
Rusiya prezidenti Vladimir Putin Hindistan səfərindən əvvəl “India Today” qəzetinə müsahibə verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, müxtəlif sahələrdə baş verən prosesləri vurğulayaraq, iki ölkə arasında gələcək əməkdaşlıq sahələrinin çox olduğunu bildirib.
Putin dekabrın 2-də ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner ilə keçirdiyi görüşün çox faydalı olduğunu qeyd edib. O, görüşün uzun sürdüyünü və ABŞ-ın sülh planının hər bir bəndinin müzakirə edildiyini bildirib.
“Rusiyanın qəbul etmədiyi məqamlar varmı?” sualına V.Putin belə cavab verib: “Elə məsələlər var. Onlarla bağlı məsləhətləşmişik, lakin bu, çətin işdir. Bəzi məqamlarda məsləhətləşə biləcəyimizi, lakin onları qəbul edə bilməyəcəyimizi söylədik. Məsləhətləşmələr bu şəkildə aparılıb. Məncə, nəyin uyğun olmadığını, nəyin razılaşa biləcəyini söyləmək hələ tezdir, çünki bu, iş prosesini poza bilər”.
Putin ABŞ prezidenti Donald Trampın Ukraynada sülhün əldə olunması üzərində səmimi şəkildə çalışdığını bəyan edərək, ABŞ-ın bu məsələdə siyasi və iqtisadi maraqlarının da olduğunu vurğulayıb.
O, Trampın Ukraynada kompromis axtardığını, lakin bunun asan olmayacağını qeyd edərək, Rusiyanın G8-ə qayıtmaq niyyətinin olmadığını və G7-nin qlobal iqtisadiyyatdakı yerinin daraldığını söyləyib.
Rusiya lideri sonda qeyd edib ki, xüsusi hərbi əməliyyatlar müharibənin başlanğıcı deyil, onu bitirmək cəhdidir. Putinin sözlərinə görə, müharibə Rusiya əvvəldən qarşıya qoyduğu məqsədlərə çatanda başa çatacaq.
İbrahim Cəfərov



