Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri, millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə mətbuatda Dağlıq Qarabağ problemi ilə bağlı yer alan yazıların monitorinqi davam etdirilir.
Monitorinq qrupundan Modern.az-a verilən məlumata görə, martın 1-dən start verilən layihə çərçivəsində dekabr ayı ərzində də respublikada nəşr olunan 16 qəzet v 21 online media monitorinq olunub.
Monitorinq çərçivəsində qəzetlər və online medianın Dağlıq Qarabağ məsələsinə necə yer ayırdığı öyrənilib.
Dekabr ayının yekunlarına əsasən, monitorinq olunan mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 4872 məqalə dərc edilib.
Yazılardan 4436-ı (90,1 faiz) online mediada, 436-sı (9,9 faiz) isə yazılı mətbuatda gedib.
Əvvəlki ayla müqayisədə mediada münaqişə ilə bağlı xəbərlərin artıb.
Xüsusilə də online mediada münaqişə ilə bağlı xəbərlərin artdığı görünür.
Monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni dərc edən “Şərq” (50 məqalə), “Bakı-Xəbər” (47 məqalə), “Yeni Müsavat” (35 məqalə) olub.
Ay ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az məqalə “Ədalət” (15 məqalə), “Exo” (13 məqalə) qəzetlərində dərc edilib. Həftəlik “Reytinq” qəzeti isə bu mövzuya ümumiyyətlə toxunmayıb.
Online mediada isə ilk üçlükdə isə azertag.gov.az, trend.az, musavat.com saytları yer alıblar. Bu saytlar ay ərzində müvafiq olaraq 500, 499, 463 xəbər yayıblar.
Ay ərzində online mediada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az xəbəri isə virtualaz.org (63 xəbər), ann.az (49 xəbər) və newtimes.az (26 xəbər) saytları yayıb.
Monitorinq çərçivəsində online medianın Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşmasına da diqqət yetirilib.
Məlum olub ki, dekabr ayı ərzində mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələrin 31 faizi cəbhə xəttində atəşkəsin pozulması ilə bağlı olub.
İkinci diqqətdə olan mövzu ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi ilə bağlı xəbərlər olub.
Ay ərzində online mediada Dağlıq Qarabağ mövzusunda dərc olunan xəbərlərin 18 faizi bu mövzuda olub. Digər diqqət mərkəzində olan mövzular girov götürülən Azərbaycan vətəndaşları (17 faiz), Prezident İlham Əliyevin münaqişə ilə bağlı verdiyi bəyanatlar (11 faiz), Xocalı soyqırımı ilə bağlı xəbərlər (9 faiz), məhv edilən düşmən helikopteri ilə bağlı xəbərlər (6 faiz) və digər mövzular (8 faiz) olub.
Qəzetlərin mövzu seçimi isə onlıine mediadan fərqlənib. Məlum olub ki, dekabr ayı ərzində yazılı mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələrin 18 faizi düşmənin girovluqda saxladığı soydaşlarımızla bağlı olub.
İkinci diqqətdə olan mövzu Prezident İlham Əliyevin münaqişə ilə bağlı verdiyi bəyanatlara həsr edilən xəbərlər olub. Ay ərzində yazılı mediada Dağlıq Qarabağ mövzusunda dərc olunan xəbərlərin 17 faizi bu mövzuda olub. Digər rəsmilərin bəyanatları (16 faiz), ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi (14 faiz), cəbhə xəttində atəşkəsin pozulması (9 faiz), Xocalı soyqırımı (6 faiz), vurulan düşmən helikopteri ilə bağlı xəbərlər (5 faiz) və digər mövzular (15 faiz) diqqət mərkəzində olub.
Monitorinq zamanı yazıların janra görə da təsnifatı aparılıb. Bu zaman münaqişə barədə ən çox məqalə dərc edən 2 qəzetin – “Şərq” və “Bakı-Xəbər”in məqalələri əsas götürülüb.
Məlum olub ki, “Şərq”in səhifələrində Dağlıq Qarabağ mövzusunda yerləşdirdiyi məqalələrin 46 faizi xəbər janrında olub. Məqalələrin 24 faizinin analitik-araşdırma, 16 faizi müsahibə, 14 faizi isə köşə janrındadır.
“Bakı-Xəbər” qəzetində isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərc etdiyi məqalələrin 28 faizində xəbər janrına üstünlük verib. Məqalələrin 28 faizi köşə, 27 faizi analitik-araşdırma, 17 faizi müsahibə tipli olub.