
Rəngkarlıq Muzeyində SÖZ Multidissiplinar İncəsənət Mərkəzinin “Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı üçün xüsusi hazırladığı Beynəlxalq Poeziya Gecəsi keçirilib.
525.az xəbər verir ki, tədbirdə ABŞ, Portuqaliya, Mərakeşdən olan tanınmış şairlər - Manuel İris, Luís Filipe Sarmento, Hassan Najmi, həmçinin Xalq şairləri Sabir Rüstəmxalı, Vahid Əziz və Vaqif Bəhmənli, SÖZ Multidissiplinar İncəsənət Mərkəzinin təsisçisi və rəhbəri Nigar Həsənzadə musiqi sədaları altında şeirlər səsləndiriblər.
Gecədə türkiyəli şair Ataol Behramoğlu söz sənətini ekran vasitəsilə təqdim edib.
Xalq şairi Vahid Əziz ölkəmizdə belə tədbirlərin keçirilməsini mədəni əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan proses kimi qiymətləndirib. Onun sözlərinə görə, bu cür görüşlər müxtəlif xalqlar arasında inteqrasiyanı gücləndirir, yaradıcı insanların bir araya gələrək, fikir və təcrübə mübadiləsi aparmasına imkan yaradır.
Poeziya gecəsində tamaşaçılar misralar vasitəsilə danışılan hekayələrin ritmini hiss etmək imkanı qazanıblar.










