
Taylandın cənubunda həftələrdir davam edən leysan yağışları daşqın və torpaq sürüşmələrə səbəb olur.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 2 milyon insan daşqın və sürüşmələrdən zərər çəkib. Bu barədə Taylandın Fəlakətlərin Qarşısının Alınması və İdarə Edilməsi Departamenti (DDPM) məlumat yayıb. Bildirilib ki, əyalətdə 719 min ev təsərrüfatı və 1 milyon 917 mindən çox insan daşqın və sürüşmələrdən zərər çəkib.
Səhiyyə Nazirliyi təbii fəlakətlər nəticəsində 18 nəfərin öldüyünü, 12 nəfərin yaralandığını, 1 nəfərin itkin düşdüyünü bəyan edib.
Quru nəqliyyatının tamamilə kəsildiyi bir çox bölgədə ləvazimatları tükənən vətəndaşlar sosial şəbəkələrdə kömək üçün müraciət edir, bir çoxu isə elektrik və internet kəsintisi yaşayır.
Ən çox ziyan çəkən Sonqxla əyaləti fəlakət bölgəsi elan edilib. Suyun kritik səviyyələrə yüksəldiyi məhəllələrdə məcburi təxliyələrə başlanılıb, Tayland Kral Ordusu tərəfindən hava, quru və dəniz birləşmələri ilə aparılan axtarış-xilasetmə və təxliyyə işləri çətin şərtlər altında davam edir.
İbrahim Cəfərov



