|
|
|
|
Bugünlərdə “Ulduz” jurnalının dekabr sayı nəşr edilib. Jurnal tənqidçi Rüstəm Kamalın “Türk, özbək, türkmən, uyğur, qırğız-hamısı bir soydur” ekspert yazısı ilə açılır: “Ulduz”un keyfiyyət dəyişməsi göz qabağındadır, “daxili və xarici ifadə planları” üst-üstə düşür. Noyabr sayı türkdilli xalqların ədəbiyyatına həsr olunub. Xalq yazıçısı Anarın “Zəfərin mübarək, Nazim!” kitabının əlavə kimi verilməsi bu sayın məzmununa və ideyasına uyğun gəlir. Bu sayda müasir türk hekayəçilik ənənəsinə həsr olunmuş iki məqalənin verilməsi nə funksionallıq, nə də jurnalın estetik istiqaməti baxımından, fikrimcə, özünü doğrultmur. Görkəmli teatrşünasımız İlham Rəhimlinin qeyri-səlis nəzəriyyəsini Azərbaycan səs və rəng dünyasına tətbiq və esse təcəssümü maraqlıdır. Ədəbi-bədii jurnal kollektiv işidir. Baş redaktorla yaradıcı heyətin bir ədəbi-estetik məkanı, dünyagörüşü paylaşdığı yerdir. Onların bədii zövqü, savadı və istedadı “Ulduz”un çox illər parlamasını şərtləndirəcək...”
Ekspert yazısını Emin Pirinin “Özüylə söhbəti” izləyir və dərgidə gənc şairin “Ayağım özümdən qeyrətli çıxdı”, “Abort stolunda yalvaran körpə”, “Uşaqlıq illərim asan keçməyib”, “Mələklərə atılan mərmilər”, “Sağ qalan varmı?!”, “Oyun”, “Ölən dənizləri kim ağlar”, “Can borcu”, “Allahın zarafatı”, “İşıqforda çaşan külək”, “Suriya” şeirləri öz əksini tapıb.
Nərgiz Cabbarlı”Çağdaş şeir və “çöküş fəlsəfəsi” yazısında müasir dövrün poeziyasından söz açıb.
Alpay Azərin “Yaddaş eskizləri” silsiləsindən “Babam” hekayəsi jurnalın “Nəsr” bölümündə oxuculara təqdim edilib.
“Ulduz”un “1(oğlan)+ 7(qız)” layihəsində Elçin Aslangil, Günel Şamilqızı, Məhsəti Musa, Günel Rüstəmli, Ramilə Qardaşxanqızı, Sevinc Yunuslu, Təranə Turan Rəhimli və Nilufər Şıxlının şeirləri dərc olunub.
Şahnaz Kamalın “Nənəmin nağılı”, Təranə Fazilqızının “Nənəmin həyat qanunları”, Arif Ərşadın “Xeyir-dua” hekayələri də “Ulduz”un bu sayında işıq üzü görüb.
Əbdürrəhim bəy Haqverdiyevin “Çeşmək” hekayəsi jurnalın “Örnək” rubrikasında təqdim edilib.
Ənənəvi “Şeir vaxtı” rubrikasında Mina Rəşidin “Bir ül düşdü kol içinə”, “Atamın ruhuna”, “Bura adam səhrasıdı”, “Sözüm düşür qəribliyə”, “Adam istəsə”, Ruzbeh Məmmədin “Hərdən belə də olur”, “Məktub”, “Yenə o qadın”, “Olmadı” şeirləri çap edilib.
İmir Məmmədlinin “İşıqsız gecələrin söhbətləri” də “Ulduz”un bu saynıda oxucuların ixtiyarına verilib.
Hicran Hüseynovanın “Sən güclü və kövrək” yazısı jurnalın “Məqam” rubrikasında yer alıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəftər Hüseynov “Müxtəlifliyin vəhdəti” yazısında Xalq yazıçısı Anarın kino yaradıcılığı haqqında söz açıb.
“Tərcümə saatı”nda Rey Bredberinin “Dünyanın sonudur” hekayəsi nəsrsevərlərə təqdim edilib.
AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi İbrahim Quliyev “Alim ömrünün unudulmaz anları” yazısında Möhsün Nağısoylu haqqında fikirlərini qələmə alıb.
Vahid Aslanın “Ömür sürməli dövrandı” yazısında mərhum ifaçı Səxavət Məmmədov anılıb.
İlham Abbasovun təqdimatında “Ulduz” jurnalı ilə ayb.az saytının “Ədəbiyyat üzrə Nobel mükafatı laureatı” adlı birgə layihəsində Anatol Fransın aforizmləri verilib.
Jurnalın “Dərgidə kitab” layihəsində bu dəfə gənc yazar Arzu Hüseyn qonaq qolub. Jurnalda müəllifin “Arama”, “Getdi”, “Abstrak”, “De”, “Gecə söhbəti”, “Ağ qara”, “Son qatar”, “Ay ellər”, “Apardı” şeirləri yer alıb.
S.MÜRVƏTQIZI