Bu il Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən X Beynəlxalq Türk dili Qurultayında iştirak edirdim. Təsadüfən professor Çingiz Alyılmaz adlı bir elm adamı ilə tanış oldum. Əslən azərbaycanlı olan professor 1966-cı ildə Qars vilayətində dünyaya gəlib. O, Ərzurum Atatürk Universitetinin ədəbiyyat fakültəsindən məzun olub, orada magistraturanı bitirib, əlaçı tələbə kimi həmin universitetdə saxlanıb. Burada çalışdığı dövrdə dissertasiya müdafiə edib fəlsəfə doktoru olub, 2006-cı ildə dosent, 2012-ci ildə professor elmi adını alıb. Bir neçə il Monqolustanda, Çin Xalq Respublikasında müsafir professor kimi işləyib, türk mədəniyyətinin qaynaqlarını araşdırıb, Göytürk yazılı abidələrini yerində incələyib. Hazırda Bursa Uludağ universitetinin professoru vəzifəsində çalışır.
28 kitabın müəllifi olan Çingiz bəyin bu araşdırmaları nəticəsində "Moğolistandaki Türk anıtları projesi albomu", "Orhon yazıtlarının bugünkü durumu" (Ankara, 2005), "Göktürk harfli yazıtların izinde" (Ankara 2007), "Tonyukuk yazıtı" (Ankara 2018) kimi sanballı tədqiqat əsərləri nəşr olunub. Ç.Alyılmazın elmi fəaliyyətində, tədqiqatları arasında azərbaycanşünaslıq məsələləri də önəmli yer tutur. Türkiyədə onun bu sahədə "Türkiye türkcesi - Azərbaycan türkcesi askeri terminoloji anahtar kitabı" (İst.1995), "Azerbaycan Türkcesi - Türkiye türkcesi askeri terminoloji sözlüyü" (İst.1997) adlı kitabları işıq üzü görüb.
Bunlardan əlavə, o, Azərbaycan ədəbiyyatını və mədəniyyətini Türkiyədə yorulmadan təbliğ edən, yurdumuzu layiqli şəkildə təmsil edən elm adamlarından biridir. Belə ki, o, Nəbi Xəzrinin "Peyğəmbər - saflıq hekayələri" kitabını, Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabını, Təhmasib Fərzəliyev, İsrafil Abbasov və Nailə Hacıyevanın "Dualar, alqış və qarğışlar" adlı kitabını tərcümə edib Türkiyədə nəşr etdirib.
Mənim fikrimcə, professor Ç.Alyılmazın Azərbaycan tarixi-mədəni irsinə ən böyük xidməti isə öz dəsti-xəttilə imzalayıb mənə hədiyyə etdiyi iri həcmli nəfis şəkildə nəşr olunmuş 700 səhifəlik "Qobustan gizəmi - qıpçaqlara gedən yol" (Ankara 2024) kitabıdır.
Qeyd etmək lazımdır ki, Çingiz bəy Azərbaycana qəlbən bütün varlığı ilə bağlı bir elm adamıdır. Bu kitab da alimin Qobustan dövlət tarixi-bədii qoruğunda uzun illər aparılmış araşdırmalarının nəticəsi kimi ortaya çıxıb. Məlumdur ki, Qobustan abidələri bəşəriyyətin qədim yaşayış məskənlərindən, möhtəşəm təbiət möcüzələrindən biri kimi dövlət tərəfindən qorunur və bu daşlar üzərində yaşayan tarixə böyük əhəmiyyət verilir. Ona görə Azərbaycan arxeoloqları, etnoqrafları bu bölgədə uzunmüddətli ekspedisiyalar təşkil edib, tədqiqat aparıb, bu petroqlifləri sistemli şəkildə araşdırıb təsnif ediblər. Mərhum professor İshaq Cəfərzadə başda olmaq üzrə bir sıra görkəmli Azərbaycan alimləri bu mövzuda sanballı kitablar nəşr etdiriblər. Ümumi fikir belədir ki, Qobustan möcüzəsi yeni eradan əvvəlki VIII-V minilliklərin (Ç.Alyılmazın fikrincə 12 min il) yadigarıdır. Burada inventarlaşma aparılıb, üzərində petroqlif olan (Böyük daş dağı, Kiçik daş dağ, Cingir dağı) çox sayda irihəcmli qaya, daş müəyyən edilib. Lakin ilk dəfədir ki, professor Çingiz Alyılmaz Qobustan probleminə türk mədəniyyəti kontekstində yanaşmağa təşəbbüs göstərib. Həm də türk dünyası petroqlifləri və damğaları ilə müqayisəli planda.
Bu dəyərli bilik mənbəyi kitab 3 əsas bölmədən ibarətdir:
1. Qobustan, qobu sözü və onun türk dillərində məna xüsusiyyətləri; 2. Qobustandakı petroqliflər;
3. Qobustanda damğalar.
Kitabın ön sözündə Xalq şairi B.Vahabzadənin aşağıdakı misraları epiqraf kimi verilib:
"Ey dilim,
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi vərəqlənir,
Səndə neçə minillik mənim mədəniyyətim, şan-şöhrətim saxlanır".
Elə bu epiqrafdan yola çıxaraq müəllif Qobustan toponiminin kökündəki qobu sözünün etimologiyasını geniş və müqayisəli planda həm qədim türk dilləri, həm də müasir türk dilləri və şivələri üzrə müqayisələr apararaq təhlil edib. O müəyyənləşdirib ki, Azərbaycan dilindəki qobu/qobı leksik vahidi bir sıra qədim və müasir türk dillərində eyni tərkibdə işlənməklə yanaşı, bu söz bəzi türk dillərində kobı, kuba, koba, kovı variantlarında da çıxış edir. Müəllifin XI əsr abidəsi "Kutadqu bilik"də işlənmiş "kıvçak kovı" qoşa sözünü də müqayisə məqsədilə tədqiqata cəlb etməsi çox tutarlı və əsaslı (isabətli) olub. Müəllif bu qənaətə gəlir ki, qobu sözünün ilkin mənası:
1. içi boş, uğursuz, faydasız, yarasız, mal, miras;
2. kiçik çay, dərin arx, düzənlik, susuz çay yatağı, çuxur, çuxur yer olub. Orta türk dövrü abidələrində bu sözün ikinci bir məna - sarı, sarışın, solğun mənası qazandığını da görürük. Qədim türk yazılı abidələrindəki kıbçak/kıvçak leksik vahidindən çıxış edən müəllif qıpçaq etnoniminin də qobu/qobı/kobı/kovı leksik vahidi ilə eyni mənşəli olduğu fikrini irəli sürüb. Müəllif bu faktların ümumiləşdirilməsindən belə nəticə çıxarır ki, qobu/qıpçaq boy adı ağacdan törəmə inancı ilə bağlı meydana çıxıb. Alim qobu/qobı sözünün boy adlarında (etnonim kimi) işlənməsinə aid türk dünyası kontekstində xeyli nümunələr aşkara çıxarıb, onları təhlil edib. Daha sonra o, qobu/qobı və onun törəmələrindən ibarət daha geniş arealda, coğrafiyada yayılmasına aid yer adlarını, etnotoponimləri üzə çıxararaq müqayisəli şəkildə araşdırır. Ç.Alyılmaz çox doğru olaraq Azərbaycanın şimal bölgələrində Zaqatala, Qax, Şəki, Quba şivələrində qıpçaq təsirinin, elementlərinin çox güclü olmasından çıxış edərək göstərir ki, Azərbaycan xalqının etnogenezində qıpçaq ünsürü oğuz komponenti ilə başabaş iştirak edib, önəmli rol oynayıb. Onun fikrincə bunun bir örnəyi də Qobustan abidələridir.
Məlumdur ki, petroqlif termini qayalara, daşlara həkk olunmuş təsvirlər məfhumunu ifadə edir. Dil işarələr sistemi olduğu üçün petroqliflər də bu işarələr sisteminin bir həlqəsini təşkil edir. Bu təsvirlərlə insanlar təbiət, ətraf mühit haqqında öz düşüncə və duyğularını, qayğı, qorxu və istəklərini ifadə etmişlər. Bu funksiyasına görə petroqliflər bir növ ibtidai yazı, şəkli yazı, piktoqramları xatırladır. Müəllif petroqliflərlə dil arasındakı əlaqələrdən bəhs etdikdən sonra Qobustan qayalarındakı ov səhnələrini əks edən petroqliflər üzərində dayanır. Bu faktlar ov və ovçuluğun qədim insanın məişətində önəmli yer tutduğunu göstərir. Bu məsələnin izahına türk dünyası kontekstində yanaşan müəllif doğru olaraq qeyd edir ki, ümumiyyətlə bu təsvirlərdəki ov, ovçuluq gücü simvolizə edir, iqtidarda olmağı təmsil edir. Bu baxımdan Böyük daşdakı əlində ov quşu at üzərindəki insanın təsviri haqqında alimin şərh və izahı diqqəti cəlb edir. Kitabda Xəzər dənizi bölgəsinə yaxın olduğuna görə Qobustan qayalarındakı çoxsaylı qayıq təsvirlərinin izahı da diqqətəlayiqdir. Bu nəqliyyat vasitələrinin baş tərəfində günəş təsvirlərinin öz əksini tapması müəllifin gözündən yayınmayıb və ona görə də Böyük daşda daha çox təsadüf edilən bu günəş təsvirinin türk mifoloji inancları ilə bağlı olan petroqliflərin geniş yer tutması üzərində ayrıca dayanıb.
Müəllif Qobustandakı heyvan təsvirləri, qurd, at, buğa, öküz, keyik, təkə, maral petroqliflərinin çoxluq təşkil etməsinə diqqəti yönəldir və bunu həmin heyvanların qədim dünyada totem olması ilə izah edir. Böyük daşdakı insanların toplu rəqs, bəlkə də yallı rəqslərinin təsvirindən ibarət olan petroqliflər müəllifin diqqətini daha çox çəkib. Məhz buna görə yallı mərasimlərini əks etdirən çox sayda fotoşəkillər kitaba daxil edilmiş və alim bu materialları türk dünyasının digər bölgələrindəki petroqliflərlə uğurlu şəkildə müqayisə edib. Bu kütləvi xalq oyunlarının tanrı ilə bağlılığı və insanların qədim mifoloji inanclarını əks etdirməsi zəngin görsəl vasitələrlə, foto şəkillərlə əsaslandırılıb.
Qobustan damğaları bölməsi kitabın mühüm bir hissəssini təşkil edir. Doğrudur, Qobustan qoruğunda petroqliflər sayca damğalara nisbətən çoxdur. Petroqliflərdən fərqli olaraq damğalar ümumiyyətlə insanlar arasında mühüm ünsiyyət vasitəsi olan yazının formalamasında, inkişafı tarixində mühüm bir mərhələ təşkil edir. Maraqlı bir fakt kimi qeyd edək ki, alimlərin ümumi qənaətinə görə qədim türk runik əlifbası məhz türk damğaları əsasında meydana çıxıb. Ona görə də bu bölmədə müəllif "Qobustan damğaları və türklər" problemi kontekstində mühüm fikirlər söyləyib. Müəllif göstərir ki, damğalar islamiyyət öncəsi türk həyat və inanc sistemi içərisində ən önəmli ifadə vasitəsi olub və fərqli məqsədlər üçün işlədilib. Türklər dağları, təpələri, zirvələri uca tanrıya yaxın olduğu üçün müqəddəs hesab edib, ona görə də türk dünyasının dağlıq bölgələrindəki qayalar, daşlar üzərinə damğaları, simvol və işarələri həkk ediblər. Elə buna görə də o, bir sıra damğaları ana damğa, ortaq damğa, sonrakı damğaları isə fərdi, yeni damğalar adlandırıb. Məhz bu səbəbdən alim Qobustan qoruğunda daha çox təsadüf edilən ortaq, ana damğa adlandırdığı qobu damğası, təkə damğası, kağan damğası, az damğası üzərində geniş şəkildə dayanmış, bu damğaların türk dünyası kontekstində əhəmiyyətini, mahiyyətini, ümimiyyətlə damğaların qədim dövrdə, türk dünyasında rolunu tədqiq və şərh edib.
Professor Ç.Alyılmaz Qobustan damğları üzərindəki araşdırmalarının yekununda çox doğru olaraq bu qənaətə gəlir ki, "Qobustandakı damğaların kimlər tərəfindən, nə zaman, nə məqsədlə istifadə və tətbiq edildiyi, digər coğrafiyalardakı türk damğaları ilə əlaqələri, tarix, epiqrafiya, antropologiya, etnologiya baxımından önəmləri hələ ətraflı şəkildə araşdırılmayıb. Halbuki qrafik dil vasitələrinin ən çox anlam daşıyanların ən xarakterik örnəklərini təşkil edən Qobustandakı damğalar, həm tarixdə yaşayan türk boylarının, həm də bu gün bölgədə yaşayanların keçmişləri, mədəni kimlikləri, yaşayış və inancları haqqında önəmli ipucları verəcək, bir çox bilinməyən mətləblərin aydınlaşdırılmasına işıq tutacaqdır. Qobustandakı mədəniyyət və sivilizasiya əsərlərini, qrafik dil vasitələrini türk boyları ilə bağlamağımıza imkan verən bəzi damğalar haqqında bilgi verib görüntülərini paylaşmaq mövzu ilə bağlı araşdırma aparanlara yol göstərəcəkdir".
Ktabın elmi əhəmiyyətini daha da artıran məziyyətlərindən biri də burada Qobustan və türk dünyası coğrafiyasının petroqlif və damğalarını əks etdirən 800-ə yaxın rəngli fotoşəkil verilməsindən ibarətdir. Bununla da bu dəyərli 700 səhifəlik qaynaq əsəri kitab-albom da adlandırmaq olar. Beləliklə, Bursa Uludağ universitetinin professoru Çingiz Alyılmazın "Qobustan gizemi: qıpçaqlara gedən yol" əsəri Qobustan dünyasını "Qıpçaqlar və Azərbaycan" problemi baxımdan araşdıan ilk dəyərli monoqrafik əsərlərdən biri kimi diqqəti cəlb edir və inanırıq ki, bu kitab azərbaycanşünaslığa, türk dünyasının birliyinə layiqli bir töhfə olacaqdır.
20.11.2024