
Almaniya kansleri Fridrix Merts İsrailə səfər edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində o, İsrail prezidenti İsaak Hersoqla görüşüb.
Görüşdən sonra mətbuata verdiyi açıqlamada Hersoq, Almaniyanın İsrailin böyük dostu olduğunu bildirib. O əlavə edib ki, İsrail istehsalı olan “Arrow 3” hava hücumundan müdafiə sisteminin Almaniyaya yerləşdirilməsi onlar üçün əhəmiyyətlidir.
İsrailin dövlət başçısı Mertsin ABŞ prezidenti Donald Trampın Qəzza sülh planı ilə bağlı BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarından sonra İsrailə gəldiyini vurğulayıb.
Merts isə İsrailə ilk səfərini xatırladaraq, "Almaniyanın İsrailin yanında möhkəm dayandığını bilirsiniz" deyib.
O, Qəzza danışıqlarının növbəti mərhələsinə keçməkdə İsrailə kömək edəcəklərini ifadə edərək, İordan çayının qərb sahilindəki vəziyyətin müsbət şəkildə inkişaf edəcəyi təqdirdə iki dövlətli həllin əldə oluna biləcəyini qeyd edib.
İbrahim Cəfərov



