyə orqanlarının əli vardı. Bir vaxtlar sosializmə vurulan, bu quruluşu can-dildən tərənnüm edən tanınmış bir müğənninin fikir qırıqlığına düşməsi, Amerikaya qayıtmaq niyyəti sosializm ideologiyasına ağır zərbə ola bilərdi. Əvvəllər Din Ridlə qeyri-rəsmi yaşamış məşhur eston kinoaktrisası Yeva Kivi də bu fikri bölüşür. Onun da fikrincə, müğənninin ölümündə müəmmalı məqamlar çoxdur. Nə vaxtsa bu müəmmalara aydınlıq gətiriləcəkmi? Əlbəttə, bunu zaman göstərər. Yevanın dediklərinə görə, Din Rid sosializmə fanatikcəsinə vurulmuşdu. Yeva yazır: "Mən onu fikrindən daşındırmağa çalışır, bunlar hamısı üzdən belə görsənir, aldadıcıdır desəm də, o, mənim sözlərimə məhəl qoymurdu, zarafata salıb deyirdi ki, Sovet İttifaqında yeganə çatışmayan şey varsa, o da tualet kağızıdır..."
Yaradıcılığının çiçəkləndiyi bir zamanda həyatdan nakam köçən Din Rid dövrünün ən populyar sənət adamlarından biri olsa da, təəssüf ki, onun adı indiki nəslə o qədər də tanış deyil. Müğənninin adına, mahnılarına heç yerdə rast gəlimirik, bir vaxtlar bütün dünyaya səs salan koloradolu sarışın oğlan sanki heç yoxmuş.
Hər dəfə albomu vərəqləyəndə Din Ridlə birgə çəkdirdiyim şəkillərə baxır, onu xatırlayıram. Yeri düşdükcə, bu mübariz, xeyirxah və təvazökar insan haqqında söhbət açmağı da, bir növ, özümə borc bilirəm.
Ölümündən uzun illər sonra Rusiya telekanallarından birində Din Ridin yaradıcılığına həsr olunmuş verilişə baxdım. Verilişdə müğənninin ömür yoluna, yaradıcılığına yenidən nəzər yetirilir, bu günün prizmasından baxılır. Dövrünün sevimli müğənnilərindən olmuş, mehriban təbiətli bu insanı unutmaq sadəcə haqsızlıqdır. Belə sənətkarları indiki nəsillərə tanıtmaq vacibdir. İnanıram ki, onun oxuduğu mahnılar, gitarada ifa etdiyi musiqi bugünkü nəslin də zövqünü oxşayar. Din Ridin mahnıları onun ürəyindən, qəlbinin dərinliyindən süzülüb gəlirdi, məlahətli səsi saf bulaq suyu təki qaynayırdı.
Sevindirici haldır ki, bir vaxtlar kinoda yaddaqalan obrazlar yaradan müğənni-aktyorun özünün həyatından bədii film çəkilməsi barədə söhbətlər yaranır. Din Ridin həyat yolu, müəmmalı ölümü kino üçün düşündürücü, maraqlı mövzudur və yəqin ki, belə bir film aktyorun ölümü ilə bağlı bəzi müəmmalara aydınlıq gətirə bilər.
Bir məsələni də inamla qeyd etmək olar ki, Din Ridin həyat və yaradıcılığını ekranda canlandıracaq film öz tamaşaçısını tapacaq. Səsyazma firmaları müğənninin albomlarını yenə böyük tirajla buraxacaq və onun qəlbləri oxşayan məşhur "Bella çao"su yenə dillər əzbəri olacaq. Müğənninin məlahətli sənətinə vurulanlar çoxalacaq - sağlığında olduğu kimi...