
Çinin əhalisi ardıcıl olaraq dördüncü ildir ki, azalır.
525.az xəbər verir ki, bu barədə Milli Statistika Bürosunun məlumatında vurğulanıb.
Keçən il ölkədə 7,92 milyon uşaq dünyaya gəlib ki, bu da əvvəlki ildəki göstəricidən (9,54 milyon) azdır. Bu, 1949-cu ildən bəri ən aşağı səviyyədir. Ölüm hallarının sayı 2024-cü ildəki 10,93 milyondan 11,31 milyona yüksəlib.
Əhalinin 23 faizini 60 və yuxarı yaşda olanlar, 15,9 faizini isə 65 və yuxarı yaşda olanlar təşkil edir. Fudan Universitetinin mütəxəssislərinin fikrincə, Çin 2034-cü ildə (65 yaşdan yuxarı əhalinin nisbəti 21 faizi keçdikdə) dərin qocalma mərhələsinə qədəm qoyacaq.
16-59 yaş arası əhalinin sayı 851 milyon nəfərdir və onun ümumi əhalidəki payı 60,6 faizə düşüb.
İlin sonunda ümumi əhalinin sayı təxminən 1,4 milyard nəfər təşkil edib. Əhalinin 716 milyon nəfəri kişi, təxminən 688 milyonu qadındır.
Pərvanə Sultanova



