Qarabağın dərdi ağır,
Marş deməyə ordu gərək.
Azğın, xain düşmənlərdən
Azad etsin yurdu gərək.
Çox zəngindir bizim torpaq,
Bol sərvəti qalaq-qalaq.
Ona görə lap qədimdir
Qarabağa olan maraq.
Qarabağdan gələn səslər
Ərənlərin gur səsidir.
O, ruhudur babaların,
Şəhidlərin nərəsidir.
Ağdərədən yüksələn səs,
Babəklərin harayıdır.
Səngərlərdə hazır duran
Koroğlular alayıdır.
Şuşa uca dağ başında
Həsrət çəkir, yol gözləyir.
Dözür qışı, dözür yayı,
Ay gözləyir, il gözləyir.
Rəhbərimiz göstəribdir
Yurda aparan yolları:
"Qarabağı qurtaracaq
Ancaq Vətən oğulları".
Laçın bizi çağırır, bax,
Gəlib vədə, çatıb zaman.
Öz sözünü deyəcəkdir
Bizim Ali Baş Komandan!
Üzünə gün doğacaqdır
Qədim, doğma obamızın.
Onda ruhu şad olacaq
Ulu, müdrik babamızın.
Telman BUDAQOV



