
“Ermənistan hökumətinin açıqladığı keçmiş Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi sənədləri ilə tanış olanda açıq-aydın görünür ki, görüşlərdə Azərbaycan tərəfi öz mövqeyindən bir addım belə geri çəkilməyib. Qarabağın müstəqil olması və yaxud Ermənistana birləşdirlməsindən söhbət belə getməyib”.
Bu barədə 525.az-a politoloq Zaur Məmmədov dərc edilən sənədlərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, baxmayaraq ki, status-kvonu qorumağa çalışıblar, faktiki olaraq Ermənistanın arxasında olan qüvvələr erməni məsələsi adı altında bölgədə öz maraqlarını həyata keçirmək istəyiblər, lakin istər Madrid, istər Kazan danışıqlarında, istərsə də 2016-cı ilin aprel döyüşlərindən sonra heç vaxt hər hansı bir rayonun, şəhərin, kəndin güzəştə gedilməsindən söhbət belə getməyib və əsas məsələ bütün torpaqların işğaldan azad edilməsi idi.
Politoloq əlavə edib ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Rusiya prezidentinə göndərdiyi məktubda da etiraf edilir ki, Azərbaycan Ordusu güclüdür, Azərbaycanın əsas hədəfləri məhz maksimum tələblərdir və Prezident İlham Əliyev öz maksimum tələblərindən geri çəkilmir.
“Eyni zamanda, bu sənədlər Nikol Paşinyanın seçki öncəsi Robet Köçəryan və Serj Sarkisyana təzyiqi üçün olduqca vacibdir. Baxmayaraq ki, Ermənistan müxalifəti qeyd edir ki, guya həmin danışıqlardan və açıqlanan sənədlərdən məlum olur ki, Paşinyan əslində Ermənistanı 2018-2020-ci illərdə xilas edə bilərdi, bu sənədlər ilk növbədə onu göstərir ki, danışıqlarda Qarabağ heç vaxt müstəqil bir aktor kimi müzakirə edilməyib. Ermənistan xalqı doğrudan da bu 30 il ərzində aldadılıb”, - Z.Məmmədov əlavə edib.
Politoloq hesab edir ki, Ermənistan cəmiyyəti əslində bu açıqlanan sənədlərdən nəticə çıxarmalıdır:
“İlk növbədə Qarabağ erməniləri dərs götürməlidir. Çünki məhz Qarabağ erməniləri bu 30 il ərzində girov kimi saxlanılıblar. İndi də uydurma informasiyalar yayılır ki, guya Paşinyan Qarabağ ermənilərinə qarşıdır və faktiki olaraq Ermənistan erməniləri və Qarabağ erməniləri arasında qarşıdurma yaradır və s. Ağlı olan ermənilər başa düşməlidirlər ki, bölgədə yeni müharibə Ermənistan dövlətinin süqutu demək olacaq və bundan da nəticə çıxarmalıdırlar”.
Pərvanə Sultanova



