Bu yaxınlarda “Azərbaycan” jurnalının 2014-cü ildə sonuncu – 12-ci sayı işıq üzü görüb. Jurnalın ənənəvi “Poeziya” bölməsində Firuzə Məmmədli, Nisə Bəyim, Afaq Şıxlı, Vaqif Aslan, Rəfail İncəyurd, Ətraf Sərraf və Gülağa Tənhanın şeirləri dərc edilib.
“Nəsr” bölümündə isə Varisin “Zalımlar, babam və əncir ağacı” və “Mariya Selesta” hekayələri, Gülşən Lətifxanın “Dağlar qızı” povesti və Səxavət Talıblının “Adəmin övladları” romanının sonu öz əksini tapıb.
“Yazıçının arxivindən” rubrikasında “Mirzə İbrahimovun həyat yoldaşı Sara xanımla məktublaşmaları” yer alıb.
Professor Vaqif Yusiflinin Nəbi Xəzrinin 90, Tofiq Bayramın 80 illik yubileyi münasibətilə qələmə aldığı yazılar da jurnalın bu sayında dərc edilib. “Nəbi Xəzrisiz nə XX əsrin, nə də indi yaşadığımız XXI əsrin Azərbaycan poeziyasını təsəvvürə gətirmək mümkün deyil. Onun poeziyası son yetmiş ilin milli-mənəvi dəyərlərimiz sırasındadır. Bu gün ədəbiyyatımızda sözün fiziki mənasında onun yeri görünür. Amma mənəvi mənada Nəbi Xəzri elə öz yerindədir. Onun zərif, incə, məhəbbət dolu lirikası yenə öz hərarətini bizdən əsirgəmir”. Bu fikirlər “Sənsən gümanım, Azərbaycanım” yazısındadır. “Şairlik nə bəylik, nə sultanlıqdır” yazısında isə V.Yusifli T. Bayramı lirik şair kimi səciyyələndirib: “Onun lirikasında tribun nəfəsindən gələn kəskinlik də vardı, zərif gül ləçəyinə oxşayan incəlik də. Onun səkkizlikləri içərisində “Nizami çələngi”, “Sabir çələngi”, “Səməd Vurğun çələngi”, bir nümunə kimi “Səttar çələngi” xüsusi yer tutur. Bu sənətkarların ölməzliyi onun şeirlərində poetik şəkildə təsdiq olunur”.
Müşfiq Cəbiyevin şeirləri “Azərbaycan”ın “Debüt” bölümündə oxuculara təqdim edilib.
Professor Nizaməddin Şəmsizadənin 60 yaşı münasibətilə Buludxan Xəlilov “Alim, tənqidçi, şair” adlı yazı qələmə alıb.
“Qəşəmə bir dənə qələm” yazısında şair Qəşəm Nəcəfzadə gənclik illərinin xatirələrindən söz açıb.
Jurnalın “Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Safura Quliyevanın “Dramatik kolliziyada sosial mühit”, Aygün Bağırlının “Adilikdən aliliyə” və Nərgiz Cabbarlının “Modernist-eksperimental şeir və çağdaş poeziyada “neomodernizm” dalğası” məqalələri verilib. Safura Quliyeva yazısında İlyas Əfəndiyevin pyesləri əsasında düşüncələrini qələmə alıb. Aygün Bağırlının “Adilikdən aliliyə” məqaləsində Məmməd İsmayılın yaradıcılığı təhlil edilib. Onun jurnalın “İsti-isti” rubrikasında “Ruslanın şeirləri” haqqında yazısı da verilib.
Jurnalın hər ilin son sayında ənənəvi olaraq təqdim etdiyi “Kitab rəfi”ndə 2014-cü ildə çap olunmuş önəmli kitablar haqqında annotasiya yer alıb.
S.MÜRVƏTQIZI