Dünyanın və mənsub olduğun xalqın, vətəndaşı olduğun ölkənin keçmişini bilmək üçün tarixi öyrənmək, tarix elminə bələdlik çox vacibdir.
Bizdən əvvəl tarixdə nələr baş verib, bu torpaqların yüzillər, minillər öncəki sakinləri olan babalarımız necə yaşayıblar, dostları və düşmənləri kim olub onların – bütün bunlar olduqca maraqlı suallardır. Cavablarını tapmaqda isə yenə də tarix elmi köməyimizə yetir. Xüsusilə, torpaqlarının iyirmi faizi düşmən tapdağında olan bir ölkənin vətəndaşı tarixi dərindən bilməlidir. Hər vəchlə tariximizi saxtalaşdırmağa cəhd göstərən, dədə-baba torpaqlarımızı öz adına çıxıb, yiyələnmək istəyən ermənilərə layiqli cavab vermək, onları tarixi faktlar qarşısında susmağa məcbur etmək, nəinki regionda, ümumiyyətlə bütün dünyada Ermənistanın tarixi Azərbaycan torpaqlarında bərqərar olduğunu, onların Azərbaycana qarşı irəli sürdüyü torpaq iddialarının ağ yalandan başqa bir şey olmadığını dünya ictimaiyyətinin nəzərinə çatdırmaq taleyüklü missiyadır. XXI əsrin informasiya, texnologiya əsri olduğunu nəzərə alsaq, bunun vacibliyi bir daha aydın olar.
Keçmişimizlə bağlı həqiqətlərin, dövlətçilik tariximizin ayrı-ayrı mərhələlərinin elmi aspektdən işıqlandırılması, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin, Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı faktının dünyaya düzgün və dolğun çatdırılması üçün tarixçilərin əsaslı faktlarla yazdıqları əsərlərə böyük ehtiyac var.
Ədalət naminə qeyd edək ki, Azərbaycanın bu işi layiqincə yerinə yetirən bir çox görkəmli tarixçiləri var. Belə alimlərdən biri də bu yaxınlarda 60 yaşı tamam olacaq dəyərli tarixçimiz, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Boran Əzizdir. Nəşr etdirdiyi kitabları, araşdırmaları, elmi məqalələri, simpoziumlarda, sessiyalarda, konfranslarda etdiyi çıxışları ilə Boran Əziz ilk növbədə milli dövlətçilik tariximizin öyrənilməsi və təbliği işinə ciddi töhfələr verib. Onun XX əsrlə bağlı araşdırmaları, Qarabağın tarixi taleyinə, bədxah qonşuların torpaqlarımıza təcavüzünə, ermənilərin xalqımıza qarşı törətdikləri, insanlığa sığmayan vəhşiliklərə, soyqırım faktlarına işıq salınması baxımından, çox dəyərlidir.
Alimin ömür və fəaliyyət yoluna qısa, ümumi nəzər saldıqda belə, onu yetirən mühit, milli yöndə formalaşan dünyagörüşü barədə aydın təsəvvür əldə etmək mümkündür. Boran Orduxan oğlu Əziz 1954-cü il dekabrın 30-da Ağdam rayonunun Mərzili kəndində, ziyalıları, alimləri ilə tanınan Qarabağ elində anadan olub. 1972-ci ildə orta məktəbi bitirən Boran Əziz 1972-1976-cı illərdə Azərbaycan Pedaqoji Universitetinin (əvvəlki APİ) Tarix fakültəsinin əyani şöbəsində təhsilini əla qiymətlərlə başa vurub.
Universiteti bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayan Boran Əziz 1976-1981-ci illərdə doğma kəndindəki orta məktəbdə müəllim işləyib. Elmi fəaliyyət arzusunda olan gənc müəllim 1981-1984-cü illərdə Bakı Dövlət Universitetində SSRİ tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirib. 1986-cı ildə dissertasiya müdafiə edib və tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1986-cı ilin dekabrından bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında çalışan Boran Əziz universitetdə Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Filologiya fakültələrində, Tarix fakültəsinin bakalavr və magistr pillələrində Azərbaycan tarixi, Azərbaycanda Sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənlərindən mühazirə və seminar məşğələləri aparır.
Boran Əziz səmərəli pedaqoji fəaliyyətdən əlavə, eyni zamanda, ardıcıl tədqiqatlar aparır, elmi məqalələr, kitablar, proqramlar nəşr etdirir. İndiyədək onlarla elmi məqaləsi, bir neçə kitabı, tarixin tədrisi üzrə proqramları çap olunub.
Tədqiqat sahəsi əsasən Azərbaycan tarixinin XIX –XX əsrlər dövrünü əhatə edən alim Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafı məsələlərinə müstəsna diqqət ayırıb və bu yöndə uğurlu elmi nəticələr əldə edib. Onun tədqiqat işində 1920-1991-ci illərdə Azərbaycanda Sovet işğal rejiminə qarşı mübarizə, ADR dövründə qaçqınlar probleminin həlli, Azərbaycanda milli-azadlıq hərəkatı tarixinin öyrənilməsinə geniş yer tutur.
Boran Əziz bir sıra beynəlxalq seminar, simpozium və konfransda Azərbaycanı uğurla təmsil edib. 2002-ci il mayın 23-25-də Türkiyədə keçirilən “Türkiyənin erməni məsələsi” adlı beynəlxalq elmi konfransda “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri” mövzusunda məruzə edən alim öz çıxışı ilə konfrans iştirakçılarının diqqətini çəkib, eyni zamanda, olduqca önəmli tarixi həqiqətləri elm aləminə çatdırıb. 2003-cü ilin mart-may aylarında isə Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri” mövzusunda keçirilən beynəlxalq elmi sessiyada çıxış edən tarixçi bu dəfə də öz tədqiqatı ilə, faktları üzə çıxarıb təqdim etmək bacarığına görə rəğbət qazanıb.
Boran Əzizin “Müharibəyə qarşı sülh uğrunda”, “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri” kitabları beynəlxalq aləmdə ermənilərin cinayətkar niyyətlərini ifşa edən sanballı tədqiqatlardır.
Birinci əsərlə alim bütün dünyada özlərini məzlum xalq kimi göstərən ermənilərin əslində riyakar, təcavüzkar və saxtakar olduqlarını danılmaz faktlarla sübuta yetirir. Eyni zamanda onların qondarma soyqırım iddiaları ilə bağlı arxiv faktlarını gizlətdiklərini, tarixi həqiqətlər qarşısında aciz olduqlarını göstərir. İkinci əsər isə əslində ermənilərin deyil, Azərbaycan türklərinin soyqırıma məruz qaldığını faktlarla ortaya qoyur. Boran Əziz bu əsərində bariz şəkildə isbatlayır ki, Azərbaycan hər zaman tarixi faktları, arxiv sənədlərini heç kimdən gizlətmədiyi kimi, bu faktlardan təkcə bizim tarixçilərin deyil, həm də digər ölkələrin mütəxəssislərinin, hətta erməni tarixçilərinin də yararlanmasında, həqiqətlərin dünyaya çatdırılmasında maraqlıdır.
Usta tədqiqatçının Türkiyədə nəşr olunan “Azərbaycanda ermənilərin türk soyqırımı: mart faciəsindən Xocalıya” kitabı alimin davamlı araşdırmalarının, mənbələrin və arxiv sənədlərinin müqayisəli, obyektiv və qərəzsiz təhlilləri nəticəsində ərsəyə gəlib.
Əsərdə 20-ci əsr boyunca – 1905-1907, 1918, 1948-1953 və 1988-ci ildən sonra ermənilərin Şimali və Cənubi Azərbaycanda törətdiyi qırğınlardan bəhs olunur. Müəllif sadəcə yazılı qaynaqlardan deyil, rəsmi məlumatlar və canlı şahidlərin verdiyi bilgilərdən də yararlanıb.
Alimin müxtəlif vaxtlarda, fərqli məsələlərlə bağlı verdiyi elmi şərhlər onun tarixə obyektiv elmi rakursdan, ancaq həm də milli mövqedən yanaşdığını, dəqiq faktlarla münasibət bildirdiyini sübut edir. “Qloballaşmanın genişləndiyi bir zamanda milli mənəvi dəyərlərin və özünəməxsusluğun qorunub saxlanması getdikcə çətinləşir” – deyən Boran Əziz bu narahatlığın aradan qaldırılması üçün elmi fəaliyyətində dürüst bir rəftar sərgiləyir.
Bundan əlavə, Boran Əzizin təhlilləri maraqlı məzmunu, orijinal mahiyyəti ilə də seçilir. Misal üçün, alimin vaxtilə Qarabağ ərazisinin haraları əhatə etdiyi, oranın hansı səbəbdən “Arran Qarabağı” adlandırılması barədə verdiyi izah xeyli maraqlıdır, üstəlik də elmi tutar kəsb etmək baxımından çox önəmlidir: “Arran Qarabağı adlandırılması ərazini digər Qarabağlardan – Güney Azərbaycandakı Təbriz və Surxab Qarabağından, Naxçıvandakı, Qarsdakı, Şimali Qafqazdakı, Özbəkistandakı və Əfqanıstandakı Qarabağdan fərqləndirmək məqsədi daşıyıb... Qarabağ deyəndə Ağdərə, Xocalı, Xankəndi, Şuşa, Xocavənd və həmin bölgənin ətrafındakı, həndəvərindəki bütün torpaqlar, təkcə Goranboy, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl deyil, Beyləqanın, Yevlaxın bir hissəsi, həmçinin Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, yəni aran və dağlıq hissə bütövlükdə nəzərdə tutulmalıdır”.
Azərbaycanın son yüz ildə heç cür xilas ola bilmədiyi, indi də ən ağır problemlərimizdən olan qaçqınlıq məsələsindən ürək ağrısıyla, ancaq bir alim dəqiqliyi ilə söz açan Boran Əziz bu barədə tədqiqatlarında problemin aydın, dolğun təsvirini verir, onun səbəblərini, nəticələrini hərtərəfli araşdırıb təqdim edir. Alim bu mövzuya aid bir əsərində yazır: “1917-ci ildə Avropada, çar Rusiyasında, Cənubi Qafqazda və o sıradan Azərbaycanda baş verən ictimai-siyasi proseslər nəticəsində ermənilər yenidən torpaq iddialarını reallaşdırmaq üçün təcavüzkar mahiyyət daşıyan fəallıqlarını artırdılar. Xaricdən, xüsusən Rusiyadan hər cür maddi-mənəvi yardım alan ermənilər azərbaycanlılar yaşayan kəndlərə basqın edərək on minlərlə dinc əhalini- qadın, qoca və uşaqları qətlə yetirmiş, yaşayış yerlərini yandırmış, yerlə-yeksan edərək müsəlmanlardan ötrü yaşayış üçün mümkünsuz hala çevirmişlər. Nəticədə yüz minlərlə azərbaycanlı qaçqın vəziyyətə düşmüşdür. Xalqımızı fiziki cəhətdən məhv etməkdən, öz doğma torpaqlarından birdəfəlik qovulmaqdan Cümhuriyyətin qurulması xilas etdi.
Cümhuriyyət yarandığı ilk günlərdən qarşılaşdığı ağır problemlərdən biri də qaçqınlar məsələsi olmuşdu. Mövcud oldubu illərdə həm hökumət, həm də parlament bu problemi həmişə diqqətdə saxlamışdı. Belə ki, parlament 1918-1920-ci illərdə keçirdiyi 145 iclasın 45-də qaçqınlar məsələsinə toxunmuşdur. 1918-ci ilin 7 dekabrında öz işinə başlayan parlament həmin ildə 6 iclasında qaçqınlar məsələsini müzakirə etmişdir. Bu iclaslarda qaçqınlar məsələsinin ağır problem olduğunu nəzərə alaraq ayrıca bir Nazirliyin –Himayəçilik Nazirliyinin yaradılması, hökumətin bu məsələni daim diqqətdə saxlamasının vacibliyi, problemin ermənilərin təcavüzkar siyasəti nəticəsində yaranması geniş şəkildə müzakirə edilmişdir.
Parlament 1919-cu ildə keçirdiyi 28 iclasında qaçqınlar məsələsini hərtərəfli müzakirə etmişdir. İclaslarda müzakirələr zamanı qaçqınlara konkret, təxirəsalınmaz şəkildə yardım göstərilməsi həmişə diqqətdə olmuşdur”.
Dövlətçilik tariximizin araşdırılması, milli dərdlərimizin ölkə və dünya ictimaiyyətinə, xüsusən Azərbaycanda, Türk dünyasında yeni nəsillərə çatdırılması istiqamətində fəaliyyətini böyük əzmlə davam etdirən dəyərli alimimiz Boran Əzizi qarşıdan gələn 60 illiyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar arzulayırıq.
Cavid ŞÜKÜROV