Filologiya elmləri doktoru, professor, telejurnalist Qulu Məhərrəmlinin həyat və yaradıcılığına həsr edilmiş “İşığa doğru” kitabı çap olunub.
Lent.az-ın məlumatına görə, kitabda görkəmli elm və mədəniyyət xadimləri, sənət adamları, ölkə ictimaiyyətinin bir çox tanınmış nümayəndələrinin yazıları verilib.
Professor Şirməmməd Hüseynov kitaba giriş sözü yazıb. Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Musa Yaqub və Məmməd Aslanın kitabda yer almış yazılarında Qulu Məhərrəmlinin şəxsiyyəti və yaradıcılığı müxtəlif prizmalardan təhlil olunub.
Millət vəkilləri Elmira Axundova, Nizami Cəfərov, görkəmli elm və mədəniyyət adamları Rafiq Əliyev, Nizaməddin Şəmsizadə, Fəxrəddin Veysəlli, Ramiz Abutalıbov, Əjdər Ağayev və başqaları öz məqalələrində professor Qulu Məhərrəmlinin çox şaxəli yaradıcılığından bəhs ediblər.
Kitabda Azərbaycan mediasının tanınmış simaları, həmçinin kino və televiziya xadimləri Vasif Babayev, Arif Əliyev, Elçin Şıxlı, Natiq Məmmədli, Rövşən Almuradlı, Oqtay Babazadə, Qüdrət Piriyev və başqaları da professor Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikası və audiovizual mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətlərdən söhbət açıblar.