
Perunun keçmiş prezidenti Martin Vizkarra rüşvətxorluğa görə həbs olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Limada keçirilən dinləmələrdə 2018-2020-ci illərdə ölkəni idarə edən Vizkarranın 2011-2014-cü illərdə Moquegua qubernatoru vəzifəsində işləyərkən dövlət müqavilələrində onlara üstünlük vermək üçün iş adamlarından pul aldığı iddia edilib.
Məhkəmə Vizkarranı rüşvətxorluğa görə 14 il müddətinə azadlıqdan məhrum edib, həmçinin ona 9 il dövlət vəzifəsində işləməyi qadağan edib.
Hökmə reaksiya verən Vizcarra günahsız olduğunu söyləyib: “Özəl sektorun iş adamları məhkəmə boyu təsdiq edə bilmədikləri ifadələr verdilər və məhkumluğun heç bir əsası yoxdur”.
Yerli mətbuatın yazdığına görə, Vizkarranın bir çox keçmiş prezidentin saxlandığı Barbadillo həbsxanasına göndəriləcəyi ehtimal edilir.
Beləliklə, Vizkarra Alejandro Toledo, Ollanta Humala və Pedro Castillodan sonra eyni həbsxanaya göndərilən dördüncü keçmiş prezident olacaq.
Qeyd edək ki, Peru uzun müddətdir ki, istefalar, işdən çıxarılmalar və siyasi böhranlarla müşayiət olunan siyasi qeyri-sabitlik dövrü yaşayır. 2018-ci ildən etibarən yeddi prezident müxtəlif səbəblərə görə vəzifəsindən kənarlaşdırılıb.
İsgəndər Həsənov



