
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ABŞ-la əməkdaşlığa hazır olduqlarını bəyan edib. Bu açıqlama ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu və onun həyat yoldaşını ələ keçirməsindən sonra ilk barışdırıcı mövqe kimi qiymətləndirilir.
525.az “Reuters”ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan bəyanatda Delsi Rodriges bildirib ki, Venesuela hökuməti ABŞ-la qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına üstünlük verir və “birgə inkişaf”a yönəlmiş əməkdaşlığa açıqdır. O, bundan əvvəl ABŞ hərbi əməliyyatını ölkənin milli resurslarının qanunsuz ələ keçirilməsi kimi qiymətləndirmişdi.
ABŞ prezidenti Donald Tramp isə jurnalistlərə açıqlamasında Venesuelanın ABŞ-la neft sənayesinin açılması və narkotik qaçaqmalçılığına qarşı mübarizə sahəsində əməkdaşlıq etməyəcəyi təqdirdə yeni hərbi zərbələrin mümkün olduğunu bildirib.
Tramp, həmçinin, Venesuelada neft sektorunun bərpası üçün ABŞ şirkətlərinin ölkəyə qayıdacağını və milyardlarla dollar sərmayə yatıracağını qeyd edib. Onun sözlərinə görə, bu addımlar ABŞ-ın maraqlarının “geri qaytarılması” məqsədi daşıyır.
Nikolas Maduronun bazar ertəsi Nyu-Yorkda federal məhkəmə qarşısına çıxarılması planlaşdırılır. ABŞ prokurorluğu Maduronu narkoterrorizmdə, iri narkokartellərlə əməkdaşlıqda, narkotik qaçaqmalçılığı marşrutlarının idarə olunmasında və dövlət strukturlarından bu məqsədlər üçün istifadə etməkdə ittiham edir. Bu ittihamlar ilk dəfə 2020-ci ildə irəli sürülmüşdü.
ABŞ administrasiyası Maduronun həbsini hüquq-mühafizə tədbiri kimi təqdim etsə də, beynəlxalq ictimaiyyətdə bu addımın qanuniliyi ilə bağlı ciddi suallar yaranıb. Bir sıra ölkələr xarici dövlət başçısının güc yolu ilə ələ keçirilməsinin beynəlxalq hüquqa zidd ola biləcəyini bildiriblər.
BMT Təhlükəsizlik Şurası ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatını müzakirə etmək üçün təcili iclas keçirməyi planlaşdırır. BMT-nin baş katibi Antonio Quterreş bu hadisəni “təhlükəli presedent” adlandırıb. Çin isə ABŞ-ı beynəlxalq hüququ pozmaqda ittiham edərək, Maduronun və onun həyat yoldaşının azad edilməsinə çağırıb.
Qeyd edək ki, son 20 ildə dərin iqtisadi böhran yaşayan Venesuelada əhalinin təxminən beşdə biri ölkəni tərk edib. Analitiklərin fikrincə, Maduronun hakimiyyətdən kənarlaşdırılması ölkədə siyasi və sosial sabitliyi daha da zəiflədə bilər.
525



